Azərbaycan əsgərinin türk dronları ilə erməni ordusuna çəkdiyi dağ: İrəvan NATO-ya yalvarır

Şair Ramaldanov: “Paşinyanın yalnız bir müraciəti eşidilə bilər, bu da təslimiyyət müraciətidir”

Xəbər verdiyimiz kimi, Ermənistan Qarabağdakı hərbi əməliyyatlarda Azərbaycan tərəfinin dronlardan istifadəsinin qarşısını almaq üçün NATO-ya müraciət edib.

Moderator.az-a açıqlamasında Ermənistan tərəfinin bu gülünc müraciətini şərh edən hərbi ekspert Şair Ramaldanov, bunu dronların Ermənistan ordusuna cidid tələfat verməsi ilə izah edib:

“Erməni ordusunun dronlarımızın zərbəsi sayəsində böyük tələfatlar verdiyi məlumdur. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev də bildirmişdi ki, dronlarımızın zərbəsi nəticəsində düşmənin 1 milyard dollarlıq hərbi texnikası məhv edilib.

Ali Baş Komandanın dediyi kimi, Paşinyanın əyilmədiyi lider, müraciət etmədiyi qurum qalmayıb. NATO-ya da üz tutması da Paşinyanın çarəsizliyindən xəbər verir. Azərbaycanın Türkiyədən hansısa silah-sursat, yaxud dron alması ölkəmizin öz daxili işidir. Bunun nə Ermənistana, nə də NATO-ya bir aidiyyatı yoxdur. Bu dronları NATO yox, Türkiyə istehsal edib. Türkiyənin bu dronları kimə satacağı da Türkiyənin işidir. Hesab edirəm ki, Paşinyanın NATO-ya müraciəti bundan öncəki müraciətləri kimi heç bir nəticə verməyəcək.

Paşinyanın yalnız bir müraciəti eşidilə bilər ki, bu da Ermənistanın təslimiyyət müraciətidir. Paşinyan prezidentimizin sadaladığı şərtləri qəbul edərək təslim olduğunu bəyan etsə, o zaman onun bu müraciətinə Azərbaycan tərəfindən baxıla bilər”.

Facebook Comments