Tanınmış vəkil: “Əhəd Abıyevin hərəkətləri qeyri-etikdir”

Xəbər verdiyimiz kimi, redaksiyamıza Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin böyük biznes şəbəkəsi barədə məlumat daxil olub.

Demokrat.az xəbər portalı olaraq, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Daşkəsən rayon İcra Hakimiyyətinə “KİV haqqında Qanun”un tələblərinə uyğun şəkildə informasiya sorğusu göndərsək də, sorğumuza nəinki mahiyyəti üzrə cavab verilib. Əksinə, Daşkəsən rayon İcra Hakimiyyəti və onun başçısı Əhəd Abıyev saytımız da daxil olmaqla bütövlükdə mediaya təhdid və təhqir dolu müraciət ünvanlayıb.

Tanınmış vəkil Ceyhun Yusifov sözügedən məsələdə “Demokrat.az” saytını müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq haqlı sayır:

“Jurnalist “KİV haqqında Qanun”un tələblərinə uyğun olaraq, informasiya vermək hüququna malikdir və bu hüquqdan da istifadə edib. Bu gün respublikada ən obyektiv saytlardan, öndə olan saytlardan biri “Demokrat.az”dır. Hesab edirəm ki, bu gün onun fəaliyyətinə bu və digər formada qanunsuz müdaxilə, dövlətin “Kütləvi İnformasiya Vasitələrinin inkişafı” siyasətinə tam şəkildə ziddir. Məmur olaraq, hədə-qorxu gəlməkdənsə, daha təmkinli reaksiya versə, daha doğru olardı”.

Bundan başqa, vəkil, saytımızın haqq işində müdafiəsinə hər zaman hazır olduğunu xüsusi vurğulayıb: “Vəkil olaraq hüquqi müstəvidə hər zaman “Demokrat.az” saytının haqlı, Kütləvi İnformasiya Vasitəsi kimi nüfuzunu yüksəkliyə qaldıran media kimi hər zaman onun müdafiəsinə hazıram. Hesab edirəm ki, Əhəd Abıyevin etdiyi hərəkətlər tam şəkildə qeyri-etikdir və bununla da bağlı hüquqi baxımdan da tam şəkildə “Demokrat.az” saytının təmənnasız müdafiəsinə hazıram”.

Facebook Comments