Ağsu icra hakimiyyətindən təkzib adlı məntiqsiz açılama: “Yardım alanda ayaqüstə idi”

Ağsu rayonunun Hacıqədirli kənd sakini Muradova Mariya Əlheybət qızı “Feysbuk” sosial şəbəkəsində təsis etdiyiniz “Ağsudan xəbər” informasiya blokunun 06 iyun 2020-ci il tarixli video-materialında çıxış edərək yataq xəstəsi olduğunu, eləcə də Ağsu rayonunda 05 fevral 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində evinin qəzalı vəziyyətə düşdüyünü, onun problemləri ilə heç bir dövlət orqanının maraqlanmadığını bildirmiş və evinə dəymiş ziyanın aradan qaldırılmasına köməklik göstərilməsi ilə bağlı aidiyyəti qurumlara etdiyi müraciətlərə baxılmadığından şikayətlənmişdir.

Məlumat üçün bildiririk ki, Ağsu rayonunun Hacıqədirli kənd sakini, 01.01.1961-ci il təvəllüdlü Muradova Mariya Əlheybət qızı hal-hazırda valideynlərinə məxsus 1 mərtəbəli, 2 otaqlı evdə 1998-ci ildə qeyri-rəsmi ailə həyatı qurduğu Ağsu şəhər sakini, 02.03.1965-ci il təvəllüdlü Kərimov Əlişah Teymur oğlu ilə birlikdə yaşayır. M.Muradovanın adına 0,31 ha pay torpaq sahəsi vardır. O, ikinci qrup əlildir, sosial təqaüd alır.

Araşdırma nəticəsində M.Muradovanın yataq xəstəsi olmadığı müəyyən olunmuşdur. 02.06.2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı və yerli icra nümayəndəsinin iştirakı ilə M.Muradovaya ərzaq yardımı təqdim edilərkən onun sağlam olduğu məlum olmuş və yardım verilərkən ayaq üstə fotoşəkili çəkilmişdir.

Əlavə olaraq bildiririk ki, M.Muradva təbii fəlakət baş verdiyi tarixdən hal-hazıra kimi evinin zəlzələdən zərər çəkməsi barədə nə Fövqəladə Hallar Nazirliyinə, nə də ki, Ağsu rayon İcra Hakimiyyətinə, yerli icra nümayəndəliyinə rəsmi müraciət etməmiş, qəbulda olmamışdır.

Xatırladaq ki, Ağsu rayonunu Hacıqədirli kəndində yaşayan Muradova Mariya Əliheydər qızı yaşadığı acınacaqlı vəziyyətlə bağlı Sozcu.az saytına müraciət edərək, acınacaqlı durumla bağlı Dövlət rəhbərliyindən və Ağsu Rayon İcra Hakimiyyətindən kömək istəmişdir. İcra hakimiyyətinin kömək əvəzində bu cür açıqlaması təəccüb doğurmaya bilmir. 

Facebook Comments