“Konstitusiyaya əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ var” – Hüquqşünas

“Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 33-cü maddəsində qeyd olunur ki, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz”.

 

Sozcu.az xəbər verir ki, Bu fikirləri hüquqşünas Emil Qurbanov Yeniavaz.com-a polisin bu gün Yeni Yasamalda həyata keçirdiyi əməliyyatı şərh edərkən bildirdi. Hüquqşünasın sözlərinə görə, şəxsi mülkə yalnız o halda girilə bilər ki, cinayətin qarşısının alınması üçün əsaslı məlumat olsun: “Hər hansı bir şəxs istintaq, təhqiqat orqanının çağırışına könüllü gəlmədikdə məcburi qaydada gətirilir. Polisə zibil atanlar xuliqanlıq ediblər, amma onların bu şəkildə saxlanılması qanuni deyil. Konstitusiya və Cinayət habelə Cinayət Prosessual Məcəlləsinə əsasən, vətəndaş tutularkən və ya saxlanılarkən hüquqları izah edilməli, tutulma səbəbi izah edilməli, vəkil tutmaq imkanı yaradılmalı və ya vəkil ilə təmin edilməlidir.

Polis haqqında qanunun 5-ci maddəsi, II bəndinə əsasən polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Hüquq mühafizə orqanları şəxsiyyəti ləyaqətini alçaldan hərəkətlərdən çəkinməli, yalnız prosessual qanunvericilik çərçivəsində davranmalı idi”.

E.Qurbanov saxlanılan şəxslərin video görüntülərinin yayılmasının təqsirsizlik prezumpsiyasına zidd olduğunu da diqqət çəkdi: “Bu, cəmiyyət nəzdində şəxsi məhkəmə qərarı olmadan məhkum etməkdir. Bu səbəbdən əməliyyat haqqında məlumat verilsə də görüntülər və adlar verilməməlidir”.

Facebook Comments