“Putinin bu fikirləri əslində təhdiddir”

“Rusiya prezidenti Vladimir Putin hər ilin sonunda keçirdiyi ənənəvi mətbuat konfransında Dağlıq Qarabağla bağlı əvvəl sərgilədiyi mövqeni bir daha bəyan etdi. Onun sözlərinə görə, Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycanın tərkib hissəsi sayılır və Qarabağın statusu dəyişməz olaraq qalmalı və gələcəkdə həll olunmalıdır.

Bu iki fəqli fikir, əslində hər iki tərəfə, həm Ermənistana və həm də Azərbaycana yumşaq dillə desək mesaj və olduğu kimi təqdim etsək təhdiddr”.

Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, Putin bununla bildirmək istəyir ki, Qarabağın bu günü və gələcəyi tərəflərin özlərini necə aparmasından, daha doğrusu ruslardan asılıdır.

“Noyabrın 10-dan etibarən rus qoşunlarının Qarabağda yerləşməsi hər iki ölkəni, ilk növbədə hazırkı hakimiyyətləri, həm də hər iki ölkənin yaxın gələcəyini Rusiyadan tam asılı vəziyyətə salıb. Əslində əvvəllər də hər iki ölkənin hakimiyyətləri Putindən asılı vəziyyətdə olub, sadəcə Paşinyanın hərdən həyata keçirmək istədiyi müstəqil siyasət təşəbbüslərinə ona dərs verilməklə bu dəfə son qoyulub.

Hazırkı vəziyyətdə Azərbaycanın Rusiyanın arzuolunmaz təsir dairəsindən çıxmaq üçün edə biləcəkləri Ermənistandan daha çoxdur. Odur ki, Azərbaycan aşağıdakı 3 sahədə təxirəsalınmaz tədbirlər həyata keçirməlidir:

1) Türkiyə ilə bütün sahələrdə, xüsusilə də hərbidə əməkdaşlıq gücləndirilməli

2) Maliyyə və insan resurslarından daha rasioal istifadə olunmalı

3) Vətən müharibə dövründə siyasi hakimiyyətlə xalq arasında yaranmış həmrəylik qorunmalı və möhkəmləndirilməlidir.

Belə olan halda biz nələr etməliyik?

1) Türkiyə ilə hərbi mütəffiqlik (əməkdaşlıq deyil, məhz mütəffiqlik) sazişi imzalamaqla Azərbaycan-Türkiyə Hərbi İttifaqının yaranmasına nail olmalıyıq. Türk ordusunun Azərbaycanda təlim və hazırlıq bazalarını formalaşdırmaqla, peşəkar ordu yaratmalı, silahlı qüvvələrin texniki silahlanma, bilik və bacarıqlarını daim artırmalıyıq.

2) Azərbaycanın üstün maliyyə və insan resurslarına əsaslanmaqla bütün sahələr üzrə gerçək islahatlar aparmalı, milli iqtisadiyyatın şaxələndirilmiş, institutlara bağlı olan dayanıqlı və insan resurslarına əsaslanan davamlı inkişafına nail olmalıyıq. Bu isə heç şübhəsiz ki, təhsilin inkişafından və yeni texnologiyaların mənimsənilməsindən asılı olacaq.

3) Xalqın etimadını doğruldan hakimiyyət komandası formalaşdırmalı, hökumət, məhkəmə, prokurorluq, hüquq mühafizə və ədliyyə sistemi korrupsionerlərdən təmizlənməli, siyasi hakimiyyətlə biznes hakimiyyəti ayrılmalı, parlament müxalif siyasi partiyaları təmsil edən qanun yaradıcılarından, peşəkarlardan ibarət qanunverici instituta çevrilməlidir. Azad biznes, müstəqil vətəndaş cəmiyyəti və mətbuatın inkişafı üçün hüquqi və tənzimləyici baryerlər aradan qaldırılmalı, işsizlik və yoxsulluğa qarşı effektiv mübarizə vasitələri ilə əhalinin rifah halı yaxşılaşdırılmalıdır”.

Facebook Comments