“Xaspolad 13 ildən sonra dünyaya gəlmişdi, Allah onu mənə gec vermişdi, tez aldı”- şəhid anası-FOTOLAR

Xaspolad Qasımov 1993-cü ildə Xızı rayonunun Giləzi qəsəbəsində doğulmuşdu. Hələ uşaq yaşlarından qəhrəmanlığı ilə seçilən Xaspoladın ən böyük istəyi də elə hərbçi olmaq idi. 2013-cü ilin iyul ayında hərbi xidməti bitirən Xaspolad 2016-cı ilin dekabr ayına qədər hərbi hissədə sürücü vəzifəsində xidmət edib. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin təməl kursunu bitirib, 2017 ci ilin may ayında “Kəşfiyyatçı atıcı”, 2019-cu ildən isə Xüsusi Əməliyyatın Kəşfiyyatçısı vəzifəsinə təyin edilib. Gizir rütbəsini daşıyan şəhidimiz peşəsini daha da təkmilləşdirmək üçün xarici ölkələrdə də kurs keçib, təltif olunub. Xaspolad Qasımov əks hücum başlayanda xüsusi təyinatlı kimi öz şücayətini göstərib. Lakin oktyabr ayının 6-da Fizuli istiqamətindəki döyüşlərdə şəhid olub. Xaspoladın anası Nüşarə Qasımova Moderator.az-a oğlunun 13 ildən sonra dünyaya gəldiyini bildirib.

“Onun yolunu çox gözləmişəm. Xaspolad 13 ildən sonra dünyaya gəlmişdi, Allah onu mənə gec vermişdi, amma tez aldı. İlk övladım idi. Mehriban, sözəbaxan, çox hərəkətli, bir sözlə cəld uşaq idi. Zəhmətkeş olub, özü üçün ev tikib, qardaşına maşın alıb, hamıya əl tutub. Heç bir hərəkəti ilə bizi incitməyib. Xüsusi Təyinatlı Qüvvələrdə çalışırdı, kəşfiyyatçı idi. Ona görə də evdə çox olmurdu, üzünü az görürdük, işdən gələn kimi əlini boynuma salırdı, öpüb qucaqlayırdı məni. O mənim iki gözümün nuru idi, Xaspolad ölməyib, şəhid olub. Ən uca zirvəyə yüksəlib” deyə şəhidimizin anası bildirib.

Xaspoladın atası oğlunun döyüş yoldaşlarını xilas edərkən şəhidliyə ucaldığını bildirib.

“ Döyüş yoldaşı danışır ki, dəmir “branjilet”-i çıxarıb atırdı ki, bu ağırdır, bununla döyüşmək olmur. Həmişə yoldaşları ona deyib ki, özünü qoru, o isə hər dəfəsində “narahat olmayın, mənə heç nə olmaz” deyirdi. Sonuncu dəfə oktyabrın 3-də zəng etdi, ətraflı danışdıq. Mənim doğum günümü təbrik etdi. Dedim ki, nə doğum günü? Siz cəbhədəsiz, hamınızdan nigaranıq. “Narahat olmayın, gələrəm həm sənin, həm öz, həm də oğlumun doğum gününü bir yerdə qeyd edərik”dedi.. Elə bil ki, şəhid olmaq ürəyinə dammışdı.. Sonuncu telefon danışığımız elə o zəng oldu. Ondan sonra nə qədər zəng etsəm də telefonuna zəng çatmadı. Sonra şəhid olmaq xəbərini aldıq. Buradan şəhid analarına və atalarına demək istəyirəm ki, başınızı dik tutun, çünki siz ən şərəfli yolda canını fəda edən qəhrəman övladların valideynlərisiz” deyə şəhidimizin atası bildirib.

Qeyd edək ki, hələ sağlığında bir çox medal və diplomlarla mükafatlandırılan Xaspolad Qasımov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Facebook Comments