Düşmən ordusu niyə xalq silahlı dəstələri yaradır? – İşğalçıya fürsət verilməməli…

Düşmən haqqında informasiya əldə etmək bütün dünya ölkələrinin önəm verdiyi məsələdir və bizim də Ermənistan haqqında, xüsusilə onun ordusunun vəziyyəti barədə məlumat əldə etməyimiz həyati vacib vəzifələrdən biridir.

Son günlər Ermənistan ordusunun rəhbərliyi belə bir təşəbbüslə çıxış edir ki, yerli əhali sıralarından xalq silahlı dəstələri yaratmaq lazımdır. Bu məsələ istər-istəməz bəzi məntiqi nəticələrə və suallara gətib çıxarır. Birincisi, Ermənistan Ordusu Qarabağ cəbhəsində mümkün müharibəyə hazırlaşır və orduya daha çox canlı qüvvə cəlb etmək məqsədi güdür. İkincisi, cəbhə xəttinin böyüklüyündən canlı qüvvələrin sayı eyni zamanda bütün istiqamətlərdə fəal müdafiə və hücum əməliyyatları keçirməyə imkan vermir. İndiki nizami ordu vəzifəsinin öhdəsindən bütünlükdə gələ bilmir və ya hansısa neqativ hallar xalq dəstələrinin yaranmasını məcbur edir.

Paşinyanın Tovuz hadisələrindən sonra 72 hərbçini təltif etməsi və nadir hal sayılan bir nəfəri də Milli Qəhrəman adına layiq görməsi orduda xidmət etməyə xüsusi həvəs yaratmaq məqsədi ilə ola bilər, çünki bütövlükdə götürəndə Tovuz döyüşlərinin miqyası ilə təltif olunanların sayı və sanbalı arasında tərs mütənasiblik var. Erməni ordusu haqqında məqsədyönlü şəkildə yayılan “döyüş qabiliyyəti yüksək və məğlubedilməzlik” mifi xalq dəstələrinin yaradılması ilə heç uyğun gəlmir.

Ola bilsin ki, məsələyə üzdən yanaşanlar bu faktı düşmən ordusunun gücləndirilməsi kimi qəbul etsin. Amma, illərdir ki, Qarabağ cəbhəsində irimiqyaslı döyüşlər keçirilmir və canlı qüvvənin artırılmasına yönəlmiş bu təşəbbüsün həm də Ordu rəhbərliyi tərəfindən gəlməsi bəzi şübhələr yaradır.

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin bu təşəbbüsünü düzgün təhlil etməsini və qarşı tərəfin ön planda və ehtiyatda olan qüvvələri haqqında maksimum məlumat əldə edib fəaliyyətində zəruri hesab edilən korrektələr etməsini vacib hesab edirik.

Düşmənin müasir silahlar əldə etməsi istiqamətində cəhdlərinin davam etməsi, həm də canlı qüvvəsinin sayını artırmaq üçün təşəbbüslə çıxış etməsi bizim Qarabağı işğaldan azad etmək vəzifəmizi getdikcə çətinləşdirəcək. Zamanı uzatmaq düşmənin xeyrinədir, bütün mənalarda. Rusiya müdafiə nazirinin səfəri, Rusiya XİN rəhbəri ilə C.Bayramovun görüşü və bundan sonra payızda Ermənistan və Azərbaycan XİN rəhbərlərinin nəzərdə tutulan görüşləri bizi arxayın salmamalı, keçmişə nəzər salıb bu cür görüşlərin indiyədək heç bir faydasının olmadığını xatırlamalıyıq. Düşmənin isə yuxarıda qeyd etdiyimiz kimi daha yaxşı silahlanması və canlı qüvvə ehtiyatını möhkəmlətməsi, yalnız bizim işimizi çətinləşdirir və əleyhimizə işləyir.moderator

Facebook Comments