“Ordumuz Zəngəzuru da almalıdır ki, böyük türk dünyasının tarixi ərazisi birləşsin…”

“Dünyanın biz də daxil olmaqla bütün xalqları öz ərazi bütövlüyü uğrunda mübarizə apararkən şəhid verib. Şəhid olan hər kəs bu millətin hər bir evinin övladıdır, bu ağrını, acını hamımız yaşamalıyıq”

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında Şuşa Könüllü Özünümüdafiə batalyonunun-816 saylı hərbi birləşməsinin komandiri Fəxrəddin Səfərov deyib. Keçmiş komandir müharibəyə getmək üçün hər an hazır olduğunu bildirib:

“Bu gün millətimizin illərdir ki, arzu etdiyi günlərə çatırıq, torpaqlarımızı azad edirik. Ordumuza güvənirik. Allah şəhidlərimizə rəhmət eləsin. Təbiidir ki, torpaq uğrunda əgər qızğın müharibə gedirsə, şəhidlərimiz də, qazilərimiz də olacaq. Dünyanın biz də daxil olmaqla bütün xalqları öz ərazi bütövlüyü uğrunda mübarizə apararkən şəhid verib. Şəhid olan hər kəs bu millətin hər bir evinin övladıdır, bu ağrını, acını hamımız yaşamalıyıq. Bizim dünən bir neçə köhnə döyüşçümüz könüllü olaraq cəbhə bölgəsinə yola düşdülər. Bununla yanaşı, biz Şuşa-Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə döyüşə getmək üçün müraciət etmişik. Bundan başqa mən özüm Ali Baş Komandanımıza müraciət etmişəm. Köhnə döyüşçülərdən istifadə etməliyik, nə qədər yaşımız keçsə də, bunun fərqi yoxdur. Əslində indi təcrübəmiz var, döyüşü yaxşı görürük, manevri, taktiki gediş etməyi daha yaxşı düşünürük. Biz köhnə döyüşçülər döyüşmək istəyirik. Bu gün ordumuzda olan döyüşçülərimizin də əhval-ruhiyyəsi yaxşıdır, hər gün irəli gedirlər”.

F.Səfərov düşmənə havadarlıq edən ölkələri də tənqid edib:

“Rusiya və İran buna imkan versə, biz torpaqlarımızı işğaldan azad edəcəyik. 1992-93 və 94-cü ildə niyə demirdilər ki, hümanitar atəşkəs elan edilsin? Çünki onlar havadarlarıyla birlikdə, hərbi sursatı olmayan Azərbaycana qarşı bu addımı atmazdılar. Tarixən olduğu kimi qardaş Türkiyə indi də bizi dəstəkləyir. Böyük Pakistan nüvə silahı, müasir texnikası və güclü ordusu olan bir dövlətdir və o da bizi dəstəkləyir. Bununla yanaşı, bir neçə Avropa dövlətləri də bizə öz münasibətlərini bildirirlər və bundan Azərbaycanı həmişə işğal altında qoymaq istəyən Rusiya çox narahatdır. Mən 1992-ci il mayın 13-də televiziyada çıxışımda da demişəm və indi də deyirəm ki, Şuşanın işğal günü erməniylə yox, rusla döyüşmüşəm. Bu gün də ruslar ermənilərin yanındadır, hərbi sursatla onları təmin edir. Dünyanın heç bir dövləti Dağlıq Qarabağı bir dövlət kimi tanımırsa, bunlar bu qədər hərbi texnikanı hardan alıblar? Deməli burda silah qaçaqmalçılığı var. Hazırda da Rusiyanın şovinist ideyaları, mətbuatı bizə qarşı hücuma keçir. Amerika və Türkiyə televiziyasına prezidentimizin verdiyi müsahibə bizim dünyada kim olduğumuzu sübut etdi və ölkə başçısı dedi ki, Ermənistana silahı Rusiya verir, yəni ermənilərin əvəzinə siz döyüşürsünüz. Azərbaycan dövlətinin ərazi bütövlüyünü təmin etməməsi üçün üç dövlət erməniyə kömək edir və onlar da vaxtilə bizim acizliyimizdən istifadə edib, indi də ATƏT-in Minsk qrupunun üzvüdürlər. Makron Fransada prezident seçiləndən sonra Ermənistana gələndə orda əxlaqsız işlərlə məşğul olub və onu Türkiyənin kəşfiyyat orqanları çəkmişdilər. Əgər Fransa elitar bir dövlətdirsə, niyə onları ermənilər idarə edir. Rusiya özünə nəhəng dövlət deyir, amma onun bütün qurumları, mətbuatı erməninin əlindədir. Bəs rus ölüb, niyə yoxdu? Bu yaxınlarda öyrəndim ki, dünyanın hər yerindən imkanlı ermənilər Ermənistana şəxsi təyyarələri ilə silah-sursat göndərirlər. Bütün bunlara baxmayaraq otuz illik acımız hər birimizi təhrik edir, yumruq kimi birləşdirir ki, torpaqlarımızı işğaldan azad edək və buna da nail olacağıq. Şəhriyarın şeirində olduğu kimi: “Qalx ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan…”, yəni biz öz müstəqilliyimizi mütləq qazanmalıyıq. Otuz ildən artıqdır ki, biz sıxıntı içində yaşayırıq, dünyanın bütün millətləri bizə üstdən-aşağı baxırlar. Yəni bu mənada biz özümüzə qayıtmalıyıq. Ölüm də olacaq, şəhərlərimiz də dağılacaq, amma burda bir məsələ var, quru torpağımız olsun, amma onda bilək ki, azadıq. Allahın köməkliyi ilə Azərbaycan Ordusu Zəngəzuru da almalıdır ki, böyük türk dünyasının tarixi ərazisi birləşsin. Bu bizim tarixi haqqımızdır”.

Facebook Comments