“Tofiq Yaqubluya sərt cəza verilməsi təəssüf doğurur”- Sabir Rüstəmxanlı

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı məhbus siyasətçi Tofiq Yaqublu ilə bağlı açıqlama yayıb.

Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. 1992-1993-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub. Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyində təmsil olunur.

2020-ci il sentyabrın 3-də Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunu silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilərək 4 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Məhbus siyasətçi ittihamı qəbul etmir. O, sentyabrın 2-dən saxlandığı təcridxanada azadlıq və bəraət tələbi ilə aclıq aksiyası keçirir.

Sozcu.az-ın məlumatına görə, Sabir Rüstəmxanlı açıqlamasında bildirib ki, Azərbaycanın azadlığı yolunda mübarizə aparan, Qarabağ uğrunda vuruşan, vətəni qoruyan hər kəsə diqqət və həssaslıqla yanaşılmalıdır: “Tofiq Yaqubluya sərt cəza verilməsi təəssüf doğurur. Hökm çıxarılarkən Tofiq bəyin keçdiyi həyat yolu, mübarizəsi, dövlətə və vətənə bağlılığı nəzərə alınmalıydı. Xırda bir insidentə görə Tofiq bəy kimi insanı bir neçə il azadlıqdan məhrum etmək ədalətsizlikdir”.

Hökmdən sonra baş verənlərdən də təəssüf hissi keçirdiyini vurğulayan Sabir Rüstəmxanlı deyib: “Artıq neçə gündür Tofiq aclıq edir. Qarabağ döyüşlərində sağlamlığını itirən bir insan bu gün ölüm aclığı keçirir və səhhəti ciddi şəkildə pisləşib. Əlbəttə, üzücü bir haldır. İşin bu yerə gəlib çatmasına imkan verilməməliydi… İnanıram ki, ictimai rəy nəzərə alınacaq və Tofiq bəy azadlığa buraxılacaq”.

Sabir Rüstəmxanlı məhkəmələri hökm çıxarılan zaman qanunun yumşaq üzünü unutmamağa da çağırıb: “Bəzən xırda bir olaya görə elə sərt cəzalar kəsilir ki… Axı hər cəzanın arxasında bir insan taleyi dayanır. Bu məqamlar nəzərə alınmalıdır. Həbsxanaları niyə doldururuq? Dünyada qəbul olunan qaydalar var. Bir çox əməllərin cəzası cərimə ola, maddi tərəfdən qarşılığı ödənilə bilər”.

Milli azadlıq hərəkatının öncül şəxslərindən olan Sabir Rüstəmxanlı 1991-1995-ci illərdə mətbuat və informasiya naziri vəzifəsində çalışıb. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının sədridir. 1995, 2000, 2005 və 2010-cu illərdə seçilmiş parlamentlərdə təmsil olunub. 2020-ci ilin fevralında keçirilən növbədənkənar seçkidə 61 saylı Neftçala dairəsindən Milli Məclisin üzvü seçilib.

Facebook Comments