Vətən uğrunda!

Ceyhun Zirəddin oğlu Mirzəyev:

Doğulub: 12.08.1996-cı il, Tovuz rayonu, Əyyublu kəndi;

Əbədiyyətə qovuşub: 09.11.2020, Laçın rayonu…

Ceyhun 2002-ci ildə Eyvaz Bayramov adına Əyyublu kənd tam orta məktəbinin I sinfinə gedib. Şagird olduğu dövrdə məktəbin ictimai işlərində həmişə fəal iştirak edib. 2013-cü ildə tam orta məktəbin XI sinfini bitirib.

Məktəbə adı verilən Eyvaz Cəmşid oğlu Bayramov (12.07.1971-16.01.1993) I Qarabağ Müharibəsinin şəhididir. Vətəncanlılıq, torpağa, xalqa bağlılıq atadan-anadan, qan yaddaşından, ana südündən keçdiyi kimi, məktəb plan-proqramından, dərslərdən, fədakar müəllimlərdən də keçir, görünür məktəbin adının da energetikası vardır… Şəhid adı daşıyan məktəbin şagirdi olmaq şərəfli, şərəfli olduğu qədər də məsuliyyətlidir. Bu məktəbin 1992-ci ildən bəri neçə şagirdi şəhid olub: Azər Şəmşəd oğlu Məmmədovla (27.07.1973-27.07.1992) başlayan bu müqəddəs yol günümüzdə Vahid Elşad oğlu Qurbanovla (27.01 2001-04.11.2020), Ceyhun Zirəddin oğlu Mirzəyevlə davam edib. Şəhidlərimizə min rəhmət, yaralı qazilərimizə tezliklə sağalmağı arzu edərkən, məktəbin bundan sonrakı şagirdlərinə can sağlığı, Vətənimiz uğrunda gözəl işlərə, ixtiralara, yeniliklərə imza atmalarına arzu və təmənna edirik. Qoy onların uğurları şəhidlərimizin ruhunu şad edsin!

Ceyhun 2014-cü ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedib. 2016-cı ilin aprel döyüşlərinin fəal iştirakçısı olub. 2020-ci il Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Zəngilan, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə fədakarlıqla iştirak edib. Həmin rayonların bir çox yaşayış məntəqlərinin alınmasında xidmətləri olub. Laçın uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Ceyhun doğma Əyyublu kənd qəbirstanlığında torpağa tapşırılıb.

O, Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu medal ona, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib.

Vətən Müharibəsinin “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhidi Ceyhun Mirzəyevin atası Zirəddin Əsəd oğlu Mirzəyev və anası Qiyafət Qarakişi qızı Mirzəyevaya ilə görüşdük, dərdləşdik, uğurlaşdıq. Şəhid ata-analarını qürurlu gördüm. Şəhid ata-anasına yaraşan bu qürurlu duruş, fəxarətli ömürdür.

Başınızı dik tutun, şəhid valideynləri!

Başın sağ olsun, Vətən!

Oğlu üçün yalnız ailəsinə deyil, bütövlükdə Vətənə başsağlığı vermək hər kəsə nəsib olmur…

Vətənimiz, dövlətimiz, xalqımız var olsun!

Qənirə Paşayeva,

MM-in Mədəniyyət komitəsinin sədri

Facebook Comments