“Əvvəllər elə düşünürdüm ki, Elçibəy rus ordusunu Azərbaycandan çıxarmaqda tələsib…”

“Bu ölkənin imperiyapərəst dairələri daim bir əli ilə də olsa, işğalçı, terrorçu ermənilərə dəstək verib və verir…”

“Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük müzəffər savaşından sonra Rusiyanın 10 Noyabr razılaşması əsasında Azərbaycan torpaqlarına sülhməramlı missiyasıyla daxil olmuş qüvvələri bizə qarşı tamamilə qeyri-adekvat, təxribat xarakterli addımlar atırlar. Dövlətimiz hələ ki, buna böyük səbir nümayiş etdirir. Ancaq xalq arasında narazılıq getdikcə artır. Əsas narazılıq ondan ibarətdir ki, ölkəmizə sülhməramlı adıyla gəlmiş qüvvələr dövlətimiz tərəfindən beynəlxalq cinayətkar elan edilərək axtarışa verilmiş separatçı-terrorçu xunta rəhbərliyi ilə çox mehriban şəkildə görüşür, onlarla müzakirələr aparırlar…”

Sozcu.az xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında DİN-in sabiq idarə rəisi, 1988-1990-cı illərin əvvəlində Nazirliyin orqanı olan “Mübariz keşikdə” qəzetinin əməkdaşı və baş redaktoru kimi çalışmış istefada olan polkovnik Mehman Mehmanov söyləyib.

“Bilirsiz, əvvəllər mən belə düşünürdüm ki, rəhmətlik eks-prezident Əbülfəz Elçibəy 1992-1993-cü illərdə Rusiya qoşunlarının Azərbaycan Respublikası ərazisindən çıxarılması haqda qərar verməkdə səhv edib, tələsib. Və hesab edirdim ki, Gərək biz bir az gözləyəydik, rus zabitlərinin köməyi ilə öz ordumuzu quraydıq, onların silah və texnikalarından yararlanaraq Qarabağı ermənilərdən azad edəydik, sonra bu ordunu çıxaraydıq… Lakin zaman keçdikcə Rusiyanın Qarabağın işğalı zamanı və sonra işğalçı Ermənistana verdiyi siyasi-iqtisadi, hərbi dəstəklərin şahidi olduqca, Rusiya ordusunun, hərbi kəşfiyyatının 2008-ci ildə Gürcüstanda, 2014-cü ildən bəri Ukraynada, Krımda və s. törətdiklərini və nəhayət, bu gün Qarabağda etdiklərini gördükcə, öyrəndikcə Elçibəyin səhv etmədiyinə, bu addımı vaxtında atdığına əmin oldum. Bir düşünək; əgər Rusiya artıq 29 yaşlı müstəqil bir dövlət olduğumuz, güclü orduya, iqtisadiyyata yiyələndiyimiz bir vaxtda bizə qarşı belə təxrubatlara yol verirsə, o zaman çıxarılmasaydı, 1990-cı illərdə müstəqilliyimizin körpəlik çağlarında, dövlətimizin, ordumuzun yenicə formalaşdığı dövrlərdə onsuz da etdiklərindən əlavə daha nələr edərdi? Bəlkə də o halda Qarabağda daha böyük, dəhşətli faciələr, işğallarla üzləşərdik. Yəni sübut olunur ki, yüz illər keçsə də, Rusiyanın şovinist, imperiyapərəst dairələri öz xislətini, üslubunu dəyişmir, daim bir əli ilə də olsa, işğalçı, terrorçu, separatçı ermənilərə dəstək verib və verir… Əlbəttə, söhbət bütövlükdə rus xalqından yox, hakim qüvvələrdən gedir…” -deyə sabiq idarə rəisi bildirib.

Facebook Comments