“Əbülfəz Elçibəy, ən azı 1 əsr tez dünyaya gəlmişdi” – Qubad İbadoğlu

Mən Əbülfəz bəylə 1998-ci ildə tanış olmuşam. İlk dəfə rəhmətlik Orxan Kərimovun (şair Əli Kərimin kiçik oğlu) toyunda görüşmüşəm. İş elə gətirdi ki, toyda onun başda oturduğu masada əyləşəsi oldum. Əbülfəz bəy məndən başqa masada oturanların hamısını tanıyırdı. Sual dolu nəzərlərini üzümə dikib, “sizi tanımadım”, – demişdi. Kimliyimi biləndən sonra yerindən qalxıb mənə yaxınlaşmış, mehribanlıqla qucaqlamışdı, “Mən Kələkidən sizin şərhlərinizi Azadlıq radiosunda maraqla dinləyirdim, həmişə düşünürdüm ki, niyə mənim yadımda qalmamısınız”, – demişdi. “Mən sizin hakimiyyətinizdə təmsil olunmamışam”, – cavabıma isə təəccübünü gizlətməmişdi.

İlk və son olan həmin görüş o dövrədək məndə formalaşmış rəyləri dəyişmək üçün yetərli oldu. Sadəliyi və aydınlığı ilə özünü qısa zamanda sevdirmək qabliyyətini ilk dəfə onda gördüm. O, milli düşüncə sahibi və ideya adamı idi. O, nəinki özünün, hətta komanda yoldaşlarının da səhvlərini özününküləşdirib etiraf etməyi, sadə və açıq danışmağı ilə çoxlarından fərqlənirdi. O saf adam idi, saxta deyildi, olduğu kimi görsənirdi və göründüyü kimi olurdu. O, birlik və bütövlük tərəfdarı idi, Kələkidən Bakıya qayıdandan dərhal sonra vətəndaş həmrəyliyi və milli birliyin təmin olunması üçün var qüvvəsi ilə çalışıdırdı.

Əbülfəz Elçibəy, ən azı 1 əsr tez dünyaya gəlmişdi. Çünki, onun bəzən bizə real görünməyən, təzadlı, lakin uzaqgörən fikirləri, bu gün də və gələcəkdə də aktual olan ideyaları getdikcə çox dəyər qazanacaq. Buna heç kimin şübhəsi olmasın, çünki onu sevənlər, onu tənqid edənlərdən qat-qat çoxdur. Bu isə o deməkdir ki, ona daimi sevgi olacaq. Bizlər də onu həmişə həsrətlə və heyranlıqla xatırlayacağıq.

Elçibəy hakimiyyəti müstəqilliyimizin son bərpasından ötən 28 ildə xalqa yaxın olan yeganə hakimiyyətdir. Mənim bu hakimiyyətə rəğbətimin artmasında dostum, dünyanın ən dürüst insanı Vurğun Əyyubun da böyük rolu oldu. Allah hər ikisinə rəhmət eləsin. Taleləri oxşar oldu, hər ikisi 62 il yaşadı.

ADR Hərəkatını quranlar Əbülfəz Elçibəy kursuna sadiq olan insanlardır. Bu gün onlarla bilrikdə Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy yolunda davamlı mübarizə aparmaqdan şərəf duyuram.

Məkanın cənnət olsun, sözün hər mənasında Böyük bəy, həmişə yerin görsənirdi, bu gün isə onu daha çox hiss edirik. İnşallah, tezliklə ideyalarını gerçəkləşdirib, ruhunu şad edərik!

Qubad İbadoğlu,
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri

Facebook Comments