“Koroğlu Azərbaycanın bir kəndini də qaytarmayıb, amma Lerikdən, Qusardan olan bir qəhrəman əlindəki bıçaqla Şuşanı geri qaytarıb”

“Həmişə müsahibələrimdə demişəm ki, Azərbaycan ziyalısı Azərbaycan əsgərindən çox geridəymiş”

“Müharibənin birinci mərhələsi Azərbaycan xalqının, əsgərinin və özünü təsdiq edən millətinin, o cümlədən bu proseslərin memarı olan Ali Baş Komandanın birliyi zəminində böyük qələbəsidir”

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında yazıçı, jurnalist Orxan Fikrətoğu deyib:

“Müharibənin birinci etabı Azərbaycan xalqının əsgərinin və özünü təsdiq edən millətinin, o cümlədən bu proseslərin memarı olan Ali Baş Komandanın birliyi zəminində böyük qələbəsidir. İndi biz ikinci mərhələni yaşayırıq və bu daha çətin və daha sorumlu bir mərhələdir. Çünki bu mərhələdə məsələyə beynəlxalq qurumlar, bölgə gücləri, dünyanı idarə edən güclər qatılır. Təbii ki, bu diplomatik masa üzərində də qələbə çalmaq qələbəmizi təmin edərdi. Burda nə baş verdi? Deməli, Co Baydenin ABŞ-da hakimiyyətə gəlməsi və onun planlarından birinin Rusiyayla bağlı olması gündəmdə olduğundan Rusiyanın Türkiyəylə həm Suriyada, həm də digər bölgələrdə müəyyən mənada yaxınlaşması prosesi baş verdi. Bu fürsətdən Azərbaycan diplomatik müstəvidə çox yerində və məqamında yararlana bildi. Eyni zamanda, Türkiyənin özünün də Qafqaza NATO ölkəsi kimi bir daha qayıdışı (Əslində bizim timsalımızda türklər Qafqazda həmişə yaşayıb) zəminində də bu proseslər baş verdi. Bildiyiniz kimi Hulusi Akarla Şoyqunun nümayəndə heyətləri artıq iki gündür ki, Türkiyədə Qarabağ zonasında Mərkəzin yaradılması məsələsiylə bağlı danışıqlar aparırlar. Bu mərkəzin yaradılmasında Türkiyənin fəal olması və aktiv bazada Azərbaycana gəlişi düşünürəm ki, Naxçıvan dəhlizinin açılışıyla bərabər, Azərbaycan üçün Şuşanın azad olunması qədər çox mühüm amillərdir. Çünki böyük Turanın yaranması, böyük Türk Dünyasının artıq quru yolla bir-birinə bağlı olması prosesi baş verir.

Qaldı ki, Rusiya bölgəyə sülhməramlılarıyla qayıtmasaydı, biz Zəngilan rayonu tərəfdən İranla sərhəddə və Ermənistandan azad etdiyimiz Qubadlı istiqamətində olan sərhədlərdə birmənalı olaraq bir bufer zona yaradılmalı idi. Çünki ermənilər sərhəddən mütəmadi olaraq atəş açacaqdı və biz də məcbur olub onlara cavab verəcəkdik. Sülhməramlı qüvvələrin yaranması və bu prosesin baş verməsi düşünürəm ki, bufer zonalar problemindən Azərbaycanı xilas etdi. Təbii ki, mən də bütün xalqım kimi düşünürəm ki, biz Xankəndini almaq ərəfəsində qalib ordumuzun bütün bölgələri aldıqdan sonra zəmin və danışıqlar başqa cürmü olacaqdı, bunu mən deyə bilmərəm. Ortada olan fakt budur ki, artıq bu üçtərəfli saziş imzalanıb və mən şəxsən düşünürəm ki, biz Kəlbəcərin, Laçının və Ağdamın qaytarılmasını gözləyirik. Ondan sonra bu sazişin nə qədər Azərbaycan xalqına yazılan kimi xidmət edəcəyinin şahidi olacağıq. Amma təbii ki, Rusiyanı da sizin qədər tanıyıram və onun müəyyən mənada Qafqazda olan maraqlarını bilirəm. Rusiya bununla özünü həm Ermənistanda bərkitdi, həm də Paşinyan administrasiyası ona sərf etmirdi. Bu zəmində Azərbaycanın öz torpaqlarına sahib olması böyük qələbədir. Biz şəhidlərimizin, qazilərimizin olduğu fonunda bütün rayonlarımızı işğaldan azad edəcəyimizi düşünürük. Yeddi rayon məsələsi həyata keçərsə, Dağlıq Qarabağda ermənilərin yaşaması artıq problem olacaq. Rusiyanın onların arxasında durmadığı zəmində onlar yeni bir havadar axtarışındadırlar. Bu havadar Fransa da, Amerikanın Bayden dönəmi də ola bilər. Məsələn, Naxçıvan dəhlizinin açılışı ilk dəfə Amerika diplomatlarının dilindən səslənib. Müəyyən mənada Amerikanın özündə də bu məsələ sürpriz deyil. Amma Baydenin birmənalı olaraq Rusiyanı özünə rəqib seçməsi, təbii ki, Rusiyanı məcbur etdi ki, Türkiyəylə yaxınlaşsın. Türkiyə-Rusiya birliyi isə əslində zaman-zaman Rusiyanın tərkibində yaşayan türk toplumunun gec tez bir Avrasiya şəkilində şəkillənməsinə gətirib çıxaracağına işarədir.

Əslində M.Ə.Rəsulzadə “Əsrimizin Siyavuşu” əsərində bizim İran-Turan problemlərimizdən danışıb. Əli bəy Hüseynzadənin də bu mövzuda böyük mətnləri var. Bu reallıqda Azərbaycanın masa üzərindəki etapda çox fəal olması gərəkdir. Burda şərtlər odur ki, Türkiyə ordusu mütləq Azərbaycanda, Qarabağda təmsil olunmalıdır. Bunun üzərində dayanıb, həyata keçirmək lazımdır. Çünki türk adının, bayrağının Qarabağda olması düşünürəm ki, ermənilər nə vaxtsa Qarabağda planlaşdıra biləcəyi terrorunun qarşısını alacaq. Burda ən böyük məsələ düşünürəm ki, Azərbaycan xalqının özünə böyük inamı oldu və bu mühüm məsələdir. Biz qalib əsgər sindromunu özümüzə qaytardıq. Təəssüf ki, həmişə müsahibələrimdə demişəm ki, Azərbaycan ziyalısı, Azərbaycan əsgərindən çox geridəymiş. Məsələn, 18 yaşlı uşaqlar həqiqətən də qan yaddaşlarıyla əlbəyaxa döyüşdə Şuşanı geri ala bildilər. Bu çox böyük məsələdir. Burda bir çox dairələr, qrant təşkilatları Azərbaycana Qarabağı unutdurmağı çalışırdılar. Amma çox tez, 40 günün içində toparlanmış, ruhsal mənada öz türk mənliyinə qayıtmış qəhrəman əsgərlər əslində bizim miflərimizdən böyük oldular. Məsələn, Koroğlu Azərbaycanın bir kəndini Azərbaycana qaytarmayıb, amma Lerikdən, Qusardan olan bir qəhrəman əlindəki bıçaqla Şuşanı geri qaytarıb. Bu ruh cəmiyyəti dəyişəcək, bundan sonra bir kəndi belə ermənilərə verə bilmərik, çünki bizim artıq qalib ordumuz var, ən böyük qələbə budur. Amma ikinci etabda Türkiyə ordusuyla yanaşı, bizim xüsusi xidmət orqanlarımızın işğaldan azad etdiyimiz bölgələrdə güclü bir dövlətçilik zəmini yaratması bu gün çox vacibdir. Mən inanmıram ki, hansısa erməni öz tövləsində balta gizlətməyəcək. Çünki ermənilər yaşamaq zehniyyətinə malik deyillər. Ermənilər müharibəni uduzublar, amma bunu anlamaq istəmirlər”.

Facebook Comments