Aslan İsmayılov Yaşar Türkazərdən yazdı: Dedi ki, bəy, mən böyük bir səhv etdim, evləndim

Oxudum ki, mənim üçün Azadlıq aşiqi olan Yaşar Türkazər vəfat edib.

Onu Azərbaycana gəldiyim ilk günlərdən tanıdım. Azərbaycanın üçrəngli dövlət bayrağını ilk olaraq meydanlarda onun əlində gördüm. Sonralar bildim ki, elə ona görə ona Bayraqdar təxəllüsü verilib. Mənim üçün o, qeyri-adi, tərki dünya bir insan idi. Sanki, ətrafında baş verən oyunlardan, hiylələrdən, murdarlıqlardan, satqınlıqlardan xəbəri yox idi. Çox vaxtlar onu şəhərin mərkəzində gah qəzet, gah da kitab satan gördüm. Küçədə gedərkən bir neçə dəfə ardınca gedib onun hara baxdığını, nə ilə maraqlandığını görmək istəyirdim. Heç vaxt, heç duya bilmədim. Sanki, bu dünyaya gəldiyindən peşman, ətrafdakıları görmək, duymaq istəməyən bir insan idi. Bəzən ofisimə də gələrdi. Hər dəfə soruşanda, “heç, elə-belə gəldim salam verim, gedim” deyərdi. Hər dəfə eyni cümlələri işlədərdi. “Bəy, müstəqilliyimizi qoruya biləcəyikmi”, “Bu işlərin axırı necə olacaq” suallarını verib “Yaşar, mən də səni qədər bilirəm” sözünü eşidib çıxışa dönərdi. “Otur, bir stəkan çay iç” deyəndə “Bəy, vaxtım yoxdur” deyib otağı tərk edərdi. Hərçənd ki, bilirdim ki, heç bir yerdə işləmir.

Sonuncu dəfə onu təxminən bir il əvvəl Natəvan heykəlinin yanında gördüm. Çox pərişan idi. Başıma gələnlərdən xəbərdar olduğunu dedi. Azca söhbət etdik. Sanki, yenə tələsirmiş kimi üzünü mənə tutub dedi: “Bəy, mən də böyük bir səhv etdim”. Soruşanda dedi ki, “bu yaşımda evləndim. İndi qızım mənim həyatımdır. Ancaq hiss edirəm ki, onu böyüdə bilməyəcəm, yaman ağrımağa başladım. Ancaq qızımla birgə olanda ağrılarım keçir. Pulsuzluqdan evdə də otura bilmirəm”. Hiss etdim ki, birinci dəfədir ki, məndən maddi yardım umdu. Heç nə verə bilmədiyimdən özümü başa düşməməzliyə vurdum. Dönüb getdi. Elə o vaxt da ona kömək edə bilmədiyimə çox peşman olmuşdum.

Bu gün bu xəbəri eşidəndə bəlkə birinci dəfədir ki, belə bir hadisəyə kövrəldim. Əminəm ki, Yaşar kimi insanlar bu dünyaya çox az gəlir. Qədimlərdə eşitdiyimiz bir dərviş idi. Vəzifəsi, amalı, umacağı azadlıq, mitinq, nümayiş idi.

Yaşarın təmsil olunduğu Müsavat partiyasının ona kömək etmək imkanının olmadığını bilirəm. Onu da bilirəm ki, Yaşar Azadlıq hərakatının yaxşı mənada bir fenomenidir. Əminəm ki, onun nə evi, nə də ailəsinə dayaq olacaq kimsəsi yoxdur. Əsl xeyriyyəçilik bu gün Yaşarın ailəsinin, xüsusilə körpə qızının bütün təminatını öz üzərinə götürməkdir. Görək belələri tapılacaqmı…

Aslan İsmayılov

Tanınmış hüquqşünas

Facebook Comments