Türkiyədə tikinti sahəsində uçqun: ölənlər var

Türkiyənin Şanlıurfa şəhərində tikinti sahəsi üçün beton tökülərkən uçqun baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində beş işçi dağıntılar altında qalıb. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Lakin onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Ukrayna bir çox effektli silah hazırlayıb - Zelenski

Ukrayna bir çox effektli silah hazırlayıb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Tərəfdaşlarımızı daha güclü Avropa arsenalları üçün əməkdaşlığa, birgə istehsala dəvət edirik”, - Zelenski bildirib.

İsrail BMT-nin Livandakı qüvvələrinə atəş açdı

BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNİFİL) İsrail qüvvələrinin Livanın cənubunda onlara atəş açdığını bildirib. Sozcu.az xəbər verir ki, bu barədə sülhməramlılar bəyanat yayıblar. “Bu səhər İsrail ordusu Livan ərazisində qurduğu mövqenin yaxınlığından “Merkava” tankından UNİFİL sülhməramlılarına ağır pulemyotlardan atəş açıblar. Bu atəş İsrail və Hizbullah arasında 2006-cı ildə baş verən münaqişəyə son qoyan və həmçinin ötən ilin noyabr ayında atəşkəsin əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin ciddi şəkildə pozulmasıdır”, - bəyanatda qeyd olunub.

Qəzzada ölənlərin sayı 70 minə yaxınlaşır

İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 17 nəfər fələstinli ölüb. Sozcu.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, son 72 saat ərzində İsrail Müdafiə Ordusunun regiona endirdiyi zərbələr nəticəsində Qəzza zolağının xəstəxanalarına 17 ölü və 3 yaralı daxil olub. 2023-ci il 7 oktyabr tarixində silahlı münaqişənin kəskinləşməsindən indiyədək Qəzza zolağında 69 483 nəfər ölüb, 170 706 nəfər yaralanıb.

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək – XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-70% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərə qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-19° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.

Murovdağa qar yağıb - FAKTİKİ HAVA

Saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə arabir yağış, Murovdağ yüksəkliyinə isə zəif qar yağıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Xaçmaz, Quba, Zərdab, Biləsuvarda 1 mm-dək qeydə alınıb. Biləsuvar, Cəfərxan, Şəmkir, Şəki, Şamaxı, Xaltan, Yevlax, Göyçay, Lerik, Daşkəsən, Göygöl, Qax, İsmayıllı, Qobustan, Altıağacda duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18, Naxçıvan MR 17, Aran rayonlarında 19, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1362-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 158 260 hərbçi, 11 353 ədəd tank, 23 591 ədəd zirehli döyüş maşını, 34 469 ədəd artilleriya sistemi, 1 543 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 244 hava hücumundan müdafiə sistemi, 428 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 67 464 ədəd avtomobil texnikası, 81 286 ədəd PUA, 3 940 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 4 000 xüsusi avadanlıq itirib.

Oğuzda oğul anasını qətlə yetirdi

Oğuz rayonunda qətl hadisəsi baş verib. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Bayan kəndində qeydə alınıb. Kənd sakini, 47 yaşlı Zahidə Qəhrəmanova kəsici alətlə xəsarət yetirilməsi nəticəsində hadisə yerində dünyasını dəyişib. Qətlin törədilməsində şübhəli şəxs kimi onun 15 yaşlı oğlu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Dəhlizin tikintisi başa çatmaq üzrədir – İlham Əliyev

Əminəm ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. Sozcu.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxışı zamanı səsləndirib. “İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək”, - dövlət başçısı əlavə edib.

Səxavət Soltanlı: “Təhsil Nazirliyi nə etdiyini bilmir"

Səxavət Soltanlı: “Təhsil Nazirliyi nə etmək lazım olduğunu bilmir, yoxlanmamış ideyalarla təhsili daha da çətin vəziyyətə salır” Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı Təhsil Nazirliyinin son qərarlarını kəskin tənqid edib. Onun sözlərinə görə, nazirlik hansısa addımlar atmaq istəsə də, nə etməli olduğunu dəqiq bilmədiyi üçün “ağlasığmaz və analiz olunmamış” ideyalarla çıxış edir. Soltanlı bildirib ki, müəllimləri səhərdən axşama qədər məktəbdə saxlayan sistem həm onları fiziki, həm də mənəvi olaraq tükəndirir: “Təhsil Naziri müəllimi məktəbə qapatmaqla, onu yorub əldən salmaqla olan-qalan təhsili də məhv etməsə, görünür, düzələnə oxşamır,” – deyə o, vurğulayıb. Onun sözlərinə görə, aylıq cəmi 40 manat verilən sinif rəhbərliyi məsələsi indi bütün müəllimlərin üzərinə yüklənmək istəyir. Soltanlı hesab edir ki, əgər nazirlik sinif rəhbərliyini gücləndirmək istəyirsə, əvvəlcə bu vəzifəyə ciddi məvacib ayrılmalı, sinif rəhbərləri şagirdlərlə, valideynlərlə və fənn müəllimləri ilə koordinasiyalı şəkildə işləyə bilməlidirlər. O, həmçinin məktəblərin real şəraitinə toxunub: “Otaq çatışmazlığı üzündən bir sinifə 35–40 şagird yığan nazirlik dərsdən sonra hansı otaqlarda müəllim və valideynlərə şərait yaradacaq? Bölünməli olan şagird qruplarını bölməyib büdcəyə qənaət edən nazirlik indi birdən-birə nədən comərd olub?” Səxavət Soltanlı iddia edir ki, bu qərarların tətbiqi təhsilin keyfiyyətini daha da aşağı salacaq: “Əgər Təhsil Nazirliyinin dediyi kimi olarsa, bir aydan sonra təhsilin indiki pis vəziyyəti daha da pisləşəcək.” O, nazirliyi sinif rəhbərlərinin maaşını və məsuliyyətini artırmağa çağırıb, müəllimlərin, şagirdlərin və valideynlərin yersiz yüklənməsinə qarşı çıxıb. Soltanlıya görə, problemi həll etməyin yolu geniş ictimai müzakirələrdən keçir: “Təhsildə çıxış yolu sadə deyil. Geniş ictimai müzakirə açılmalıdır. Problemsiz müzakirə olmadan çıxış yolu tapılmır.”

Estoniya buna görə Ukraynaya 3,5 milyon avro ayırdı

Estoniya İT koalisiyası çərçivəsində "Starlink" rabitə sistemlərinin alınması üçün Ukraynaya 3,5 milyon avro ayırıb. Sozcu.az xəbər verir ki, bunu Estoniya müdafiə naziri Hanno Pevkur bildirib. Onun sözlərinə görə, Ukrayna özü "Starlink" rabitəsinin təmin edilməsi üçün dəstəyə ehtiyac olduğu barədə məlumat verib: "Ukraynanın yüksək sürətli internet bağlantısı tələb edən dronların sayını əhəmiyyətli dərəcədə artırmaq istəyini nəzərə alaraq "Starlink"in imkanları xüsusilə vacibdir. Silahla yanaşı, informasiya və texnologiya dəstəyi də kritik əhəmiyyət daşıyır. Buna görə də şadam ki, biz Ukraynanın İT imkanlarının təkmilləşdirilməsinə kömək edə və bununla da hər gün yüzlərlə insanın həlak olduğu müharibədə onun qələbə şansını artıra bilərik".

Ərdoğandan Kipr açıqlaması: Heç vaxt tək qoymayacağıq!

Milli mübarizəmiz olan Kipri ​​heç vaxt tək qoymayacağıq. Sozcu.az xəbər verir ki, bu barədəTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) qurulmasının 42-ci ildönümü münasibətilə X hesabında etdiyi paylaşımda bildirib. “Sizi Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 42-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qəhrəman şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə can sağlığı arzulayıram. Kiprin türk xalqı ilə həmrəyliyimizi hər sahədə gücləndirməyə davam edəcəyik”, - Ərdoğan qeyd edib.

Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha nə qədər BAHALAŞACAQ?

Dabaq xəstəliyinin yaratdığı ajiotaj nəticəsində heyvan ətinin qiyməti kəskin bahalaşıb. Son 10 gün ərzində isə qiymətlər sürətlə artmağa başlayıb. Sozcu.az Bizim.media-ya istinadla xəbər verir ki, əvvəl bir kiloqramı 22-23 manata satılan quzu əti hazırda 32 manata təklif olunur. Mal ətinin qiymətində isə 2-3 manat artım var. Bahalaşma davam edəcək? Məsələyə münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli açıqlamasında bildirib ki, bahalaşmanın iki səbəbi var: "Birinci səbəb odur ki, ölkəmizdə heyvanların sayı ilbəil azalır. Belə olan təqdirdə tələb təklifi üstələyir və bahalaşma davam edir. Üstəlik payız-qış aylarında ət məhsullarına tələbat artıb. Bu da qiymətlərə təsir edən əsas amillərdəndir. Amma hazırkı bahalaşmanın əsas səbəbi süni əngəllərdir. Məlumdur ki, dabaq xəstəliyi ilə bağlı bölgələrdəki heyvan bazarları bağlanıb. Eyni zamanda heyvanların daşınması da qadağan edilib. Bununla belə Bakıda və digər şəhərlərdə restoran və şadlıq evləri öz fəaliyyətlərini davam etdirirlər. Ət qıtlığından şikayət edən də yoxdur. Deməli, kimlərsə müxtəlif yollarla yenə də heyvan daşıyırlar. Bu daşıma isə məlum səbəblərdən kifayət qədər baha başa gəlir. Ona görə də ətin qiyməti bu qədər bahalaşır. Bahalaşma ən azı qadağalar aradan qaldırılana qədər davam edəcək".

Naxçıvanda iki avtomobil toqquşdu - 2 nəfər xəsarət aldı

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralında qeydə alınıb. Hadisə zamanı "Hyundai" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Qəzada 2 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

ABŞ icazə verdi: 3,5 milyardlıq raket satışı...

Tramp Administrasiyası Almaniyaya 3,5 milyard dollar dəyərində raket satışına icazə verib. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. Bildirilib ki, Almaniya RTX şirkətinin istehsalı olan 173 ədəd “Standard Missile 6” (SM-6) və 577 ədəd “Standard Missile 2” (SM-2) raketləri ilə bağlı müvafiq avadanlıqları satın almaq üçün müraciət edib. ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyi (DSCA) açıqlamasında bildirib ki, sistemlər Almaniyaya cari və gələcək təhdidlərə cavab verməyə kömək edəcək. Həmçinin vurğulanıb ki, bu addım Berlinin ABŞ və digər müttəfiq ordularla əməkdaşlıq imkanlarını artıracaq. Nəşr yazır ki, daha əvvəl ABŞ rəsmiləri Brüsseldəki müttəfiqlərinə “güclü Avropanın Rusiyanı gələcək təcavüzlərdən çəkindirməli olduğunu bildirib. Qeyd olunub ki, müttəfiqlər iyun ayında müdafiə xərclərini ümumilikdə 5 faizə, “sərt müdafiə” adlandırılan xərcləri isə 3,5 faizə çatdırmaq barədə razılığa gəliblər.

Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1361-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 157 400 hərbçi, 11 350 ədəd tank, 23 588 ədəd zirehli döyüş maşını, 34 443 ədəd artilleriya sistemi, 1 541 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 244 hava hücumundan müdafiə sistemi, 428 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 67 396 ədəd avtomobil texnikası, 80 877 ədəd PUA, 3 940 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 998 xüsusi avadanlıq itirib.

Bu ölkə F-35 almaq istəyir - Tramp

Səudiyyə Ərəbistanı F-35 qırıcılarını almaq istəyir və mən də bu barədə fikirləşirəm. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib. “Əslində, onlar bir neçə döyüş təyyarələri almaq istəyirlər”, - Tramp əlavə edib.

İranlı ilə əlbir olub Bakıda narkotik satmaq istədi - Video

Suraxanıda əməliyyat keçirilib, üzərindən 10 kiloqram marixuana aşkarlanan narkokuryer saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat zamanı əvvəllər də dəfələrlə məhkum edilmiş 35 yaşlı Vüqar Məhəmmədov saxlanılıb. Ondan bağlamalarda 10 kiloqram marixuana aşkarlanaraq götürülüb. V.Məhəmmədov narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Suraxanı rayonu ərazisindən götürdüyünü, həm şəxsi istifadəsi, həm də satış məqsədilə ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Gəncədə 17 yaşlı oğlanın ölümü ilə bağlı şok detallar

10:10 Gəncədə 17 yaşlı piyada maşın vurması nəticəsində ölüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisədən əvvəl 2008-ci il təvəllüdlü Ə.Qurbanov VAZ-2107-in sürücüsü, Gəncə şəhər sakini 1997-ci il təvəllüdlü Ə.Fərzəliyevlə mübahisə edib. Mübahisədən sonra Ə.Qurbanov sürücü Ə.Fərzəliyevin ayağına bıçaqla, daha sonra isə başına daşla xəsarət yetirib. Ə.Qurbanov hadisə yerindən uzaqlaşsa da, Ə.Fərzəliyevin VAZ-2107 ilə onu qəsdən vurduğu bildirilir. Ağır xəsarət alan Ə.Qurbanov xəstəxanaya aparılıb. Müayinə zamanı onun öldüyü məlum olub. Məlumata görə, 17 yaşlı Ə.Qurbanov hadisə baş verən gün Ə.Fərzəliyevin avtomobilini qaçırıbmış. Hadisədən sonra VAZ 2107-in sürücüsü polisə təslim olub. Ə.Qurbanovun atasının Gəncə şəhərində kriminal aləmlə əlaqəsinin olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Kəşmirdə polis məntəqəsində partlayış: 7 ölü, 27 yaralı

Ötən gün gecə saatlarında Hindistanın nəzarətində olan Kəşmirdə polis məntəqəsində müsadirə edilmiş çoxlu sayda partlayıcının partlaması nəticəsində azı 7 nəfər ölüb, 27 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb. Bildirilir ki, ölənlərin əksəriyyəti polis idarəsində saxlanılan partlayıcı maddələrə baxış keçirən polis əməkdaşları və məhkəmə-tibb ekspertləridir. Ölənlərin sayı arta bilər, beş yaralının vəziyyəti hələ də ağırdır.

İki qurumdan BİRGƏ ƏMƏLİYYAT: Altı nəfər saxlanıldı, iki tona yaxın yararsız ət aşkarlandı - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə keçirdiyi əməliyyat nəticəsində iki tona yaxın yararsız ət məhsulu aşkar olunub. Bu barədə DİN-dən məlumat verilib. Keçirilən əməliyyat zamanı Bakının Nizami rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız ət məhsullarının satıldığı aşkarlanıb. Nəticədə həmin məntəqənin sahibi olan Elnur Ağayev, eləcə də onun rəhbərliyi altında işləyən Habil Zülfüqarov, Rüfət Daşdəmirov, Telman Mirzəyev, Əmrah Babayev və Əhliman Məcidov saxlanılıblar. Sexə baxış zamanı iki tona yaxın standartlara cavab verməyən keyfiyyətsiz ət məhsulu aşkar olunub. Araşdırmalarla müəyyən edilib ki, E.Ağayev və digərləri xəstə, həmçinin artıq təsərrüfatda istifadəsi mümkün olmayan iribuynuzlu heyvanları ucuz qiymətə alıb emal edəndən sonra keyfiyyətli ət məhsulu adı altında satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib. Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiq edilib.

Zavoddakı qəzada həlak olan şəxs tanınmış hərbçi imiş - FOTO

Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib. Qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub. Sozcu.az Qaynarinfo-ya istinadla xəbər verir ki, qəza nəticəsində dünyasını dəyişən Adil İsmayılov Sınaq Sahəsinin rəisi vəzifəsində çalışıb. 1969-cu il 3 sentyabrda Yardımlı rayonunun Arus kəndində anadan olan mərhum 1993-1994-cü illərdə Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində Ağdərə və Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. 1994-2010-cu illərdə Daxili Qoşunlarda xidmət edib. Xidmət müddətində Xidmətdə fərqlənmə döş nişanı, Qüsursuz Xidmətə görə medalın I, II, III dərəcələri və Yubiley medalları ilə təltif olunub. 2010-cu ildə mayor rütbəsində ehtiyata buraxıldıqdan sonra Müdafiə Sənayesi Nazirliyinin müəsisələrinin birində Mühəndis-sınaqçı, daha sonra Sınaq Sahəsinin rəisi vəzifəsində çalışıb. 44 günlük Vətən müharıbəsi zamanı MSN istehsal olunan məmulatların tətbiqi və istismarına etdiyi köməyə görə mükafatlandırılıb. Ailəlidir, 3 övladı var.

Azərbaycan Rusiyaya nota verdi

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı, 14 noyabr tarixində təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib. Son partlayış nəticəsində Səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu zərbənin insan tələfatına səbəb olmadığı qarşı tərəfə bildirilib. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu kimi raket hücumlarının əvvəllər də baş verdiyi xatırlanıb. Xüsusilə, 2022-ci il 10 mart tarixində Azərbaycan Respublikasının Xarkiv şəhərindəki Fəxri Konsulluğunun binasına aviazərbə nəticəsində inzibati binanın ciddi dağıntılara məruz qaldığı və xidməti avtomobilin yararsız hala düşdüyü qeyd edilib. Bununla yanaşı, 2024-cü il yanvarın 2-də Rusiya tərəfindən "Kinjal" raketi ilə həyata keçirilən hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasından təqribən 35 addım məsafədə diametri təxminən 3 metr olan krater yarandığı və yer səthindən 8 metr dərinlikdə detonasiya baş vermədiyi üçün partlamamış sursat aşkar edildiyi bildirilib. 2025-ci il avqustun 28-də isə Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinə təxminən 50 metr məsafədə endirilmiş hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasının və konsulluq şöbəsinin, Səfirin rezidensiyasının zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan dəydiyi diqqətə çatdırılıb. Eyni zamanda, 8 və 18 avqust 2025-ci il tarixlərində Odessa vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları edildiyi, nəticədə işçilərin xəsarət aldığı infrastruktura böyük zərər vurulduğu xatırlanıb. Bütün bu faktların, raket hücumlarının məqsədli olması barədə suallar yaratdığı vurğulanıb. Eyni zamanda, bütün bu faktlara dair Rusiya tərəfinə əvvəllər rəsmi notalarla məlumat verildiyi, həmçinin Ukraynadakı diplomatik təmsilçiliklərimizin yerləşdiyi binaların koordinatlarının hələ 2022-ci ilin aprel ayında Rusiya tərəfinə təqdim edildiyi, koordinatların Rusiya Müdafiə Nazirliyi tərəfindən nəzərə alınacağının bildirildiyi xatırlanıb. Görüşdə, diplomatik təmsilçiliklərimizə bu kimi hücumların qəbiledilməz olduğu diqqətə çatdırılıb, Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb olunub.

Şirvanda silah zavodunda partlayış: ölən var

Bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin saytında məlumat yerləşdirilib. Qeyd edilib ki, qəza nəticəsində müəssisənin əməkdaşı Adil Balaş oğlu İsmayılov həlak olub. Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.