İlham Rəhimova, Fərhad Əhmədova, İsgəndər Xəlilova müraciət: “Sakit dayanmayın!”

“Yəqin, bütün Azərbaycan bilir ki, illərdir Rusiyada fəaliyyət göstərən oliqarx həmvətənlərimi müdafiə etmişəm. Dəfələrlə onları müdafiə etdiyimə görə təhqirlərə, təqiblərə böhtanlara məruz qalmışam. Üstümə gələnlər ömrü boyu satılmışlar, satılanlar və hər an, hər kəsə satılmağa hazır olanlar bu müdafiənin hanısa maraqlar hesabına olduğunu da yazdılar. Özü ömürü boyu “koşelyok” olan və bu gün də “koşelyok”lardan çıxmayan, itirdikləri “koşelyok”a əvəz axtaran Rauf Arifoğlu “Aslan İsmayılov İlham Rəhimovun (Putinkanın) koşelyokuna satıldı” ifadəsini də dövriyyəyə buraxdı. Təxminən eyni ifadələri Vahid Ələkbərovu, Fərhad Əhmədovu, İsgəndər Xəlilovu, Qod Nissanovu və başqalarını müdafiə edəndə də yazdılar. Ömürünü yala həsr edənlər mənim məqsədimi başa düşə bilməzdilər. Bu gün deyirəm ki, tək bir məqsədim Rusiyada külli ixtiyar sahibi olan bu insanlardan Vətənimizin maraqları üçün istifadə etmək olub. Bu barədə imkan olanda hakimiyyət rəsmilərinə də demişəm. Son bir-iki ili onların bir çoxlarından xahiş etdim ki, Rusiya TV-lərinin birində Sumqayıt hadisələri ilə bağlı mənim iştirakımla debat təşkil etsinlər. Qarşı tərəfdən 10 erməni tarixçi, siyasətçi alimi olsa da bütün rus xalqına həqiqətləri çatdırmağa qadirəm, ona görə ki, o hadisələri bütün varlığımla illərdir yaşayıram və bütün detallarına qədər bilirəm. Heç bir iş görən olmadı. Hərçənd ki, həmin şəxslərin bəziləri üçün dediyim verilişə çəkilən xərclər bir günlük istirahətlərinin, yaxud bir partiya qumarlarının xərci qədər olardı”.

Sozcu.az-ın xəbərinə görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

“İndi buradan onlara bir daha müraciət edib deyirəm ki, Vətənimizin (əgər Azərbaycanı özünüzə Vətən sayırsınızsa) bundan ağır günü olmayacaq. Ermənilər öz sahibləri ilə bərabər bütün güclərini ortaya qoyub bizi yenidən dünyada vəhşi, aqressor xalq kimi təqdim etmək istəyirlər. Heç olmasa bu gün susmayın, həm Rusiyada, həm də dünyadakı imkanlarınızı işə salıb Vətəninizin yanında olun! Erməni oliqarxları kimi yalanları yox, həqiqətləri dünyaya çatdırın. Siz məndən də yaxşı bilirsinizi ki, bu gün informasiya müharibəsi pul hesabına aparılır. Heç olmasa indi sakit dayanmayın!” – A.İsmayılov qeyd edib.

Facebook Comments