“Azərbaycan Ordusu qaldığı yerdən davam etməlidir”

“Atəşkəsin pozulmasında Kremlin barmağı var”

“Rusiya istəyir ki, beynəlxalq sülhpərvər qüvvələrin Qarabağa gəlişini əngəlləsin”

Erməni silahlıları Xocavənd rayonunda növbəti təxribata əl atıblar. Rayonun Ağdam (Akaku) kəndi istiqamətində ərazidə gizlənmiş 6 nəfərlik quldur dəstəsi Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Müdafiə Nazirliyinin məlumatına əsasən, xain hücum nəticəsində bir nəfər hərbi qulluqçumuz, əsgər Elmir Qənbərov şəhid olub. Emin Əliyev adlı əsgər isə yaralanıb. Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin bütün üzvləri məhv edilib. Vurğulanıb ki, bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcək. Hadisədən sonra açıqlama verən Ermənistan Müdafiə Nazirliyi həmin istiqamətdə heç bir bölməsinin olmadığını və heç bir əməliyyatda iştirak etmədiyini iddia edib.

Xatırladaq ki, 10 noyabrda imzalanan Bəyanata görə, erməni silahlıları rus sülhməramlılarının yerləşməsinə paralel olaraq ərazilərimizi tərk etməli idilər. Rus sülhməramlıları tələsik Qarabağa gəlsə də, erməni ordusunun qalıqları hələ də Azərbaycan ərazilərini tərk etməyib. Ekspertlərin fikrincə, Xankəndi və ətraf rayonlarda gizlənmiş silahlı dəstələr tamamilə bölgədən çıxarılmalıdır. Çünki bənzər təxribatların baş vermə ehtimalı böyükdür. Təxribatları rus sülhməramlıları ilə əlaqələndirənlər də var. Onların fikrincə, Rusiya bölgəyə tam nəzarət etmək üçün müxtəlif ssenarilər hazırlayır. Yəni ermənilər vasitəsilə terroru davam etdirməklə, həmin ərazilərin “təhlükəli” olduğu mesajını verir. Həmçinin, bölgədə öz hərbçilərinin sayını artırmağa səy göstərir. Ona görə də Azərbaycan tərəfi yubanmadan Türkiyə qoşunlarını bu ərazilərə yerləşdirməli və anti-terror əməliyyatlarını davam etdirməlidir. Bir sözlə, Rusiya Azərbaycanı “sürünən” müharibəyə çəkir. Həmişə olduğu kimi hiyləgər və çoxbaşlı oynayır. Halbuki, sülhməramlılar ərazisində olduqları dövlətin qanunlarına istisnasız olaraq əməl etməli və icrasına görə məsuliyyət daşımalıdır. Lakin Rusiya sülhməramlılarının sərgilədiyi davranışlar Azərbaycan qanunvericiliyi ilə ziddiyyət təşkil edir. Onlar nəinki etnik erməniləri Azərbaycan qanunlarına əməl etməyə dəvət edir, hətta bu qanunların pozulması məqsədi ilə separatçılar üçün əlverişli şərait yaradırlar.

Təxribatla bağlı fikirlərini “Şərq”lə bölüşən “Azərbaycan-Erməni” Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı bildirib ki, erməni silahlı qüvvələri bölgədən birdəfəlik təmizlənmədikcə belə teraktlar olacaq. Professor bildirib ki, erməni siyasi rəhbərliyi son çıxışında Hadrutun Azərbaycanın nəzarətində qalmasını qəbul etmədiyini bildirir:

“Bir çox erməni terror təşkilatları da açıq bəyan edirlər ki, partizan müharibəsini davam etdirəcəklər. Razılaşma son nəticədə sülh danışıqlarına səbəb olmazsa, belə insidentlər qaçılmaz olacaq. Jirayr Sefilyanın başçılıq etdiyi “Sasna Tsrer” adlı radikal qrupun üzvləri Qarabağdadır. Rus sülhməramlıları da bunlardan yararlanmağa çalışırlar.

Prezident Vladimir Putin illik mətbuat konfransında Qarabağdakı sülhməramlıların sayının artırılmasını istisna etməmişdi. Belə çıxır ki, Moskva atəşkəsin pozulmasında maraqlıdır və burada öz hərbçilərinin sayını artırmaq istəyir.

Bunu həm də ona görə edir ki, beynəlxalq sülhpərvər qüvvələrin regiona gəlişini əngəlləsin. Amerika və başqa dövlətlər Qarabağa Skandinaviya ölkələrindən olan sülhməramlı qüvvələrin gətirilməsini istəmişdi. Həmin plan qüvvədə qalır. Rusiya məhz bundan narahatdır, çünki rus sülhməramlılarının beynəlxalq mandatı yoxdur.

Azərbaycan Rusiyadan erməni terrorçu qüvvələrinin, ümumən erməni ordu hissələrinin işğaldan azad olunmuş ərazilərdən çıxarılmasını tələb etməlidir. Əgər şərtlərimizə əməl edilməsə, qaldığımız yerdən hərəkətə keçməliyik. Rusiya sülhməramlıları öz missiyanı yerinə yetirmir və bölgədə öz maraqlarına uyğun işlərlə məşğul olurlar”.

Facebook Comments