“Ermənistanı təxribatda ittiham etməyin nədir, ona tonlarla silah-sursat verməyin nədir?”

Elxan Şahinoğlu: “Lavrov 4 il öncə olduğu kimi, bu gün də başımızın altına yastıq qoymağa çalışır”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tovuz təxribatlarına görə Ermənistanı ittiham edən açıqlama ilə çıxış edib. O, qeyd edib ki, Tovuz döyüşlərinin başlamasına səbəb Ermənistanın yeni mövqe tutmaq istəyi olub.

Maraqlıdır, Lavrovun bu açıqlaması Tovuz təxribatlarının Ermənistan tərəfindən törədilməsinin daha bir təsdiqi sayıla bilərmi? Rusiyanın bu məsələdə Ermənistanı ittiham etməsi hansı mətləblərdən xəbər verir?

Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Lavrovun hər zaman olduğu kimi bu dəfə də ikibaşlı mövqe sərgilədiyini vurğualdı:

“Sergey Lavrovu bu açıqlaması ikibaşlıdır. Lavrov bu məsələdə də hiylə işlədir. Biz gərək bu hiyləyə aldanmayaq. Ilk baxışdan elə görsənir ki, guya Lavrov Azərbaycanın maraqlrını müdafiə edir, Ermənistanın yalanlarını ifşa edir. Şübhəsiz, Tovuz təxribatını Ermənistan tərəfi törədib və Lavrov da bunu etiraf edir. Lakin burada bir məqam var. Madam ki, sən təxribatın Ermənistan tərəfindən törədildiyini bilirsən, o zaman xeyir ola Ermənistana tonlarla silah-sursat verirsən? Bunu necə izah edirsən?

Hesab edirəm ki, Azərbaycanın XİN rəhbərliyi Moskva səfəri zamanı bu məsələləri Lavrovun qarşısında ciddi şəkildə qoymalıdır. Lavrovun hiyləsinə aldanmaq olmaz. Lavrov bir dəfə də bizi aldatmağa çalışıb. 2016-cı ilin aprel ayında Rusiyanın təzyiqi ilə hərbi əməliyyatlar dayandırıldı. O vaxt “Lavrov planı” adında bir plan da gündəmə gəlmişdi. Guya bu plan əsasında Qarabağ problemi həll olunacaqdı. Mən hələ o zaman dedim ki, “Lavrov planı” deyilən bir şey yoxdur. Rusiya sadəcə başımızın altına yastıq qoyur. 4 il keçib, amma ortada heç bir irəliləyiş yoxdur.

Indi də Lavrov başımızın altına yastıq qoymaq istəyir. Odur ki, Lavrovun guya bu məsələdə ədalətli mövqe ortaya qoyduğuna inanmaq olmaz”.

Facebook Comments