“İşğal faktına birdəfəlik son qoyulmalıdır”

Fərəc Quliyev: “Bu gün bütün xalqın iradəsi ali baş komandanın iradəsi ilə üst-üstə düşür”

Dünəndən etibarən Azərbaycan ordusunun bütün cəbhə boyu təşkil etdiyi əks-hücum əməliyyatları uğurla davam etməkdədir.

Moderator.az-a açıqlamasında ordumuzun həyata keçirdiyi bu əməliyyatlara münasibət bildirən sabiq millət vəkili Fərəc Quliyev, bu əməliyyatları yekun qələbəyə qədər davam etdirməyin zəruriliyini vurğuladı:

“Hələ 2019-cu ildə işğalçı dövlətin müdafiə naziri belə bir bəyanat vermişdi ki, biz yeni torpaqlar əldə etmək naminə yeni müharibəyə başlayacağıq. Ermənistanın uzun müddətdir ki, ölkəmizə qarşı davamlı təxribatlar həyata keçirməsi də məhz bu istəkdən irəli gəlirdi. Prezident İlham Əliyev dəfələrlə həm BMT, həm də digər tribunalardan beynəlxalq aləmə xəbərdarlıq etdi, onları Ermənistanın təxribatları haqqında məlumatlandırdı, işğalçı dövlətin yeni müharibəyə hazırlıq gördüyünü bildirdi. Ölkə başçısı dünya birliyini, beynəlxalq təşkilatları bu müharibənin qarşısını almağa səslədi. Lakin Ermənistana dünya birliyi tərəfindən lazımi təzyiq göstərilmədi. Ermənistan yeni-yeni təxribatlar həyata keçirməkdə davam etdi. Nəticədə, Azərbaycan tərəfi mülki əhalini qorumaq üçün əks-həmləyə başladı. Hansı ki, belə bir əməliyyat üçün ölkəmizin əlində kifayət qədər hüquqi əsas mövcuddur. Azərbaycan tərəfinin ölkəmizə qarşı nəinki öz ərazisindəki, hətta kənardakı təhdidləri belə susdurmaq haqqı var.

Bu gün bütün xalqın iradəsi ali baş komandanın iradəsi ilə üst-üstə düşür. 50 siyasi partiya və eləcə də biz prezidentə dəstək bəyanatı vermişik. Bizim ayrıca da belə bir bəyanatımız var. Bu, milli iradə və tələbdir. Biz işğaldakı torpaqlarımızı azad etmək üçün hərbi əməliyyatları davam etdirməliyik. Hamımız şəhid olmalı olsaq belə, bu məsələyə birdəfəlik son qoymalı, işğaldakı bütün torpaqlarımızı son qarısına qədər işğaldan azad etməliyik”.

Facebook Comments