İranda etirazlar: 16 nəfər öldü, 582 etirazçı həbs edildi

İranda həftə ərzində iğtişaşlarda ən azı 16 nəfər öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə İranda fəaliyyət göstərən "HRANA" hüquq təşkilatı məlumat yayıb. "Bununla yanaşı, 582 nəfər həbs edilib", – məlumatda bildirilib. Buna səbəb inflyasiyaya qarşı etirazların bütün ölkəni əhatə etməsi və nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmaların baş verməsidir. Xatırladaq ki, daha əvvəl Elam vilayətinin Məlikşah şəhərində iğtişaşçıların polis idarələrindən birinə daxil olmağa cəhd göstərməsi nəticəsində silahlı qarşıdurma baş verib və üç nəfər həlak olub. Qeyd edək ki, İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində son üç ildə ən böyük etiraz aksiyaları keçirilir.

Artıq Bakı və İrəvan arasında ticarət münasibətləri yaradılıb - Əliyev

Artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətləri yaradılıb. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edərkən deyib. Əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyən dövlət başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğulayıb. Azərbaycan Prezidenti regional sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini bildirib. Dövlət başçısı artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını deyərək, bu xüsusda Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini, həmçinin Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən keçməklə Ermənistana ixracının həyata keçirildiyini vurğulayıb.

QIRMIZI SÜKUT

Hava Moskva ətrafındakı o adsız qəsəbənin üzərinə qurğuşun kimi çökmüşdü. Göy üzü sanki ağlamaq istəyir, amma bacarmırdı. Asfaltın rütubəti, havada asılı qalan yadlıq hissi və o görünməz, qara əl... O əl hələ ailə vətəni tərk edib bir çamadana sığışanda onların taleyinə toxunmuşdu. Onlar günəşi unutmuşdular. Sığındıqları rütubətli zirzəmidə divarların tərləməsi deyil, sanki bu ailənin bəxtinin göz yaşları idi. Ata hər səhər sübhün alatoranlığında, hələ şəhər oyanmamış, bir kölgə kimi evdən süzülürdü. Polisin ağır addımları küçədə əks-səda verəndə nəfəsini udur, divara qısılırdı. Bir axşam o kölgə geri dönmədi. Ana qapının ağzında saatlarla dayandı, amma gələn yalnız dəhlizin soyuq mehi oldu. Ertəsi gün polis şöbəsində ona uzadılan o kağız parçası sanki buzdan idi. "Könüllü." Mistik bir ironiya... Aclığın, qorxunun və sənədsizliyin qısqacında olan bir adamın seçimi nə qədər "könüllü" ola bilərdi? O an qadın hiss etdi ki, əri artıq bir insan deyil, o görünməz əlin qanlı oyununda sadəcə bir rəqəmdir. Ata artıq Moskvada deyildi. O, Ukraynanın şərqində, palçığın qana qarışdığı, göy üzünün barıt tüstüsündən görünmədiyi bir cəhənnəmdə — Baxmut yaxınlığında idi. Üstünə geyindirilmiş hərbi forma bədəninə yad, əlindəki silah isə ruhuna ağır gəlirdi. Yanındakı əsgərlər söyüş söyür, səs-küy salırdılar, amma o, susurdu. Həmin vaxt Moskvada ana məktəbin dəhlizlərini silirdi. Hər dəfə döşəməni sildiyi əskini sıxanda sanki öz ömrünü sıxırdı. Həmin gün məktəbin içində qəribə bir sükut vardı – divarlar nəfəsini tutmuşdu. Birdən cəbhədə dəhşətli bir partlayış qopdu. Ata səngərin dibinə qısılmışdı. Yanındakı gənc oğlanın bədəni bir saniyənin içində parça-parça oldu. İsti qan atanın üzünə sıçradı. O, dəhşət içində əlləri ilə üzünü sildi. O an Moskvada məktəbin yuxarı mərtəbəsindən boğuq bir fəryad, sonra isə sürətli qaçış səsləri eşidildi. Müdiriyyət təlaşla ananı ikinci mərtəbəyə çağırdı. Dilini bilmədiyi bu insanların əl-qol hərəkətləri vahiməli idi. Dəhlizin ortasında nəhəng, qara-qırmızı bir gölməçə vardı. Qan laxtalanmışdı... Ana diz çökdü. Əskini o isti qırmızı mayeyə batırdı. Qəribə bir sızıltı keçdi ürəyindən. Əlləri titrəyirdi. Vedrədəki su saniyələr içində tünd qırmızı rəngə boyandı. O, bilmirdi ki, həmin an övladının qanını vedrəyə sıxıb tökür. Elə bil ki, görünməz əl onun çiyinlərindən basır, onu bu qanın içində boğmaq istəyirdi. Həmin dəqiqələrdə Ukraynanın düzənlərində ata sonuncu dəfə ayağa qalxdı. Bir snayper gülləsi havada görünməz bir cığır açaraq onun köksünə saplandı. Ata yerə yıxılarkən ağzından çıxan son nəfəs Moskvadakı məktəbin pəncərəsində buğa çevrildi. Eyni saniyələrdə məktəbin həyətində on altı yaşlı bir "yerli" şagirdin bıçağı dəhlizdə yaraladığı on yaşlı "yad" uşağın boğazını kəsmişdi. Ata uzaq bir tarlada can verərkən, oğlu məktəbin soyuq asfaltına yıxılaraq son dəfə anasını səsləyirdi. Pəncərədən aşağı baxanda ana izdihamı gördü. Polis maşınlarının göy-qırmızı işıqları rütubətli havada qanlı qığılcımlar kimi rəqs edirdi. Naməlum bir qorxu onu aşağı apardı.  Yerdə uzanan o kiçik bədənin yanında bir çanta vardı. Üstündə kiçik bir cızıq – oğlunun dünən təmir etdiyi, üzərinə kiçik bir yapışqan vurduğu o çanta. Ana irəli atıldı, fəryadı göyün yeddinci qatında eşidildi. Amma o "görünməz əl" indi ağ əlcəkli polislərin simasında onu geri itələdi. "Sənədlərini göstər!" Yerdə oğlu can verirdi, uzaqlarda isə ərinin cəsədi sahibsiz qalmışdı, amma onlar üçün cansız bu iki bədən, sadəcə qeydiyyatsız bir rəqəm, bir "miqrant problemi" idi. O gün ana təkcə ailəsini itirmədi, həm də insanlığın və ədalətin qan içində boğulduğuna şahid oldu. Məhkəmə zalını buz kəsmişdi. Hakim anaya baxmadan hökmü oxudu: qanunsuz yaşayış, cərimə və deportasiya. Oğlunun qatili "yetkinlik yaşına çatmadığı" üçün yüngül cəza alarkən, cəbhədən ərinin ölüm xəbəri və cənazəsi gəldi. “Şimal ayısı” öz "vəzifəsini" yerinə yetirmişdi – bir əli ilə atasını müharibəyə göndərib öldürmüş, o biri əli ilə oğlunun qanını ona sildirtmişdi. Hava limanı hər zamankından daha soyuqdu. Ananın əlində tək bir çamadan yox idi. İndi onun yükü həm də iki ağır, soyuq və qara tabut idi. Biri ərinin — dövlətin "könüllü" qurbanının, o biri isə oğlunun — nifrətin qurbanının tabutu. Təyyarə buludların üzərinə qalxanda ana pəncərədən aşağı baxdı. Moskvanın işıqları parıldayırdı. Amma ana o işıqları qan-qırmızı rəngdə görürdü: dəhlizində öz əlləri ilə sildiyi, amma gözlərindən heç vaxt silinməyəcək övladının qanı idi o qan-qırmızı rənglər. İndi o, vətəninə qayıdırdı – gələndə üç nəfər idilər, gedəndə isə bir qadın və iki tabut dolusu sükut vardı təyyarədə. Əbil Həsən

ƏDALƏTİN QƏFLƏTİ - hekayə

Kənd camaatı Danabaş Ağanın əlindən bezmişdi. Danabaş Ağa – adı ağa, özü yırtıcı idi. Pula həris, acgöz, daşürək adamdı. Kimin pulu yox idisə, Ağa sələmə verərdi. Əvvəl bir manat, sonra bir yastıq yeri, axırda isə evin damını da söküb aparardı. Amma özü elə yaşayardı ki, guya göydən zənbillə düşüb. Qızılı qənd kimi yeyərdi, qırıq-qırtığı isə kənd camaatına çürük meyvə kimi tullayardı. Amma qadağayla: "Əlim dəyməsin, gözüm görməsin!" Camaat isə o çürük meyvəyə belə möhtac idi. Hamı Danabaş Ağadan qorxurdu. Heç kim Danabaş Ağaya səsini çıxarda bilmirdi. Ta ki, qonşu kənddən Ədalət kişi gəlib çıxana qədər... Ədalət kişi oxumuş adam idi. İynəli danışardı, dedikləri qaya kimi ağır gələrdi. Köhnə bir çap maşını vardı – dişsiz, cırıldayan. Çap maşını Ədalət kişinin çörək ağacı idi. Ədalət kişi bir gecə, Danabaş Ağanın kəndinə səssizcə girdi. Çap maşını ilə yazdığı elanları kəndin küçələrinə səpdi. Elanlarda yazılmışdı: "Adım CƏNAB-dır. Mənim itlərim sizin malınızı qoruyar. Bu itlər ‘YOX’ sözündən başqa heç nə bilməz. İcazəsiz bir əşyaya toxunsanız – əvvəl ‘yox’ deyəcəklər, sonra parçalayacaqlar.” Səhər kənd camaatı elanları oxudu. Camaat qorxuya düşdü: “Bu Cənab kişi kimdirsə, bizi Danabaş Ağanın əlartığından da edəcək. Amandır, ağa bu elandan xəbər tutmasın!” Amma kəndin içində satqınlar çox idi. Bu satqınlardan biri, elanı götürüb, cumdu Danabaş Ağanın villasına: – Ağa, bax, bu nədi? Danabaş Ağa yazını oxudu və qaşlarını çatdı. “Kimdi bu Cənab?! Çağırın gəlsin!” Elə həmin gün Cənab kişi gəlib çıxdı. Kostyumu qırışlı, gözləri parlaq, amma nitqi – ipək kimi. Danabaş Ağa ondan itlər istədi. Cənab qiymətləri ucaltdı – itlər bir ətək qızıla başa gəldi. Amma Danabaş Ağa razı idi, çünki malı-mülkü qorunacaqdı. İtlər sözə qulaq asan, görüb-götürmüş itlər idi. Kənddə kim Danabaş Ağanın bağında bir çürük almaya əl uzatsa, it əvvəlcə “yox” deyirdi sonra həmən adamı oradaca parçalayırdı. Danabaş Ağa itlərdən o qədər razı idi ki, təriflərini yerə göyə-sığdıra bilmirdi. Deyirdi: “Bax, bu itlər mənim kimi düşünür!” Bir gün həmən bu Cənab, yəni Ədalət kişi, kəndin ağsaqqalına yaxınlaşıb dedi: – Ay kişi, bu itlərin bir sirri var. Onlarla danışmağın bir yolu var ki, bu yoldan xəbər tutsanız, kənd əhli Danabaş Ağanın zülmündən qurtulacaq. Əgər itlərə siyasətlə desək: “Ay it, Danabaş Ağanın bağından bir alma yesəm, xətrinə dəyməz ki?” – it deyəcək ki, “Yox.” Elə bu “yox”la almalar da sizin olar, Danabaş Ağanın malı-mülkü də. Ağsaqqal başını sallayıb gülümsədi. Bu sirri kəndin içində güvəndiyi adamlara yaydı.  Kənd camaatı itlərə siyasətlə yaxınlaşıb, nəzakətlə müraciət edib, Danabaş Ağanın mallarını səssiz-səmirsiz əlindən çıxartmağa başladılar. Ədalət kişi isə hər gün Danabaş Ağanın yanında olurdu. Guya itlərə yeni komandalar öyrədirdi. Əslində isə Danabaş Ağanın başını qatırdı. Bir gün Danabaş Ağa villasının balkonunda oturmuşdu. Kəndə baxırdı. Birdən bir hay-küy qopdu. Villanın nəhəng qapıları açıldı, Danabaş Ağanın xəbərçisi qan-tər içində özünü ağanın ayaqları altına atdı: – Ağa, ağa itlər kənd camaatı ilə əlbir olub, malını mülkünü talan ediblər. Ağa, qoyma, məni də itlərə yedizdirmək istəyirlər! Qəzəbli kənd camaatı da, doluşdu həyətə. Danabaş Ağa yekə qara kürsüsündən sıçrayıb, ayağa qalxdı. Dana kimi böyürüb, Cənabı çağırdı: – Bu nə deməkdir?! İtlərə əmr et, məni qorusunlar! Əmr et, bu narkomanları, piyanskaları, və başıpozuqları cəzalandırsınlar! Amma Cənab – yəni Ədalət kişi – susdu. Bir kəlmə də danışmadı. Danabaş Ağa özü itlərə bağırdı: – Cənabı parçalayın! İtlər tərpənmədi. Ədalət kişi gülümsədi. İtlərdən birinə dedi: – Ay itlər, Danabaş Ağanın kürsüsündə otursam, xətrinə dəyməz ki? İtlər “yox” dedilər. Gəlib kürsünü Danabaş Ağanın altından çəkib, gətirib, Cənabın qarşısına qoydular. Danabaş Ağa iki əli ilə başına vurub: “Kül mənim başıma” - dedi.  Kənd camaatı qəh-qəhə çəkib güldü. Ədalət kişi kürsüyə oturub camaata səsləndi: – Ədalət dişlə, dırnaqla gəlməz. Elmlə, əqillə, səbrlə və siyasətlə gələr! Əbil Həsən

İranda etirazlar şiddətlənir - Daha 3 nəfər öldü

İranda etiraz aksiyaları zamanı toqquşmalar nəticəsində ölənlərin sayı artıb. Sozcu.az İran mediasına istinadən xəbər verir ki, şənbə günü günorta saatlarında İranın İlam əyalətində toqquşmalar zamanı 3 nəfər ölüb. Toqquşmalar nəticəsində daha bir neçə nəfərin də müxtəlif dərəcəli xəsarətlər aldığı barədə məlumat yayılıb.

Kanada Venesuelada baş verənləri dəstəkləyir - Karni

2025-ci ilin mart ayında Kanadanın yeni hökuməti tərəfindən atılan ilk addımlardan biri Nikolas Maduronun zülmkar və cinayətkar rejiminə əlavə sanksiyalar tətbiq etmək idi. Sozcu.az xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni özünün X səhifəsində yazıb. “Kanada 2018-ci il seçkilərini oğurladığından bəri qanunsuz Maduro rejimini tanımayıb. Buna görə də Kanada hökuməti Venesuela xalqı üçün azadlıq, demokratiya, sülh və rifah fürsətini alqışlayır. Venesuela xalqının demokratik iradəsinə hörmət edən dinc, danışıqlar yolu ilə və Venesuela rəhbərliyi altında keçirilən keçid prosesini dəstəkləyirik”, - o əlavə edib. Qeyd edək ki, ötən gün ABŞ ordusu Karakasa zərbə endirib və ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.

Venesuelanı Marko Rubio idarə edəcək

ABŞ Dövlət katibi Marko Rubio Venesuela Prezidenti Nikolas Maduronun həbsindən sonra ABŞ-ın Venesuelanı idarə etməsində aparıcı rol oynaya bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” adı açıqlanmayan ABŞ rəsmisinə istinadla məlumat yayıb. “Ağ Evin hazırda təxminən 30 milyon əhalisi olan neft ölkəsini idarə etmək üçün dəqiq bir planı yoxdur. Lakin ABŞ Prezidenti Donald Tramp ölkənin neft sənayesinə böyük diqqət yetirdiyini açıq şəkildə bildirib", - məlumatda bildirilib. Qeyd edək ki, ötən gün ABŞ ordusu Karakasa zərbə endirib və ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.

Prezident qoşunları riskə atır, milyardlarla dollar xərcləyir - Harris

Maduronun qəddar, qanunsuz bir diktator olması bu hərəkətin (ABŞ ordusunun Venesuelada əməliyyat keçirməsinin - red.) həm qanunsuz, həm də ağılsız olması faktını dəyişdirmir. Biz bu filmi əvvəllər də görmüşük. Rejim dəyişikliyi və ya neft uğrunda müharibələr güc kimi təqdim edilir, lakin xaosa çevrilir və Amerika ailələri bunun bədəlini ödəyir. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris özünün X səhifəsində yazıb. “Bu, narkotik və ya demokratiya ilə bağlı deyil. Söhbət neft və Donald Trampın regional güc rolunu oynamaq istəyi ilə bağlıdır. Əgər o, hər ikisinə əhəmiyyət versəydi, Maduronun yaxınları ilə sövdələşmələr apararkən məhkum edilmiş narkotik qaçaqmalçısını əfv etməz və ya Venesuelanın qanuni müxalifətini kənara qoymazdı. Prezident qoşunları riskə atır, milyardlarla dollar xərcləyir, regionu qeyri-sabitləşdirir. Amerikanın işləyən ailələr üçün xərcləri azaltmaq, qanunun aliliyini təmin etmək, ittifaqları gücləndirmək və ən əsası Amerika xalqını birinci yerə qoymaq prioritetləri olan liderliyə ehtiyacı var”, - Harris qeyd edib. Qeyd edək ki, ötən gün ABŞ ordusu Venesuelanın paytaxtı Karakasa zərbələr endirib və ölkə Prezidenti Maduro və onun həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.

Sabah 10 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq

Yanvarın 5-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət 55-65% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Maduro axmaq kimi davranırdı - Rubio

ABŞ Maduronu ələ keçirməklə 50 milyon dollar qənaət edib. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib. “Bu, Venesuela prezidentinin həbsinə kömək ola biləcək məlumat üçün təklif olunan məbləğdir. Maduroya dəfələrlə dinc yolla istefa vermək üçün çox yaxşı təkliflər edilib, lakin Nikolas axmaqcasına davranırdı", - o bildirib. Qeyd edək ki, ötən gün ABŞ ordusu Karakasa zərbə endirib və ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.

Rus işğalına səs verən Venesuala “haqqını” aldı: Sırada bu ölkədir!

ABŞ-ın Venesuelada həyata keçirdiyi 2 saat 20 dəqiqəlik xüsusi hərbi əməliyyat nəticəsində qondarma prezident Nokolas Maduronun həbs olunaraq Birləşmiş Ştatlara aparılması bütün dünyada geniş müzakirələr doğurub. Maduro, ondan əvvəl isə Venesuelanın keçmiş lideri Uqo Çaves beynəlxalq hüququ ayaqları altına atmışdı. Belə ki, 2009-cu il sentyabrın 10-da Uqo Çaves Venesuela Bolivar Respublikasının qondarma Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığını elan edərək belə demişdi: “Bizim Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini və suverenliyini tanımağımız tamamilə ədalətli və zəruri qərardır”. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib. “Çaves bu addımı Rusiyanın o zamankı Prezidenti Dmitri Medvedyevlə danışıqlar zamanı açıqlamışdı. Daha sonra 2010-cu ilin iyulunda Venesuelada rəsmi səfərdə olan Abxaziya nümayəndə heyətinə Venesuela Xarici İşlər Nazirliyinin “Abxaziya respublikası”nın müstəqilliyinin tanınması ilə bağlı rəsmi notası təqdim edilmiş, diplomatik əlaqələr qurularaq bir sıra sazişlər də imzalanmışdı. Rusiya ilə birlikdə 27 mart 2014-cü ildə BMT Baş Assambleyasında Ukraynanın bütün ərazisi üzərində suverenliyini təsdiq edən və Krımın və Sevastopolun statusunun dəyişdirilməsini rədd edən 68/262 saylı qətnamənin əleyhinə səs verən Venesuela Suriya, Sudan, Kuba, Zimbabve, Belarus, Boliviya, Ermənistan, Nikaraqua və Şimali Koreya ilə birlikdə Krımın işğalını dəstəkləyən azsaylı ölkələrdən biridir. Krımın işğalını dəstəkləyən Suriya və Sudanın başına gələnlərdən sonra belə görünür ki, ədalətin təcəlli sırası Venesuelaya çatıb”, - politoloq bildirib. Onun sözlərinə görə, Uqo Çaves və Nikolas Maduronun törətdiyi repressiyalara görə Venesuala əhalisnin ən azı üçdə biri ölkədən qaçıb: “BMT-nin bir hesabatında qeyd edilirdi ki, Maduro hakimiyyətə gəldikdən sonra səkkiz milyon insan vətənini tərk edib. Təxminən üç il əvvəl Maduro Venesuela ilə qonşu olan Qayananın ərazsinin üçdə ikisini təşkil edən, neft, qızıl və mis yataqları ilə Essekibo adlanan əraziyə iddia irəli sürərək, bu torpaqları Venesuelanın 24-cü ştatı elan etdi. Maduronun göstərişi ilə hazırlanan yeni xəritələrdə həmin ərazilər Venesulanın sərhədləri daxilində göstərilirdi. Rusiyadan aldığı 10 milyard dollarlıq silahla qoşunlarını silahlandırmış Maduro Qayananın üzərinə ordu göndərdi. Bayden adminstrasiyası çevik reaksiya verərərək Venesuelanı hərbi müdaxilə ilə təhdid etdikdən sonra Maduro qoşunlarını Qayana ilə sərhəddən geri çəkmək məcburiyyətində qaldı. Bütün bunlar Venesulada 1999-cu ildən bərqəarar olmuş rejimin nə qədər antibəşəri olmaqla yanaşı, beynəlxalq hüquqdan kənarda olduğunu təsdiqləyir. Nikolas Maduro dövlət hakimiyyətini qəsb etmiş quldur idi. Buna görə beynəlxalq hüquq ona toxunulmazlıq verə bilməz. Bəşəriyyət yalnız bir şeyə - ədalətin belə gec təcəlli etməsinə görə narahat olmalıdır. Heç şübhəsiz ki, ədalətin təcəlli sırası Rusiyaya da çatacaq. Hələlik isə belə görünür ki, Venesueladan sonra sıradakı İrandır”.

Kolumbiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı

Kolumbiya ABŞ-ın Venesuelaya hücumuna cavab olaraq BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə Kolumbiya Prezident Administrasiyasının İnzibati Departamentinin direktoru Anci Rodriges məlumat yayıb. "Kolumbiya bazar ertəsi günü BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb. Həmçinin Kolumbiyanın sədrlik etdiyi Amerika Dövlətləri Təşkilatının (ADT) Daimi Şurasının təcili iclası və Latın Amerikası və Karib Dövlətləri Birliyinin (LAKDB) xarici işlər nazirlərinin iclası üçün müraciət edilib”, - bəyanatda bildirilib. Qeyd edək ki, bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun həbsindən sonra Kolumbiya Prezidenti Qustavo Petroya ehtiyatlı olmağı tövsiyə edib.

Venesuelada vəziyyətin sülh yolu ilə həlli… - Koşta

Avropa Birliyi (AB) Venesuelada vəziyyətin sülh yolu ilə, demokratik və inklüziv həllini dəstəkləməyə davam edəcək. Sozcu.az xəbər verir ki, bu barədə AB Şurasının rəhbəri Antonio Koşta X sosial şəbəkəsində yazıb. "Venesueladakı vəziyyəti böyük narahatlıqla izləyirəm. AB münaqişənin deskalasiyasına və vəziyyətin beynəlxalq hüquqa və BMT Nizamnaməsində təsbit edilmiş prinsiplərə tam riayət olunmaqla həllinə çağırır. AB Venesuelada vəziyyətin sülh yolu ilə, demokratik və inklüziv həllini dəstəkləməyə davam etəcək", - o yazıb. A.Koşta həmçinin qeyd edib ki, Venesueladakı AB vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın üzv dövlətlərlə koordinasiyalı şəkildə həyata keçirdiyi səyləri dəstəkləyir. Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Daha sonra ABŞ Prezidenti Donald Tramp ordusunun Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşını ələ keçirdiyini açıqlayıb.

Zelenski Şmıqala baş nazirin müavini və energetika naziri vəzifəsini təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski Denis Şmıqala Baş nazirin birinci müavini və energetika naziri vəzifəsini təklif edib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti siyasətçi ilə görüşündən sonra öz teleqram kanalında yazıb.

Prezidenti pula görə kim satıb?

ABŞ hakimiyyəti Venesuela prezidenti Nikolas Maduronun yerini deyən şəxsə 50 milyon dollar mükafat elan etmişdi. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün prezidentin və xanımının həbsi məhz informatorun onların yerini deməsi sayəsində qısa zamanda uğurla yekunlaşıb. Həmin məlumatı öterən şəxsin kimliyi açıqlanmır. Onun Maduronun yaxın ətrafından biri olduğu bildirilir. 

ABŞ Maduro və xanımını hansı cinayətdə ittiham edib?

ABŞ Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresi narkoterrorizmdə ittiham edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Baş prokuroru Pamela Bondi X hesabında yazıb. Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Daha sonra ABŞ Prezidenti Donald Tramp ordusunun Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşını ələ keçirdiyini açıqlayıb.

Bakıda usta iş yerində qəfil öldü

Bakıda usta iş yerində ölüb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 2-si paytaxtın Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsindəki avtotəmir sexində baş verib. Orada usta işləyən 1961-ci il təvəllüdlü Məhəmməd Qasımov avtomobil təmir edərkən halı qəfil pisləşib. O. hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, M.Qasımov ürək çatışmazlığından ölüb. Faktla bağlı araşdırmalar aparılır.

ABŞ Maduro ilə həyat yoldaşını ələ keçirdi - Təcili

ABŞ qüvvələri Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşını ələ keçirib. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı böyük bir hücumu uğurla həyata keçirib. Maduro həyat yoldaşı ilə birlikdə tutularaq ölkədən çıxarılıb. Əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib. Təfərrüat daha sonra açıqlanacaq. Diqqətinizə görə təşəkkür edirik!", - Tramp bildirib.

Tramp Venesuelaya zərbələr endirmək barədə əmr verib

Tramp Venesuela daxilindəki hədəflərə zərbələr endirməyi əmr etdi. Sozcu.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, əmr hərbi obyektlərə zərbələr endirməyi də əhatə edir.

KİV: Venesuelanın müdafiə naziri öldürülüb

Venesuela müdafiə naziri Vladimir Padrino Lopes öldürülüb. Sozcu.az xəbər verir ki. bu barədə yerli media məlumat yayıb.  Nazirin Karakasdakı evinə ABŞ aviasiyasının zərbələr endirdiyi bildirilir. *** 11:13 Venesuela müdafiə naziri Vladimir Padrino Lopesin Karakasdakı evinə zərbələr endirilib. Sozcu.az xəbər verir ki, zərbələrin ABŞ Hərbi Hava Qüvvələri tərəfindən endirildiyi güman olunur. Hadisə zamanı nazirin evdə olub-olmadığı məlum deyil.

ABŞ Venesuelanı vurdu: partlayışlar...

10:45 ABŞ Hərbi Hava Qüvvələri Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Sozcu.az xəbər verir ki, Venesuelanın paytaxtı Karakas üzərində hava hücumu ilə bağlı həyəcan siqnalları çalınır. Məlumata görə, paytaxda bir çox istiqamətlərdə partlayış səsləri eşidilir, şəhərdə elektrik enerjisi kəsilib. Xarici KİV şəhərdə atışma səslərinin eşidildiyini yazır. ABŞ-ın Karakasda desant əməliyyatı həyata keçirdiyi bildirilir. *** Venesuelada atəş səsləri eşidilməkdə davam edir. Yerli mənbələr ABŞ Hərbi Hava Qüvvələrinin paytaxt Karakas və digər ərazilərdəki hərbi bazalara daha bir neçə zərbə endirdiyini bildirirlər. Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri Venesuela müdafiə naziri Vladimir Padrino Lopezin evinə də zərbə endirib. Karakas mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Venesuela üzərində hava məkanı tamamilə bağlanıb.

Maduro Venesuelada fövqəladə vəziyyət elan etdi

Venesuelaya hücumdan sonra Prezident Nikolas Maduro ölkədə fövqəladə vəziyyət elan edilməsi barədə fərman imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bundan başqa, Maduronun səfərbərlik elan etdiyi də bildirilib.

Gözünü və böyrəyini itirən qazi vəfat etdi

2016-cı ilin aprelində Ermənistanın təxribatı nəticəsində meydana gələn döyüşlərdə ağır yaralanan hərbi qulluqçu Rüstəm Cəmil oğlu Bayramov Gəncə şəhərində vəfat edib. Sozcu.az Gəncəxəbər.az-a istinadla xəbər verir ki, qazi Gəncənin Sevinc qəsəbəsində dünyasını dəyişib. Qeyd edək ki, 1981-ci il təvəllüdlü Rüstəm MAXE kimi çavuş rütbəsində xidmət edib. O, 2016-cı ildə Aprel döyüşləri zamanı ağır yaralanaraq bir gözünü və böyrəyini itirmişdi.

Bu rayonda qarın hündürlüyü 29 sm-ə çatdı – Faktiki hava

Gecə və səhər bəzi dağlıq ərazilərdə qar yağıb, Şərurda qarın hündürlüyü 29 santimetrə (sm) çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 1-i saat 11:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, qarın hündürlüyü Şərurda (Biçənək) 29, Qaxda (Sarıbaş) 17, Qusarda 12, Gədəbəydə 7, Şahbuzda 6, Sədərəkdə 5, Xınalıq, Qrızda 4, Şəki, Xaltan, Şahdağ, Culfada 1 sm-dir. Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Mingəçevirdə 26, Bakıda və Abşeron yarımadasında 24, Şahdağda 20 m/s-dək güclənib. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Aran rayonlarında 2, Naxçıvan MR-da və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.