Şərqi Azərbaycanın Vəkillər Kollegiyası Ermənistanı qınayıb, Azərbaycana dəstək verib

Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətinin Vəkillər Kollegiyası bəyanat yayaraq Azərbaycan Respublikasının işğalçılara qarşı haqlı mövqeyini dəstəkləyib.

Kollegiyanın İnsan Hüquqları komissiyası tərəfindən yayımlanan bəyanatda “Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq super güclərin dəstəyi ilə 30 ilə yaxın bir müddətdə Azərbaycan ərazisini işğal altında saxladığına” diqqət çəkilib.

“Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozaraq Azərbaycan Respublikasının ərazisini işğal etməsi nəticəsində yaranıb. Ermənistan Azərbaycanın müsəlman vətəndaşlarının torpağına və canına təcavüz etməklə yanaşı, azərbaycanlılara qarşı bir sıra beynəlxalq cinayətlər törədib. Bunun ən bariz nümunəsi Xocalı və Kəlbəcərdə törədilən soyqırımdır,” deyə bəyanatda bildirilib.

Vəkillər kollegiyası Azərbaycanın son hərbi əməliyyatlarını ölkənin ərazi bütövlüyü, eləcə də vətəndaşların həyatını qorumaq istiqamətində atılan addım olaraq dəyərləndirib.

Şərqi Azərbaycan vəkillər kollegiyasının İnsan Hüquqları Komissiyası əlavə edib ki, sülhün təmin olunmasının yeganə yolu Ermənistanın işğal olunmuş ərazilərdən geri çəkilməsidir.

Bəyanatda həmçinin İranın Xarici İşlər Nazirliyindən istənilib ki, Azərbaycan Respublikasına diplomatik dəstək verərək BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsini tələb etsin.

Vəkillər kollegiyası eyni halda ölkənin vətəndaş cəmiyyəti qurumlarını, eləcə də media təşkilatlarını Azərbaycana dəstək verməyə çağırıb.

Facebook Comments