Erməni əsgəri Qarabağdan niyə çıxarılmır? – Bəyanat pozulur

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan Şirak bölgəsinin əsir düşmüş 73 sakininin aqibətini öyrənmək üçün Qarabağa gəlib. Ermənistan tərəfi öz vətəndaşlarının əsir düşməsini 10 noyabr tarixli üçtərəfli razılaşmanın pozulması kimi qiymətləndirib və Azərbaycanı ittiham edib.

Əsir düşən şiraklıların qohumları isə Ermənistan hakimiyyətini hərbi qulluqçuları Qarabağa göndərməkdə və onları taleyin ümidinə buraxmaqda ittiham ediblər. Əgər biz, 10 noyabr tarixli üçtərəfli sazişə istinad etsək, Ermənistan silahlı qüvvələri dekabrın 1-nə qədər Dağlıq Qarabağ da daxil olmaqla, bütün işğal edilmiş ərazilərdən çıxarılmalı idi. Amma əsir düşən şiraklıların söylədiklərindən belə məlum olur ki, erməni hərbi qulluqçular 3 gün bundan öncə, təxminən dekabrın 14-də Qarabağa göndəriliblər. Baş qərargah rəisi Onik Qasparyanın əsassız ittihamlarından fərqli olaraq, bu fakt onu sübut edir ki, məhz Ermənistan hakimiyyəti özünün istinad etdiyi üçtərəfli sazişi qəsdən və kobud şəkildə pozub. Digər vacib məqam bundan ibarətdir ki, dekabrın 1-dən sonra əsir götürülənlər 10 noyabr tarixli sazişin təsiri altına düşmədiyi üçün “hamının hamıya” prinsipi ilə dəyişdirilə bilməzlər. Sözügedən əsirlər hərbi dövrə aid ən ciddi məsuliyyət daşımalıdır.

Onu da qeyd etmək yerinə düşər ki, Ermənistan baş qərargah rəisinin istinad etdiyi üçtərəfli bəyanatın 4-cü bəndində Rusiya sülhməramlılarının ərazidə hansı şərtlər müqabilində yerləşdirilməsi göstərilib. Qeyd olunub ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Həm Qasparyanın timsalında Ermənistan hakimiyyətinin davranışı, açıqlamaları, həm də əsir düşən erməni hərbçilərinin valideynlərinin söylədikləri sübut edir ki, bu məsələdə Yerevanla yanaşı, Moskva da öhdəliyini pozub. Rusiyalı sülhməramlılar silahlı erməniləri ərazidən çıxarmaq, tərkisilah etmək əvəzinə nəinki onların hərəkətlərinə göz yumur, hətta Ermənistandan əlavə döyüşçülərin regiona gətirilməsinə də seyrçi qalırlar.

“Ümid” Partiyasının sədri İqbal Ağazadə mövzuya dair Yenisabah.az saytına açıqlamasında bildirib ki, hazırkı hadisə üçtərəfli sazişin bəndlərinin yerinə yetirilməsinə prinsip etibarı başlanılmadığı görüntüsünü yaradır. Partiya sədrinin sözlərinə görə, ümumiyyətlə Azərbaycan ərazisində başqa ölkələrin strukturları hərbi güc saxlaya bilməz:

“Amma Araik Harutyunyan 2021-ci il üçün hərbi xidmətlə bağlı hansısa “sərəncam” imzalayır. Bunlar qısa zamanda masa üzərində həll olunmalıdır. Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan bu məsələlərin hamısını birgə müzakirə etməlidir.

Bilinməlidir ki, kimin səlahiyyəti nədir, kim hansı vəzifəni yerinə yetirir, hansı bəyanatlar verilə bilər və onları kimlər verə bilər. Ona görə hesab edirəm ki, bu məsələlər hələlik tam şəkildə aydınlaşmayıb. Azərbaycanın işğaldan azad olunan ərazisindəki meşələrdə gizlənən, partizan müharibəsi aparmaq niyyətində olanlara birmənalı olaraq terrorçulara olan münasibət sərgilənməlidir. Onlar hamısı cinayət məsuliyyətinə cəlb olunmalıdır. Ermənistan tərəfinin həmin şəxslərin əsir kimi dəyişdirilməsi ilə bağlı tələbi əsassızdır. Çünki, o terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyatı Azərbaycan Silahlı Qüvvələrinin hərbi birləşmələri deyil, Dövlət Təhlükəsizliyi Xidmətinin qüvvələri həyata keçirib. Bu zaman ələ keçən hər hansı terrorçu, cinayətkar Azərbaycan qanunları ilə mühakimə olunmalı, məsuliyyətə cəlb olunmalıdır”.

Facebook Comments