Qlobal enerji balansında karbohidrogenlərin payı növbəti 20 ildə 8 faiz bəndi azalacaq

Rusiyanın Energetika Nazirliyi 2040-cı il üçün qlobal enerji balansında neft-qazın payının indiki 54%-dən 46%-ə enəcəyini proqnozlaşdırır.

“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın energetika nazirinin müavini Pavel Sorokin deyib.

Onun sözlərinə görə, azalma bərpa olunan enerji mənbələrinin, bioenerji və hidrogenin aktiv tətbiqi sayəsində baş verəcək.

P. Sorokin onu da vurğulayıb ki, 2040-cı il üçün ümumi enerji balansında neftin payı 31%-dən 23%-ə, kömürün isə 26%-dən 19%-ə düşəcək. Eyni zamanda, qazın payı 23%-dən 25%-ə, bərpa olunan enerji mənbələrinin 2%-dən 8%-ə, bioenerjinin isə 9%-dən 11%-ə qədər artacağı gözlənilir.

“Enerji keçidi baxımından böyük təzyiqləri müşahidə edəcəyik. Əgər indi qıobal enerji balansında neft və qazın payı 50%-dən çox, kömürlə birlikdə isə 80%-ə yaxınlaşırsa, o zaman 2040-cı üçün karbohidrogenlərin payı azalacaq”, – P.Sorokin qeyd edib.

Facebook Comments