“Murovda 3 gün təminatsız qaldıq, yarpağı qayanın üstünə qoyurduq ki, şeh olsun dodaqlarımıza çəkək”

“Mübarizin şəhid olduğu postda yeddi saat yarım döyüş getdi və postu aldıq”

İkinci Qarabağ Savaşında iştirak edən hərbçilərimizdən biri də MAXE Ziya Telman oğlu Quliyevdir. Beləliklə, Moderator.az Z.Quliyevlə müsahibəni təqdim edir:

– Ziya, ilk öncə özünü təqdim edərdin, oxucularımız səni tanıyardı…

– Quliyev Ziya Telman oğlu. 1989-cu ildə Cəlilabad rayonunda anadan olmuşam. Əvvəllər Cəlilabad İcra Hakimiyyətində işləmişəm. Bununla yanaşı, uzun müddət basketbolla məşğul olmuşam. Bu sahədə məşqçi kimi də fəaliyyətlərim olub. Hazırda isə MAXE kimi Xüsusi Təyinatlı Dəstədə xidmət edirəm.

– Döyüşlərə necə qatıldın bəs?

– Mən dostlarımla daim ordumuza dəstək olurdum. Əsgərlərimizə baş çəkirdik, imkanımız daxilində onlara lazım olan köməyi edirdik. Tovuz döyüşlərindən sonra isə bu fəaliyyətimiz daha da sürətləndi. Biz orduya “TIR”larla təkərlər göndərməyə başladıq. Daha sonra isə özüm orduda xidmət etmək üçün müraciət etdim.

– Cəbhənin hansı istiqamətlərində əməliyyata başladınız?

– Biz Xüsusi Təyinatlılar Murov dağı istiqamətində əməliyyata başladıq və oranı təmizlədikdən sonra Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postu da alaraq irəlilədik. Daha sonra Ağdərə istiqamətində döyüşlər getdi. Talış və Suqovuşan kəndlərini işğaldan azad etdik. Mübarizin şəhid olduğu postda yeddi saat yarım döyüş getdi və postu aldıq. Orda ayağımdan yaralandım və üç gün müalicə olunduqdan sonra yenidən döyüşlərə qatıldım.

– Mübarizin şəhid olduğu postda necə əməliyyat keçirildi?

– Orda yeddi saat yarım döyüş getdi. Çünki düşmən postu ona görə vermək istəmirdi ki, oranı azad etdikdən sonra istehkamı qırmış olurduq. Bundan sonra isə qalan postları almaq çox asan idi. Ona görə də düşmən çalışırdı ki, bu postu verməsin. Oktyabrın 2-də biz o postu düşməndən azad etdik.

– Siz hərbçilərin və şəhidlərimizin sayəsində torpaqlarımız işğaldan azad olundu. Hansı hissləri keçirirsiniz?

– Biz çox qürur hissi keçiririk. Hazırda Cəlilabaddan yeganə hərbçiyəm ki, dekabrın 10-da Zəfər paratında mən də iştirak edəcəm. Bu bizim namuq, qeyrət borcumuz idi. Bu torpaqları şəxsən şəhidlərimizin qanı hesabına almışıq.

– Düşmən necə müqavimət göstərirdi əsgərlərimizə?

– Düşmən Azərbaycan əsgərinə qarşı çox qorxaqdır. Onlar üzbəüz döyüşü bacarmırlar. Əsas da Xüsusi Təyinatlılardan çox qorxurlar. Elə olurdu ki, yoldaşlar əməliyyata gedəndə deyir ki, yollara xışıltı səsi verən nə varsa, tökürdülər ki, kəşfiyyatın gəldiyini eşitsinlər. Amma yenə də mümkün olmurdu.

– Döyüşdə daha maraqlı və yaddaqalan hansısa əməliyyatınız olubmu?

– Yaddaqalan əməliyyatlardan biri Mübarizin şəhid olduğu postda yeddi saat yarım döyüşün getməsidir. Bundan sonra Murov istiqamətində dəniz səviyyəsindən 3400 kilometr yüksəklikdə olduq. Ora çox soyuq idi, yüksəklik olduğuna görə ora təminat çatdırmaq çətin olurdu. Üç gün bir yarpaq götürürdük qoyurduq qayanın üstünə ki, şeh olsun və onu dodaqlarımıza çəkək. Daha sonra Suqovuşanda üç gün yağış yağdı və paltarlarımız bir həftəyə əynimizdə qurudu. Elə şeylər var ki, onu sözlə ifadə etmək olmur.

Facebook Comments