Qarabağı bu yolla azad edək – Təklif

Danışıqların formatını, konfiqurasiyasını dəyişməyin, antiterror əməliyyatlarının vaxtı yetişir. Bunun üçün ən vacib şərt yeni bir daxili formatın – bütün siyasi təşkilatların iştirakı ilə Milli Etimad Masasının qurulmasıdır.

Sozcu.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən hadisələr fonunda son vəziyyəti şərh edərkən deyib. O bildirib ki, işğalçı Ermənistanın məhz Tovuz rayonunda, Ermənistan-Azərbaycan sərhədində təxribat törətməsinin bir səbəbi var: Moskvanın reaksiyasını yoxlamaq, Kremlin münasibətini test etmək:

“Çünki Ermənistan KTMT-nin üzvüdür, bu qurumun nizamnaməsinə görə, üzv ölkələrin biri müharibəyə qatılırsa, digər üzv ölkələr dərhal reaksiya verməli, dəstək olmalıdırlar. Paşinyan və komandası bilir ki, Moskva arxalarında durmasa, Azərbaycan Ordusu qısa zamanda işğal altındakı rayonları azad edə, bununla da Paşinyanın hakimiyyətinə son qoya bilər”.

N.Cəfərli Dağlıq Qarabağın azad edilməsi yolları barədə də danışıb:

“Burada maraqlı məqam var: Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal altında saxlayan hərbi hissələrin RƏSMİ YİYƏSİ yoxdur – Ermənistan bu hərbi qruplara “dağlıq qarabağ respublikası ordusu”, beynəlxalq aləm isə “qeyri-rəsmi özünümüdafiə qüvvələri” deyir. Əslində, de-fakto həmin bölgələri Ermənistan ordusu və Rusiya silahı işğal edib saxlayır. Biz həmin hərbi qrupları “terror dəstəsi” elan edə, öz ərazimiz olan Dağlıq Qarabağ və 7 rayonun terror dəstələri tərəfindən işğal edildiyini bəyan edərək, zaman-zaman qısamüddətli, amma effektiv antiterror əməliyyatları keçirə, hissə-hissə terror dəstələrindən torpaqlarımızı təmizləyə bilərik. Belə olanda de-yure KTMT bizim daxili antiterror əməliyyatlarına qarışa bilməz. Hətta Ermənistan belə qarışa bilməz. Bu zaman İrəvanın iki seçimi olacaq:

1) Ya rəsmən etiraf edəcək ki, işğal altında olan regionlarımızda öz ordusunu saxlayır;

2) Ya da sadəcə hay salacaq ki, qoymayın, Azərbaycan günahsız camaatı qırır.

Hər iki mövqeni çox asan, beynəlxalq hüquqla sındırmaq mümkündür. Xankəndi və ətrafında yaşayan yerli sakinlər erməni əsilli azərbaycanlılarla, Qarabağın erməni icması ilə isə bizim DİN danışıqlara başlayır: yəni öz vətəndaşlarımızla Daxili İşlər Nazirliyi danışmalıdır. XİN isə ancaq Ermənistanla sərhədlərin toxunulmazlığı və sərhədyanı münaqişələrin tənzimlənməsi haqqında danışıq apara bilər”.

Facebook Comments