Güney azərbaycanlı milli fəal Cəfər Rüstəmirad müvəqqəti azadlığa buraxılıb

İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə apardığı üçün həbs edilən Cəfər Rüstəmirad Tehranın Evin həbsxanasından məzuniyyətə buraxılıb.

Avqustun 20-də öncəki məzuniyyət müddətinin bitdiyinə görə zindana qayıdan Rüstəmirad yenidən 20 gün müddətinə müvəqqəti azadlığa buraxılıb.

Milli fəalın məhkum olduğu 13 ay həbs cəzasının müddətinin bitməsinə 30 gün qaldığı üçün göndərildiyi məzuniyyətdən sonra tam azadlığa buraxılacağı ehtimal olunur.

Rüstəmirad 2018-ci ilin iyul ayında “Babək qalası mərasimində iştirak etməsi ehtimal olunduğu” üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır. Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində 6 ay həbs cəzasına məhkum edilən fəalın hökmü Tehran Əyaləti Apelyasiya Məhkəməsinin 36-cı şöbəsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb.

Fəal həbsxanaya müraciət etdikdən sonra bundan əvvəl çıxarılan 7 aylıq həbs qərarı da icraya qoyulub. O 2013-cü ildə Güney Azərbaycanın “Traxtur” və Birləşmiş Ərəb Əmirliklərinin “Əlcəzirə” komandalarının görüşü zamanı stadionda saxlanmışdır. Fəal həmin dosyeyə görə 7 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, koronavirus yayılmasının ikinci dalğası ilə əlaqədar məhbusların məzuniyyətə göndərilməsi barədə yeni qərar çıxarılsa da beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq İranın məhkəmə-təhlükəsizlik orqanları bir neçə milli fəalın, o cümlədən Lətif Həsəni, Abbas Lisani, Əlirza Fərşi, Tövhid Əmir Əmini, Behnam Şeyxi, kiyanuş Aslanı, Həmid Manafi Nadarlı və Yusif Karinin müvəqqəti azadlığa buraxılmalarına icazə vermir.

Facebook Comments