“Müharibə yalnız Qarabağda getmir”

“Son günlər yayılan görüntülərdən, ermənilərin dünyaya haray salmaqlarından aydın görünür ki, ordumuzun işğal altında olan torpaqlarımızı azad etmək əməliyyatı uğurla davam edir. Xüsusilə qeyd etməliyəm ki, Şanlı Ordumuz bu əməliyyatlar zamanı erməni mülki əhalisinə zərər yetirməmək məqsədi ilə maksimum ehtiyatla davranmağa çalışır, dəqiq zərbələr endirir. Bunun müqabilində isə düşmənlərimiz həmişə olduğu kimi namərdcəsinə bizim dinc əhalimizi hədəfə alırlar. Artıq onlarla dinc sakin müharibə bölgəsindən uzaqlarda, nə Dağlıq Qarabağa, nə də işğal olunmuş ərazilərə bir aidiyyatı olmayan məkanlarda ermənilərin uzaq vuran topları ilə qətlə yetirilib. Baş verənlər bir daha onu göstərir ki, düşmən tam panikadadır, hərbi üstünlük tam olaraq Azərbaycan Ordusunun əlindədir və bu əməliyyatı dayandırmaq üçün hər murdar yola əl atır. Buradan bir daha Azərbaycanda və Dünyada yaşayan Həmvətənlərimə müraciət edirəm”.

Sozcu.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov bildirib ki, müharibə yalnız Qarabağda getmir: “Düşmən öz riyakar, yalanlarla dolu informasiya maşınını bizə qarşı çevirib dünya ictimaiyyətini bizə qarşı qaldırmağa çalışır. Biz düşməndən sayca dəfələrlə çoxuq və bu mübarizədə hər birimiz bütün güclərimizi səfərbər etməliyik. Barəmizdə yayılan yalanlara bütün müstəvilərdə təzkib verməli, Azərbaycanın haqlı mübarizəsini hamıya çatdırmalıyıq. Bu işdə əlaqələrimizi, pulumuzu, vaxtımızı, enerjimizi əsirgəməməliyik. Hamımız bilməliyik ki, Azərbaycan tarixində görülməmiş sınaq qarşısındadır və bu sınaqdan qələbə ilə çıxmaq tək Ordumuzdan, Ali Baş Komandandan və onun komandasından deyil, hər bir Azərbaycanlıdan asılıdır! Allah Azərbaycanı onun haqq mübarizəsində qorusun”.

Facebook Comments