Moskvanın iki hava limanında məhdudiyyət tətbiq edildi

Rusiyanın Vnukovo və Şeremetyevo hava limanında təyyarələrin eniş və qalxışına müvəqqəti məhdudiyyət tətbiq edilib. Sozcu.az xəbər verir ki, bu barədə “Rosaviasiya”nın məlumatında deyilir. Bildirilib ki, məhdudiyyət “Xalça” planının tətbiqi ilə əlaqədardır. Hər iki aeroportun uçuş cədvələrində dəyişikliyin olacağı istisna edilmir.

Tramp hərbi əməliyyatlara hazırlaşır

ABŞ-ın sabiq milli təhlükəsizlik müşaviri Con Bolton prezident Donald Tramp administrasiyasının Venesuelaya qarşı mümkün hərbi əməliyyata hazırlaşdığını bildirib. Sozcu.az xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb. Boltonun sözlərinə görə, ABŞ Avropadan dünyanın ən böyük aviadaşıyıcısı olan "USS Gerald R. Ford" gəmisini və onu müşayiət edən aviadaşıyıcı zərbə qrupunu Karib hövzəsinə yönləndirməklə, Venesuela prezidenti Nikolas Maduroya qarşı əməliyyat ehtimalını nəzərdən keçirir. “Əgər söhbət təkcə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədən getsəydi, bu başqa məsələ olardı. Amma görünən odur ki, hədəf Maduro hakimiyyətinin devrilməsidir. Əks halda niyə "Gerald R. Ford" Karib dənizinə göndərilsin?” – deyə Bolton vurğulayıb.

Əhməd Oruc xəstəxanaya aparılan gün evi qarət edildi

İnsult keçirərək xəstəxanaya yerləşdirilən Azadlıq Partiyasının sabiq sədri Əhməd Orucun evi qarət edilib. Sozcu.az xəbər verir ki, bu barədə Lent.az-a Əhməd Orucun oğlu Abdul Oruc məlumat verib. Onun sözlərinə görə, hadisə atasını xəstəxanaya yerləşdirən gün baş verib: “Evimiz “Şamaxinka” adlanan ərazidə yerləşir. Biz xəstəxanada olanda pəncərəni qıraraq evə giriblər. Evdən 6 min manatlıq qızıl olmaqla ümumən 10 min manat dəyərində oğurluq edilib” . Abdul Oruc qeyd edib ki, hadisə ilə bağlı polisə məlumat verilib: “Xəstəxanadan qayıdanda gördük ki, evimiz qarət edilib. Dərhal polisə məlumat verdik. Binəqədi Rayon Polis İdarəsindən gəlib əl izlərini götürdülər. Bildiyimizə görə, hadisəni törədənin kimliyi artıq müəyyən olunub. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir” . Qeyd edək ki, Əhməd Oruc iki gün əvvəl ürəyindəki ağrılarla bağlı Elmi-Tədqiqat Kardiologiya İnstitutuna həkim qəbuluna gedib. İnstitutda olarkən o, insult keçirib. Hazırda reanimasiyadadır.

Yararsız avtobuslar külə döndü - GÖRÜNTÜ

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ərazidə park edilmiş istismara yararsız avtobuslarda baş vermiş yanğın yayılmasına, o cümlədən digər avtobuslara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 35 ədəd istismara yararsız avtobusun 4 ədədi yanıb. Digər avtobuslar yanğından mühafizə olunub.

Qaxda məktəbli güllələndi

Qaxda məktəbli güllələnib. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, hadisə Əmbərçay kəndində qeydə alınıb. Kənd sakini olan 14 yaşlı Səfər Orucov (ad və soyad şərtidir) naməlum şəraitdə güllə yarası alaraq, xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır. Yaralının orta məktəbin 8-ci sinfində təhsil aldığı bildirilir.

Bu, Gürcüstan üçün çox pis xəbər olacaq - Saakaşvili

Fransanın keçmiş prezidenti Nikola Sarkozini həbsdən buraxdılar, məni isə tibb müəssisəsindən bura qaytardılar. Sozcu.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial media hesabında yazıb. “Rustavi həbsxanasına köçürülməyim mənə dostum Aleksey Navalnını, həbsxanada onunla bağlı baş verənləri xatırlatdı. Navalnını da məhz ikinci dəfə zəhərlədikdən sonra öldürdülər. Ümumi vəziyyətə gəlincə, diktatorun (Bidzina İvanişvili) indi girovlarla bağlı ticarət mərhələsinə keçdiyi fikri ilə razılaşmıram. Əslində, o, indi etiraz alovunu tamamilə söndürməklə məşğuldur. Buna nail olsa, onda anlayacaq ki, həbs əməliyyatları işləyir və daha çox insanı tutacaq. Əgər girov məsələsində amerikalılarla ticarətə getsə, bu, Gürcüstan üçün çox pis xəbər olacaq, çünki girovların azad olunması müqabilində o, legitimlik qazanacaq və diktaturanı möhkəmləndirmək imkanı əldə edəcək”.

Bakıda məşhur əyləncə mərkəzi müsadirə olundu

Bakıda fəaliyyət göstərən məşhur “Residence Cinema Club”un yerləşdiyi qeyri-yaşayış sahəsi müsadirə olunub. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti 58 ünvanında yerləşən obyekt dövlət hərracında satılacaq. 10 otaqdan və sahəsi 241 kvadrat metrdən ibarət olan ictimai-iaşə obyektinin hazırkı hərrac qiyməti 446 min manatdır. Qeyd edək ki, “Residence Cinema Club”un yerləşdiyi məkanın hansı səbəbdən müsadirə edildiyi hələlik bəlli deyil.

Gələn ay əlilliyi olan şəxslərə birdəfəlik yardım veriləcək

3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar Azərbaycanda əlilliyi olan şəxslərə birdəfəlik yardım veriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi "Instagram" səhifəsində məlumat yayıb. "Əlilliyi olan şəxslərə birdəfəlik maddi yardımın verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sərəncamı əsasında həyata keçirilir. Cari ildə sözügedən maddi yardımın verilməsi ilə bağlı müvafiq qərar olacağı təqdirdə müraciətlər qeydə alınaraq növbəlilik qaydasında baxılacaq. Müvafiq qərar olacağı təqdirdə müraciətlərin qəbulu filiallar vasitəsilə aparılacaq", - deyə məlumatda qeyd olunur. Birdəfəlik yardımın məbləği 30 manat olacaq. Əlilliyi olan vətəndaşlar müraciət üçün Sosial Xidmətlər Agentliyin filiallarına yaxınlaşa və ya şəxsiyyət vəsiqəsinin surəti və əlilliyi təsdiq edən sənədin əlavə olunduğu ərizələrini Agentliyin [email protected] elektron ünvanına göndərə bilərlər.  Xatırladaq ki, 1992-ci ildə BMT Baş Assambleyası qəbul etdiyi Bəyannaməyə görə dekabrın 3-ü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunur. BMT üzvü olan digər ölkələr kimi bu tarix  Azərbaycanda da qeyd olunur. 2025-ci ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda əlilliyi olan şəxslərin sayı 498 min 442 nəfərdir. Bu rəqəm 2023-cü illə müqayisədə 5243 nəfər (1%) azdır. Əlilliyi olan şəxslərin əksəriyyəti (454 min 944 nəfər) 18 yaşdan yuxarıdır, onların arasında 64 min 187 nəfərin orqanizminin funksiyaları 81-100% pozulmuşdur. Əlilliyi olan uşaqların sayı isə 43 min 498 nəfərdir.  Ümumi əlilliyi olan şəxslər: 498,442 18 yaşdan yuxarı əlilliyi olan şəxslər: 454,944 Əlilliyi olan uşaqlar (18 yaşa qədər): 43,498 Orqanizmin funksiyaları 81-100% pozulmuş şəxslər: 64,187 Orqanizmin funksiyaları 61-80% pozulmuş şəxslər: 265,128 Orqanizmin funksiyaları 31-60% pozulmuş şəxslər: 125,629 

Sabahın hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Sozcu.az xəbər verir ki, havanın temperaturu gecə 10-14, gündüz 17-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11, gündüz 17-21, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti olacaq.

“ƏDV geri al” gələn ildən bu sahələrdə də tətbiq olunacaq

“Vergi Məcəlləsinə” gələn ildən “ƏDV geri al” mexanizmi ilə bağlı yeni dəyişikliyin edilməsi nəzərdə tutulub. Layihə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dəstəklənərək plenar iclasa tövsiyə edilib”. Sozcu.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib. V.Bayramov qeyd edib ki, yeni dəyişikliklərə əsasən, gələn ildən vətəndaşlara “ƏDV geri al”a görə daha çox vəsaitin ödənilməsi nəzərdə tutulur: “Belə ki, təklif edilən layihəyə əsasən, bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə “ƏDV geri al” mexanizminin tətbiqi həyata keçiriləcək. Bu o deməkdir ki, sözügedən xidmətlərdən istifadə edən vətəndaşlarımız ödədiyi verginin bir hissəsini geri ala biləcəklər”. Deputatın sözlərinə görə, yeni qaydalarda məqsəd qeyd olunan sektorlarda şəffaflığı gücləndirmək və nağdsız ödənişləri stimullaşdırmaqdır: “Bu eyni zamanda, həmin xidmətlərdən istifadə zamanı vətəndaşlarımızın ödəşinin bir hissəsinin geri qaytarılması yolu ilə istehlakaçılara vəsait ödənilməsinə imkan verəcək. Bu isə birbaşa stimullaşdırcı xarakter daşıyır. Bu baxımdan, yeni qaydalar istehlakçıların ödədikləri vəsaitin bir hissəsini geri almağa imkan yaratmaqla yanaşı, sözügedən sahənin “ağarması” prosesini sürətləndirəcək”.

Qazaxıstanda dəhşətli faciə – Yanan evdə 12 nəfər öldü, 9-u uşaqdır

Qazaxıstanın Türkıstan bölgəsinin Alğabas qəsəbəsində iki mərtəbəli evdə yanğın baş verib. Sozcu.az xəbər verir ki, yanğın baş verən evdə iki ailə yaşayırmış. Alovun güclənməsi nəticəsində evin damı çöküb. Xilasedicilər huşsuz vəziyyətdə olan üç nəfəri çöldə çıxarmağa nail olub. Evdə isə doqquz uşaq daxil olmaqla 12 nəfərin cəsədi tapılıb. Yerli sakinlərin sözlərinə görə, ev sahibləri yanğından bir gün əvvəl qonaq qəbul edib. Polis yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı cinayət işi başlayıb. Qazaxıstan Prezidenti Qasım-Comart Tokayev hadisə ilə bağlı başsağlığı verib və aidiyyəti qurumlara faciə qurbanlarının ailələrinə yardım göstərilməsi, həmçinin baş verənlərin tam şəkildə araşdırılması barədə göstəriş verib.

Göyçayda 2 maşın toqquşdu, biri yandı

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Şəhər sakini, 24 yaşlı Xəqani Əhmədovun idarə etdiyi "Mersedes" və 60 yaşlı Bağır Feyzullayevin idarə etdiyi "QAZel" markalı avtomobillər toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü hadisə zamanı xəsarət alıb. Qəza zamanı "QAZel"də baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.

ABŞ-ın yeni sanksiyaları: Tramp şərt irəli sürdü

ABŞ Prezidenti Donald Tramp Rusiyanın ticarət tərəfdaşlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanunu imzalamağa hazırdır. Lakin o, bu prosesdə yekun qərarvermə səlahiyyətinin prezidentə məxsus olması şərtini irəli sürür. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” Ağ Ev rəsmisinə istinadla məlumat yayıb. “Ağ Ev üçün əsas məqsəd sanksiya paketində prezidentin son qərarı vermək hüququnun təmin edilməsidir. Tramp administrasiyası eyni zamanda Rusiya ilə müharibənin dayandırılması istiqamətində danışıqları davam etdirir”, - məlumatda qeyd olunub.

Tanınmış jurnalist Prezidentə müraciət etdi: " Yarıqaranlıq yarımzirzəmidə çəkdiyim çətinlikdən... "

Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya                      AÇIQ MƏKTUB: Birbaşa mətləbə keçirəm. Şair-jurnalistəm. Qeyd edim ki, 25 ildir mətbuat sahəsində jurnalist kimi çalışıram. Çox böyük qürur hissilə vurğulayıram ki, şair kimi, jurnalist kimi, ziyalı xanım kimi dövlətə, VƏTƏNə xidmətim sözün əsl mənasında danılmazdır.  Dövlətimə, ana VƏTƏNimə ədəbiyyat adamı kimi, jurnalist kimi, ziyalı kimi, ən başlıcası isə VƏTƏNDAŞ kimi çox yüksək səviyyədə uzun illərdir ki, xidmət eləyirəm.  Ağdama, Füzuliyə, Tərtərə, Naftalana, Cəbrayılın Cocuq Mərcanlı kəndinə, Tovuza, Qazağa, Ağstafaya, Şəmkirə, Daşkəsənə, Göygöl rayonuna, Yuxarı Ağcakəndə, Aşağı Ağcakəndə, Bərdəyə, Beyləqana, Gəncəyə, Daşkəsənə, Toğanalıya, Əzgilli kəndinə,  Murovdağa və cəbhəyanı bir çox rayon və kəndlərə, eləcə də cəbhənin ən qaynar nöqtələrinə dəfələrlə səfərlərim olub. Vətəni qoruyan vətənpərvər zabit və əsgərlərimizin qarşısında çoxlu sayda tədbirlər keçirtmişəm və vətənpərvərlik mövzusunda çıxış etmişəm. Qeyd edim ki, neçə illərdir şair-jurnalist kimi qələmimi süngüyə çevirib könüllü olaraq böyük qürur hissilə cəbhə bölgələrinə, sərhəd bölgələrinə səfər edirəm.  Vətənin gecə-gündüz keşiyində dayanan əsgərlərin qarşısında çıxışlarım olur. Şair kimi şeirlərimlə, jurnalist kimi çıxışlarımla Vətəni qoruyan igid oğulların ürəyində böyük həvəslə vətənpərvərlik ruhunu aşılayıram.  Vətənimə canım fəda! VƏTƏN yaşasın!  Nəzərinizə çatdırmaq istəyirəm ki, ailəmlə birlikdə paytaxt Bakı şəhərində yaşayıram. Amma çox təəssüf ki, mənzilim yoxdur.  Onu da diqqətinizə çatdırım ki, bu neçə illər ərzində ailə üzvlərimlə birlikdə 39 dəfə kirayə mənzillərə-zirzəmilərə köçmüşük.  Uzun illərdir ki, ailə üzvlərimlə birgə kirayə mənzildə, daxmalarda, yarımzirzəmilərdə min bir əzab içərisində ağrılı günlərlə, zülüm dolu, kommunal şəraiti olmayan çətin, dözülməz şəraitdə, ağrı-acılı günlərlə yaşayıram. Ürək ağrısıyla qeyd edirəm ki, jurnalistlərə tikilmiş üç (3) hündürmərtəbəli-çoxmənzilli yaşayış binasında çox-çox təəssüflər olsun ki, mənə mənzil verilmədi.  Cənab Prezident İlham Əliyev! Şair-jurnalist kimi VƏTƏNimə olan yüksək xidmətlərimi nəzərə alıb məni mənzillə təmin etməyinizi SİZdən çox-çox artıq dərəcədə bir daha xahiş edirəm. Şair-jurnalist kimi sizdən çox xahiş edirəm, sənət və ədəbiyyat adamlarına, müğənni və xanəndələrə, musiqiçilərə, şair və yazıçılara, jurnalistlərə mənzil verdiyiniz kimi mənə də mənzil verin ki, neçə illərdir kirayələrdə yaşadığım soyuğ daxmada, yarıqaranlıq yarımzirzəmidə çəkdiyim çətinlikdən, əzab-əziyyətlərdən, məşəqqətli günlərdən nəhayət ki, canım qurtulsun. P. S. Şair-jurnalist kimi ümid edirəm ki, müraciətimə müsbət cavab verəcəksiniz.  Şair-jurnalist XATİRƏ ƏZİZ Rəhimli Azərbaycan Yazıçılar Birliyinin üzvi, Azərbaycan Jurnalistlər Birliyinin üzvi

Türkiyədə tikinti sahəsində uçqun: ölənlər var

Türkiyənin Şanlıurfa şəhərində tikinti sahəsi üçün beton tökülərkən uçqun baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində beş işçi dağıntılar altında qalıb. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Lakin onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Ukrayna bir çox effektli silah hazırlayıb - Zelenski

Ukrayna bir çox effektli silah hazırlayıb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Tərəfdaşlarımızı daha güclü Avropa arsenalları üçün əməkdaşlığa, birgə istehsala dəvət edirik”, - Zelenski bildirib.

İsrail BMT-nin Livandakı qüvvələrinə atəş açdı

BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNİFİL) İsrail qüvvələrinin Livanın cənubunda onlara atəş açdığını bildirib. Sozcu.az xəbər verir ki, bu barədə sülhməramlılar bəyanat yayıblar. “Bu səhər İsrail ordusu Livan ərazisində qurduğu mövqenin yaxınlığından “Merkava” tankından UNİFİL sülhməramlılarına ağır pulemyotlardan atəş açıblar. Bu atəş İsrail və Hizbullah arasında 2006-cı ildə baş verən münaqişəyə son qoyan və həmçinin ötən ilin noyabr ayında atəşkəsin əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin ciddi şəkildə pozulmasıdır”, - bəyanatda qeyd olunub.

Qəzzada ölənlərin sayı 70 minə yaxınlaşır

İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 17 nəfər fələstinli ölüb. Sozcu.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, son 72 saat ərzində İsrail Müdafiə Ordusunun regiona endirdiyi zərbələr nəticəsində Qəzza zolağının xəstəxanalarına 17 ölü və 3 yaralı daxil olub. 2023-ci il 7 oktyabr tarixində silahlı münaqişənin kəskinləşməsindən indiyədək Qəzza zolağında 69 483 nəfər ölüb, 170 706 nəfər yaralanıb.

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək – XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-70% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərə qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-19° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.

Murovdağa qar yağıb - FAKTİKİ HAVA

Saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə arabir yağış, Murovdağ yüksəkliyinə isə zəif qar yağıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Xaçmaz, Quba, Zərdab, Biləsuvarda 1 mm-dək qeydə alınıb. Biləsuvar, Cəfərxan, Şəmkir, Şəki, Şamaxı, Xaltan, Yevlax, Göyçay, Lerik, Daşkəsən, Göygöl, Qax, İsmayıllı, Qobustan, Altıağacda duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18, Naxçıvan MR 17, Aran rayonlarında 19, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1362-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 158 260 hərbçi, 11 353 ədəd tank, 23 591 ədəd zirehli döyüş maşını, 34 469 ədəd artilleriya sistemi, 1 543 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 244 hava hücumundan müdafiə sistemi, 428 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 67 464 ədəd avtomobil texnikası, 81 286 ədəd PUA, 3 940 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 4 000 xüsusi avadanlıq itirib.

Oğuzda oğul anasını qətlə yetirdi

Oğuz rayonunda qətl hadisəsi baş verib. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Bayan kəndində qeydə alınıb. Kənd sakini, 47 yaşlı Zahidə Qəhrəmanova kəsici alətlə xəsarət yetirilməsi nəticəsində hadisə yerində dünyasını dəyişib. Qətlin törədilməsində şübhəli şəxs kimi onun 15 yaşlı oğlu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Dəhlizin tikintisi başa çatmaq üzrədir – İlham Əliyev

Əminəm ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. Sozcu.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxışı zamanı səsləndirib. “İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək”, - dövlət başçısı əlavə edib.

Səxavət Soltanlı: “Təhsil Nazirliyi nə etdiyini bilmir"

Səxavət Soltanlı: “Təhsil Nazirliyi nə etmək lazım olduğunu bilmir, yoxlanmamış ideyalarla təhsili daha da çətin vəziyyətə salır” Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı Təhsil Nazirliyinin son qərarlarını kəskin tənqid edib. Onun sözlərinə görə, nazirlik hansısa addımlar atmaq istəsə də, nə etməli olduğunu dəqiq bilmədiyi üçün “ağlasığmaz və analiz olunmamış” ideyalarla çıxış edir. Soltanlı bildirib ki, müəllimləri səhərdən axşama qədər məktəbdə saxlayan sistem həm onları fiziki, həm də mənəvi olaraq tükəndirir: “Təhsil Naziri müəllimi məktəbə qapatmaqla, onu yorub əldən salmaqla olan-qalan təhsili də məhv etməsə, görünür, düzələnə oxşamır,” – deyə o, vurğulayıb. Onun sözlərinə görə, aylıq cəmi 40 manat verilən sinif rəhbərliyi məsələsi indi bütün müəllimlərin üzərinə yüklənmək istəyir. Soltanlı hesab edir ki, əgər nazirlik sinif rəhbərliyini gücləndirmək istəyirsə, əvvəlcə bu vəzifəyə ciddi məvacib ayrılmalı, sinif rəhbərləri şagirdlərlə, valideynlərlə və fənn müəllimləri ilə koordinasiyalı şəkildə işləyə bilməlidirlər. O, həmçinin məktəblərin real şəraitinə toxunub: “Otaq çatışmazlığı üzündən bir sinifə 35–40 şagird yığan nazirlik dərsdən sonra hansı otaqlarda müəllim və valideynlərə şərait yaradacaq? Bölünməli olan şagird qruplarını bölməyib büdcəyə qənaət edən nazirlik indi birdən-birə nədən comərd olub?” Səxavət Soltanlı iddia edir ki, bu qərarların tətbiqi təhsilin keyfiyyətini daha da aşağı salacaq: “Əgər Təhsil Nazirliyinin dediyi kimi olarsa, bir aydan sonra təhsilin indiki pis vəziyyəti daha da pisləşəcək.” O, nazirliyi sinif rəhbərlərinin maaşını və məsuliyyətini artırmağa çağırıb, müəllimlərin, şagirdlərin və valideynlərin yersiz yüklənməsinə qarşı çıxıb. Soltanlıya görə, problemi həll etməyin yolu geniş ictimai müzakirələrdən keçir: “Təhsildə çıxış yolu sadə deyil. Geniş ictimai müzakirə açılmalıdır. Problemsiz müzakirə olmadan çıxış yolu tapılmır.”