Xərçəngin dərmanı görün hansı heyvanda imiş

Yaponiya alimləri qurbağaların bağırsağında xərçəng hüceyrələrini məhv edə bilən bakteriyalar aşkar ediblər. Sozcu.az Milli.Az-a istinadla xəbər verir ki, tədqiqat "Japan Advanced Institute of Science and Technology" (JAIST) alimləri tərəfindən aparılıb və nəticələr "Gut Microbes" jurnalında dərc olunub. Araşdırma zamanı alimlər vəhşi amfibiyalar və sürünənlərin mikrobiotasını öyrəniblər. Onlar yapon ağac qurbağalarının (Dryophytes japonicus), yapon tritonlarının və çevik kərtənkələlərin bağırsağından 45 bakteriya ştammı ayırıblar. Laboratoriya testlərində bu ştammlardan 9-u xərçəngə qarşı güclü təsir göstərib. Ən yüksək effekt isə qurbağaların bağırsağında aşkar edilən "Ewingella americana" bakteriyasında qeydə alınıb. Siçanlar üzərində aparılan təcrübələrdə bu bakteriyanın bir dəfə damar daxilinə yeridilməsi kolorektal xərçəng şişinin bütün heyvanlarda tam yox olmasına səbəb olub. Bu nəticə immunoterapiya və kimyaterapiya da daxil olmaqla standart müalicə üsullarından daha effektiv olub. Alimlər müəyyən ediblər ki, bakteriya iki istiqamətdə təsir göstərir. Bir tərəfdən, şişin oksigeni az olan mühitində toplanaraq xərçəng hüceyrələrini birbaşa məhv edir. Digər tərəfdən isə immun sistemini aktivləşdirərək şişə qarşı müdafiəni gücləndirir. Tədqiqatçılar gələcəkdə bu üsulun digər xərçəng növlərində də sınaqdan keçirilməsini və insanlarda istifadəsi üçün daha təhlükəsiz tətbiq yollarının hazırlanmasını planlaşdırırlar.

Vardanyanın məhkəmə istintaqı yekunlaşdı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 16-da davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub. Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. Sonra R.Vardanyanın müdafiəçisi Emil Babışov iki vəsatət təqdim edib. Bildirib ki, sentyabrın 16-da keçirilmiş məhkəmə prosesi zamanı hüquqlarını qoruduğu təqsirləndirilən şəxs Ruben Vardanyan bir neçə vəsatət verib. Həmin vəsatətlərdən biri də şahid qismində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsinin məhkəmədə iştirakının təmin edilərək dindirilməsi barədə olub. Emil Babışov qeyd edib ki, müdafiə tərəfinin mövqeyinə görə, həmin təşkilatın nümayəndəsinin məhkəmədə şahid qismində iştirakı zəruridir. Belə ki, təqsirləndirilən şəxsin bildirdiyinə görə, ibtidai istintaq zamanı, eləcə də məhkəmə istintaqı dövründə müxtəlif vaxtlarda BQXK-nın nümayəndələri Ruben Vardanyanın müvəqqəti saxlanıldığı yerə gələrək, onunla görüşüblər. Onun ərzaqla və geyimlə təmin olunmasına, ailə üzvləri ilə əlaqə saxlanılmasına köməklik göstəriblər. Vəkil bildirib ki, təqsirləndirilən şəxsin mövqeyinə əsasən, Komitə nümayəndəsinin məhkəmədə iştirakının təmin olunmasında əsas məqsəd onun cinayət prosesində statusunun müəyyənləşdirilməsindən ibarətdir. Bu səbəbdən, BQXK-nın nümayəndəsinin məhkəmədə şahid qismində iştirakının təmin olunmasına köməklik göstərilməsini xahiş edir. Təqsirləndirilən Ruben Vardanyan da hüquqlarını qoruyan vəkilinin vəsatətini müdafiə etdiyini bildirib. Vəsatətə münasibət bildirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Ruben Vardanyanın hazırda məhkəmədə baxılan cinayət işi üzrə statusunun təqsirləndirilən şəxs olduğunu xatırladıb. Vurğulayıb ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq təqsirləndirilən şəxs qismində cəlb olunub və ona ittiham elan edilib. Bundan başqa, ona hüquqları izah olunub və bu barədə bildirişlər təqdim edilib, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilib. Bir ilə yaxındır davam edən məhkəmə prosesində təqsirləndirilən şəxs kimi öz hüquqlarından istifadə edir, hüquqlarını müdafiə edir, eləcə də vəsatətlər verərkən Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsinə dəfələrlə özü istinad edib. Təqsirləndirilən şəxs kimi hüququndan istifadə edərək məhkəmə baxışı zamanı ifadə verməkdən də imtina edib. Zəruri hesab etdikdə təqsirləndirilən şəxs qismində zərərçəkənlərə, şahidlərə suallar verir. İttiham tərəfi hesab edir ki, Ruben Vardanyan özü də təqsirləndirildiyi cinayət işi üzrə prosessual statusunu başa düşür və dərk edir. Göstərilən halda hər hansı beynəlxalq təşkilatın nümayəndəsinin məhkəmədə verəcəyi ifadənin şəxsin statusunu necə dəqiqləşdirəcəyi və ya nəyi müəyyənləşdirəcəyi təbii ki, qeyri-müəyyən haldır. Digər tərəfdən, beynəlxalq təşkilatın nümayəndəsi məhkəmə prosesində hansısa şəxsin statusunu müəyyənləşdirmir. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamını müdafiə edən prokuror məhkəmədən vəsatətin təmin olunmamasını xahiş edib. Məhkəmə tərəfləri dinlədikdən sonra yerində müşavirə keçirərək qərar qəbul edib. Qərara əsasən vəsatət təmin olunmayıb. Qərarı əsaslandıran zaman sədrlik edən Zeynal Ağayev verilmiş vəsatətin baxılan işə aidiyyətinin olmadığını, hansısa bir sübut əhəmiyyəti daşımadığını və bu səbəbdən də rədd edildiyini deyib. Əlavə edib ki, məhkəmə şəxsin təqsirli olub-olmaması məsələsinə baxır. Hansısa beynəlxalq təşkilatın nümayəndəsinin bununla bağlı deyəcəklərinin məhkəmə üçün heç bir əhəmiyyəti yoxdur. Sonra vəkil Emil Babışov məhkəməyə ikinci vəsatəti təqdim edib. Bildirib ki, cinayət işinin materiallarında iş üzrə təqsirləndirilən Ruben Vardanyanın istifadəsində olmuş ofisə və yaşadığı evinə baxış keçirilməsinə dair protokol və videomaterialların toplandığı disklər var. Müdafiə tərəfinin mövqeyinə görə, müvafiq istintaq hərəkətləri aparılarkən çəkilmiş videolardakı bəzi faktların aydınlaşdırılmasına zərurət olduğundan, müstəntiqin məhkəmədə şahid qismində iştirakı təmin edilərək dindirilməlidir. Təqsirləndirilən Ruben Vardanyan vəsatəti müdafiə etdiyini deyib. Vəsatətə münasibət bildirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev müdafiə tərəfinin vəsatətinin əsassız olduğunu deyərək fikrini belə əsaslandırıb ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 95-ci maddəsində cinayət işi ilə əlaqədar səlahiyyətlərini yerinə yetirmiş müstəntiqin dindirilməsi üçün konkret əsaslar müəyyənləşib. Hazırda baxılan cinayət işi üzrə məhkəmə prosesində bu hallar aşkar olunmayıb. İttiham tərəfi hesab edir ki, müstəntiqin iş üzrə şahid qismində dindirilməsində zərurət yoxdur və müdafiə tərəfi fikrini kifayət qədər əsaslandırmayıb. Qeyd edilənlər nəzərə alınmaqla vəsatətin rədd olunması xahiş edilib. Məhkəmə tərəflərin fikirlərini dinləyərək qərar qəbul edib. Qərara əsasən, verilmiş vəsatət rədd edilib. Qərar əsaslandırılan zaman vurğulanıb ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 95-ci maddəsində şahid qismində dindirilə bilməyən şəxslər müəyyən edilib və müstəntiq həmin şəxslərə aiddir. Bundan sonra iclasa sədrlik edən hakim Zeynal Ağayev məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikirlərini öyrənib. Tərəflər məhkəmə istintaqının yekunlaşmasına və çıxışların başlanılmasına etiraz etmədiklərini bildiriblər. Dövlət ittihamını müdafiə edən prokurorlar çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyiblər. Məhkəmənin növbəti iclası dekabrın 18-nə təyin olunub. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Rusiya bu açıqlama ilə özünü gülünc vəziyyətə saldı

Bir neçə gün əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski rusların guya nəzarətə götürdüklərini elan etdikləri Kupyansk şəhərindən çəkiliş paylaşmışdı. Kremldə bu videonu gördükdən sonra bildirdilər ki, Zelenskinin Kupyanskdakı videosu 2022-ci il fevralın 23-də, yəni “xüsusi hərbi əməliyyat”ın başlamasından bir gün əvvəl çəkilib. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə politoloq Dadaş Əhmədli qeyd edib. Politoloq bildirib ki, Rusiya rəsmiləri Kupyanskın nəzarət altına alındığını elan etməkdən daha tez ifşa olunan yalan danışmış olublar: “Kreml rəsmilərinə inansaq, belə çıxır ki, Ayfon-17 Pro Maks (iPhone 17 Pro Max) istehsalından təxminən 4 il əvvəl Zelenski onu “icad və istehsal” edib və hətta çəkiliş də aparıb”.

Ağdamda bu işlərə 32 milyon manat xərclənəcək

Ağdam şəhərinin binalarında daxili kommunikasiya işlərinin görülməsi və avadanlıqların alınması üçün 31,9 milyon manat vəsait ayrılıb. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, bununla əlaqədar Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti "Diler İnşaat" QSC ilə müqavilə imzalayıb. Ağdam şəhərinin 5 nömrəli yaşayış massivi üzrə yaşayış və qeyri-yaşayış binalarını əhatə edən müqavilənin ümumi dəyəri 31 milyon 934 min 173,84 manatdır. Dekabrın 11-də başlanan təmir işlərinin bir il ərzində tamamlanması nəzərdə tutulub. Qeyd edək ki, “Diler İnşaat” QSC 2016-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan şirkətin qanuni təmsilçisi Elxan Süleymanovdur.

19 yaşlı qız dəm qazından öldü

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Sozcu.az xəbər verir ki, dekabrın 15-i saat 16 radələrində 2006-cı il təvəllüdlü Züleyxa Hüseynova yaşadığı Xəzər bağlar sahəsindəki evin hamam otağında dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Elm və Təhsil Nazirliyi noyabrda keçirilən tədbirlərin təşkilinə 5 milyon manata yaxın vəsait xərcləyib – Tender elan olunmayıb

Elm və Təhsil Nazirliyi (ETN) Noyabr ayında keçirilən bir sıra tədbirlərin təşkili ilə əlaqədar xidmətlərə 4 906 519 AZN xərcləyib. Pravda.az-ın xəbərinə görə, xidməti “”Simplex” QSC göstərib. Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi və QSC arasında bağlanan müqavilə üzrə satınalma proseduru “bir mənbə metodu” ilə həyata keçirilməyib, yəni rəqabət təmin olunmayıb. Şirkət, demək olar, Təhsil Nazirliyinin tenderlərini əldə edir. Nizamnamə kapitalı 2 000 AZN-dir.

18 yaşadək işçilərlə bağlı yenilik – Rəsmi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədilə yenilik tətbiq edilib. Sozcu.az xəbər verir ki, yeniliyə əsasən, sistemə bu yaş kateqoriyasına aid işçilər üçün əmək məzuniyyətinin qanunvericilikdə nəzərdə tutulan müddətdən (16 yaşınadək işçilər üçün 42 təqvim günündən, 16 yaşdan 18 yaşadək işçilər üçün isə 35 təqvim günündən) az daxil edilməsi texniki baxımdan mümkün olmur. Eyni zamanda, iş vaxtının müddətinin qanunvericilikdə nəzərdə tutulan müddətdən (16 yaşınadək işçilər üçün həftə ərzində 24 saatdan, 16-18 yaş arası işçilər üçün isə 36 saatdan) artıq daxil edilməsi sistem tərəfindən məhdudlaşdırılıb. Bu yenilik 16 yaşdan 18 yaşadək işçilərlə əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulmasına, ƏMAS-da məlumatların düzgün formalaşdırılmasına xidmət edir. Həmçinin ƏMAS-a daha bir funkisonallıq əlavə edilməklə, işçilərə bu e-sistem üzərindən real vaxt rejimində əsas iş yerləri ilə yanaşı, artıq əlavə iş yerləri barədə də arayışları əldə edə bilmək imkanı yaradılıb.

Fotolar paylaşıb, yardım adı ilə 200 min ələ keçirdi - Video

Sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq dələduzluq etməkdə şübhəli bilinən 30 yaşlı Rəsul Həsənov saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, o, xəstə, müalicəyə ehtiyacı olan körpələrin foto və video görüntülərini İnstaqram sosial şəbəkəsində yaratdığı "Zəhra balama yardım", "Körpə balama dəstək", "Əli üçün yardım", "Yusif serebral iflic" və s. səhifələrdə paylaşaraq təcili yardım edilməzsə, körpələrin həyatı üçün təhlükə yarana biləcəyini qeyd edib. R.Həsənov yardımların köçürülməsi üçün istifadəsində olan bank kartlarını da həmin paylaşımların üzərində yerləşdirib. Ağır xəstəliyi olan uşaqların görüntüləri, emosional musiqi və mətnlərdən təsirlənən vətəndaşlar isə qeyd edilən kartlara 1 manatdan 500 manata qədər, ümumilikdə isə 200.000 manata yaxın pul vəsaiti köçürüblər. Saxlanılan şəxs həmin pulları nağdlaşdıraraq şəkillərini paylaşdığı uşaqların ailələrinə yox, öz şəxsi ehtiyaclarına xərcləyib. R.Həsənovdan iş üzrə əhəmiyyət kəsb edən məlumat və elektron sübutlar aşkar olunaraq götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir. Vətəndaşlara tövsiyə edilir ki, sosial şəbəkələrdə yardım adı altında yerləşdirilən bu tipli məlumatlarla qarşılaşan zaman bir qədər diqqətli olsunlar. Həmçinin, sosial şəbəkə istifadəçilərini dəqiqləşdirilməmiş məlumatlara inanaraq pul köçürmə əməliyyatlarından çəkinməyə çağırırıq.

AB Ukrayna üçün təhlükəsizlik zəmanətlərini açıqladı

Avropa liderləri Ukraynaya sülh zəmanətləri ilə bağlı birgə bəyanat yayıblar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Məlumata görə, AB liderləri Ukrayna üzrə bir neçə öhdəlik götürür: 1. Sülh dövründə sayı 800 min nəfərə çatacaq Ukrayna ordusunu gücləndirmək üçün Kiyevə davamlı dəstək; 2. ABŞ-ın dəstəyi ilə Ukrayna qüvvələrinin imkanlarını, havada və dənizdə təhlükəsizliyi bərpa etmək üçün Avropa çoxmillətli qüvvələrinin yaradılması; 3. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq atəşkəs monitorinqi və nəzarət mexanizminin yaradılması; 4. Yeni silahlı hücum halında birgə fəaliyyət üçün hüquqi öhdəliklər; 5. Ukraynanın bərpasına investisiyalar, iqtisadi əməkdaşlıq və Rusiyanın vurduğu zərərlərin, o cümlədən dondurulmuş aktivlər vasitəsilə kompensasiya; 6. Ukraynanın AB-yə daxil olmasını dəstəkləmək. Qeyd edək ki, bəyanat artıq AB rəhbərliyi, eləcə də Almaniya, Danimarka, Finlandiya, Fransa, İtaliya, Litva, Lüksemburq, Norveç, Polşa, İsveç, Böyük Britaniya və Portuqaliya liderləri 

Qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - SABAHIN HAVASI

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 3-6, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

Gizir Xanıya şəhidlik statusu verildi

Ağdamda minaya düşərək həlak olan Gizir Xanıya şəhidlik statusu verilib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, 23 sentyabr tarixində rayonun Mirəşelli kənd ərazisində minaya düşərək həlak olan Gizir Xanı kimi tanınan Səyyaf Əhmədova mülki şəhid statusu verilib. Bu barədə məlumatı S.Əhmədovun yaxınları təsdiqləyib. Qeyd edək ki, S.Əhmədov uzun müddət Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmət edib. 44 günlük Vətən müharibəsində də könüllü olaraq xidmət edib.

AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi

AB iki Azərbaycan vətəndaşına qarşı sanksiyalar tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə AB-nin rəsmi jurnalında dərc olunmuş AB Şurasının Qətnaməsində deyilib. Məlumata görə, Tələt Səfərov və Etibar Əyyub sanksiya siyahısına daxil edilib. Qeyd edək ki, Böyük Britaniya da may ayında Tələt Səfərov və Etibar Əyyubu sanksiya siyahısına əlavə etmişdi.

Qazaxıstanda 3 nəfər donaraq öldü

Qazaxıstanda kəskin soyuqlar səbəbindən üç nəfər donaraq ölüb. Sozcu.az xəbər verir ki bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Məlumata görə, itkin düşmüş 57, 25 və 35 yaşlı üç kişinin meyiti tapılıb. Onların hamısının hipotermiyadan öldüyü bildirilib.

Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq

Bəzi müəssisələrdə əlavə ödənişlərin tələb edilməsi, tibbi sərfin vətəndaşa aldırılması, imtiyazlı xəstələrə dərman təminatının qanunvericiliyə uyğun təşkil edilməməsi və s. kimi hallar yolverilməzdir. Sozcu.az xəbər verir ki, bu fikirlər TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərliyi ilə "İlin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə dair" keçirilən müşavirədə səsləndirilib. Müşavirədə eyni zamanda tibb müəssisələrində tibbi xidmətin təşkilində mövcud çətinliklər, idarəetmə və maliyyə proseslərində rast gəlinən nöqsanlar, həmçinin neqativ hallarla bağlı xəbərdarlıqlar diqqətə çatdırılıb. Bununla yanaşı, aparılan yoxlamalarda ayrı-ayrı tibb müəssisələrində sterilizasiya, infeksiyaya nəzarət və keyfiyyət standartlarının tələblərinə tam əməl olunmaması ilə bağlı müşahidələrin qeydə alındığı bildirilib. Vüqar Qurbanov məsul şəxslərə nəzarətin gücləndirilməsi və aşkarlanan çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.

Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi

Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib. Sozcu.az xəbər verir ki, bu barədə Gültəkin Hacıbəyli özü sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, bu gün ona 5 il müddətinə Türkiyədən deport olunması ilə bağlı rəsmi qərar təqdim olunub. Qeyd edək ki, Gültəkin Hacıbəyli noyabrın 29-da Türkiyədə saxlanılıb.

Sumqayıtda 19 yaşlı qız dəm qazından boğularaq öldü

Sumqayıt şəhərində 19 yaşlı qız dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə şəhərin Xəzri yaşayış massivində yerləşən fərdi evlərin birində baş verib. 2006-cı il təvəllüdlü Züleyxa Niyaz qızı Hüseynova yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

"Sülh danışıqlarında ABŞ və Rusiyanın tələbləri ədalətsizdir" - Zelenski

"Kiyev atəşkəs və təhlükəsizlik zəmanətləri tələb edir…" Ukrayna prezidenti Vladimir Zelenski ABŞ və Rusiya tərəfindən irəli sürülən bəzi tələbləri ədalətsiz hesab etdiyini açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri  yazıb. "Harada dayanmışıqsa, orada qalmalıyıq" Məlumatda deyilir ki, Zelenski bu fikirləri "WhatsApp" üzərindən keçirilən onlayn brifinqdə səsləndirib. Onun sözlərinə görə, atəşkəs üçün ən ədalətli variant döyüşlərin hazırkı cəbhə xətti üzrə dondurulmasıdır. Prezident bildirib ki, "harada dayanmışıqsa, orada qalmaq" prinsipi real atəşkəs deməkdir və yalnız bundan sonra diplomatik danışıqlara keçmək olar. Lakin Rusiya bu yanaşmanı qəbul etmir və Donbasdan Ukrayna qoşunlarının çıxarılmasını tələb edir. Zelenski qeyd edib ki, bu mövzuda ABŞ nümayəndələri ilə açıq danışıb və rus tərəfinin tez-tez dezinformasiya yaydığını izah etməyə çalışıb. O, Kupyansk nümunəsini xatırladaraq, Rusiyanın şəhərin guya işğal edildiyi barədə iddialarının reallığa uyğun olmadığını vurğulayıb. Bufer zona və simmetriya məsələsi Prezidentin sözlərinə görə, ABŞ tərəfi müəyyən mərhələdə Ukrayna qoşunlarının nəzarət etdiyi ərazilərdən geri çəkilməsi variantını təklif edib. Zelenski bu yanaşmanı ədalətsiz adlandıraraq bildirib ki, əgər cəbhə xətti boyunca bufer və ya iqtisadi zona yaradılacaqsa, geri çəkilmə simmetrik olmalıdır. "Əgər Ukrayna qoşunları 5-10 kilometr geri çəkilirsə, niyə Rusiya qüvvələri də işğal olunmuş ərazilərin dərinliyinə eyni məsafədə çəkilmir?" - Zelenski sual edib. "The Telegraph" yazır ki, ABŞ-ın Donbasda "azad iqtisadi zona" ideyasına cavab olaraq Kiyev Rusiyanın da bu bölgədən qoşunlarını çıxarmasını təklif edib. Ukraynalı ekspertlər isə bildirir ki, Moskva Donetsk və Luqansk vilayətlərinin tam boşaldılmasını tələb etməklə gələcək ərazi iddialarına zəmin yaratmağa çalışır. "Zaman gücə hörmət tələb edir" Zelenski vurğulayıb ki, hazırkı mərhələdə sülh danışıqları dəyərlərdən çox güc amili üzərində qurulub. Onun sözlərinə görə, Ukrayna atəşkəsdən sonra müharibənin yenidən başlanmasını istəmir və buna görə də Kiyev üçün əsas şərt hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətləridir. Prezident Budapeşt Memorandumunun uğursuz təcrübəsini xatırladaraq, ABŞ-la NATO-nun 5-ci maddəsinə bənzər mexanizmlərin müzakirə edildiyini bildirib. O, sülh planına dair son təkliflərə ABŞ-dan hələ rəsmi cavab alınmadığını, lakin Kiyevin dialoqa hazır olduğunu vurğulayıb. Zelenskinin sözlərinə görə, yekun sülh planı hamını qane etməyə bilər, lakin əsas məsələ onun Ukrayna üçün ədalətli, real və effektiv olmasıdır: :Bu plan Rusiyanın gələcəkdə yeni təcavüzə başlamasına imkan verməməlidir".

"Onların etdiyi böyük tərbiyəsizlikdir" - Roza Zərgərli

"Dünya səhnələrinə baxsaq, oturaraq ifa edən bir çox müğənni var. Bu həm də mahnılara düşünülmüş səhnə idi". Sozcu.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Afaqla onlar" verilişində deyib.  O, səhhətində yaranmış problemdən danışıb:  "Mənim bu hərəkətimi səhhətimdə problem var kimi göstərən sosial şəbəkədəki hər kəsə çox əsəbiləşdim. Bu, çox böyük tərbiyəsizlikdir. Mənim ayağımda olan problemi illərdir hər kəs bilir. Vəziyyətim ağırlaşmışdı. Yayda əməliyyat olundum və şükürlər olsun ki, hər şey yaxşıdır. Əməliyyatdan sonra baş tutan konsertimi təxirə sala bilmədiyim üçün orada axsamağım hiss olunurdu".

İşləyənlərin maaşından bu qədər vəsait tutulacaq

İşə gecikməyə görə işçinin maaşından vəsait tutulmasının qanunvericiliyə uyğun olub-olmaması məsələsi tez-tez müzakirə edilir. Maraqlıdır, işə gecikməyə görə işçinin maaşından tutula bilərmi? Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, işçinin işə gecikməsi halında ilk növbədə ona xəbərdarlıq edilməlidir. Onun sözlərinə görə, növbəti mərhələdə işçiyə töhmət verilə bilər. Hüquqşünas qeyd edib ki, işçiyə gecikməyə görə hər hansı cərimənin tətbiq edilməsi və ya maaşından tutulma yalnız müəyyən şərtlər daxilində mümkündür: “Əgər işçiyə gecikməyə görə cərimə verilməsi və ya hər hansı formada cərimə ödənişinin tələb olunması müəssisə rəhbərliyi ilə həmkarlar ittifaqı arasında bağlanmış kollektiv sazişdə öz əksini tapıbsa, bu halda cərimənin tətbiqi mümkündür”. Ramil Süleymanov vurğulayıb ki, belə bir kollektiv saziş mövcud olmadığı təqdirdə işçiyə cərimə yazılması qanunsuzdur: “Bu məsələ ilə bağlı yalnız daxili əmr verilməsi əsassız hesab olunur və hüquqi qüvvəyə malik deyil”. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən işçilərin əmək hüquqları qorunur və işəgötürənlər yalnız qanunla müəyyən edilmiş qaydalar çərçivəsində intizam tənbehi tədbirləri görə bilərlər.

Kilsə siyasi partiyaya çevrilib - bu, qəbuledilməzdir - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katalikosu II Qareginlə “müharibəni” davam etdirir. Sozcu.az-ın məlumatına görə, Nikol Paşinyan Facebook-da paylaşdığı videoda bildirib ki, Ermənistandakı adi kilsələrdə mənəvi mövzularda moizələrə çoxdan rast gəlinmir. O keşişləri siyasiləşməkdə ittiham edib. "Onlar siyasi mətnlər yazırlar. Kilsə siyasi partiyaya çevrilib ki, bu da qəbuledilməzdir. Mən bu hadisədən xəbərsiz idim; mənə hazırkı kilsə rəhbərinin (II Qaregin-red.) hava limanında "İnsanlar haradadır?" deyə soruşduğunu göstərdilər. Amma orada heç kim yoxdur. İnsanlar yoxdur, çünki o, xalqla birlikdə deyil, çünki onları kilsədən uzaqlaşdırıb", - deyə Paşinyan qeyd edib.

“Moskva Bakının gözünü qorxutmaq istəyir” – Elçin Şıxlı

“Rusiya Azərbaycana qarşı bütün siyasi, diplomatik və mədəni təsir vasitələrini itirib. Azərbaycan özünün müstəqil siyasətini yürüdür. Artıq bölgədə regional gücə çevrilib. Ən əsası, Zəngəzur dəhlizi açılan kimi Azərbaycan ümumiyyətlə Rusiyanı bütün tranzit yollarından məhrum edəcək. Artıq heç kim Avropaya Rusiya vasitəsi ilə yük daşımayacaq”. Bu sözləri “Yeni Sabah”a Azərbaycan Jurnalistlər Birliyinin (AYB) sədri Elçin Şıxlı deyib. O, Rusiyada Azərbaycan diasporuna qarşı növbəti zorakılıq hallarını şərh edib: “Ruslar belə düşünür ki, Azərbaycan diasporunun üzvlərini, Rusiyanın azərbaycanlı vətəndaşlarını sıxışdırmaqla Bakını qorxuda bilərlər. BUndan bir qədər əvvəl münasibətlərədə guya yumşalma olmuşdu. Əslində, heç bir yumşalma yoxdur. Dekabrın 24-də "Ural Azərbaycan" Cəmiyyətinin sədri Şahin Şıxlinskinin məhkəməsi keçriləcək. Əsası olmayan ittihamlara görə, ona ən azı 25-30 il iş kəsilə bilər. Bu, onun üçün ömürlük həbs kimi bir şeydir. Şahinə, oğlu Mutvalıya və digər həbs edilmiş şəxslərlə bağlı əsas ittiham 2001-2002 və 2011-2012-ci illərdə guya baş verən cinayət və qətl hadisələridir. Həmin illərdə Mutvalının 1 yaşı olub. Təsəvvür edin, bu ittihamların sırasında uşağı da günahlandırırlar. Şahin Şıxlinskini həbs etdikdən sonra Mustafayev soyadlı birini Sverdolvsk vilayətində onun yerinə diaspor rəhbəri təyin etdilər. Həmin adam Şahinin əleyhinə saxta ittihamlar irəli sürürdü. Sonra ruslar gördü ki, həmin adamın heç bir nüfuzu yoxdur və əsl kriminal elə özüdür, onu da həbs etdilər”. E. Şıxlı vurğulayıb ki, Voronejdə Azərbaycan disaspor nümayəndələrinə qarşı keçirilən əməliyyat Aktauda baş verən təyyarə qəzasına dair yekun istintaq nəticəsi ilə əlaqədardır: “Rusiya qəza ilə bağlı yekun istintaq nəticəsini bu ayın sonu elan edəcək. Nəticənin elan olunmasından sonra Azərbaycanın özünü necə aparmasından xeyli mətləb asılı olacaq. Lakin Azərbaycan belə addımlardan qorxmur. Ruslar hesab edir ki, azərbaycanlılar Rusiyada çalışıb, öz ölkələrinə külli miqdarda pul vəsaiti köçürür. Orada çalışan azərbaycanlı öz ailəsinə 100 dollar göndərirsə, ən az 300 dollar Rusiyada qalmağına xərcləyir. Soydaşlarımız o pulu oturduqları yerdə qazanmır. İşləyir, əziyyət çəkir. Rusiyanın işçi resursuna ciddi ehtiyacı var. Ona görə də Moskvanın hay-küy salması əsassızdır”. Xatırladaq ki, dekabrın 14-də Rusiya xüsusi təyinatlı polis dəstəsi (SOBR) Voronej vilayətində Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirib. Əməliyyat nəticəsində bir neçə soydaşımız saxlanılıb.

TƏBİB sədri Eldar Mahmudovun qohumuna vəzifə verdi

Əli Mahmudov bir müddət əvvəl Nizami Tibb Mərkəzinin təsərrüfat işləri üzrə direktor müavini təyin edilib.  Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. Qeyd edək ki, Əli Mahmudov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.

Prezident fərman imzaladı

Prezident İlham Əliyev İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: 1. “Bir pəncərə” informasiya sistemi (bundan sonra – Sistem) yaradılsın. 2. Müəyyən edilsin ki: 2.1. xarici ticarət fəaliyyətinin həyata keçirilməsi ilə bağlı Sistem vasitəsilə aşağıdakılar təmin edilir: 2.1.1. tələb olunan sənədlərin, o cümlədən kommersiya və nəqliyyat sənədlərinin təqdim edilməsi; 2.1.2. nəqliyyat vasitələrinə və daşınan mallara dair tələb olunan sənədlərin və məlumatların elektron qaydada tərtib edilməsi; 2.1.3. sərhədkeçmə prosedurları, daşıma qaydaları və şərtləri ilə bağlı məlumat verilməsi, eləcə də istifadəçilərin müraciətlərinin qəbulu və cavablandırılması; 2.1.4. yükdaşıma müqavilələrinin elektron qaydada bağlanılması, eləcə də bağlanılmış müqavilələrin təqdim olunması; 2.1.5. daşınan yüklərin bütün hərəkət marşrutu boyunca izlənilməsi; 2.1.6. ödənişlər aparılması, eləcə də həmin fəaliyyətlə bağlı statistik məlumatların əldə edilməsi; 2.2. Sistemin sahibi funksiyalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti, operatoru funksiyalarını isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir; 2.3. Sistemlə lisenziya və icazələr (o cümlədən uyğunluğunun qiymətləndirilməsi ilə bağlı sertifikatlar və şəhadətnamələr), gömrük, vergi, qida təhlükəsizliyi, kənd təsərrüfatı, avtomobil nəqliyyatı sahələrində dövlət xidmətləri göstərilməsi, vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu, fiziki şəxslərin identikləşdirilməsi, ölkəyə gəlməsi, qeydiyyatı və ölkədən getməsi ilə bağlı informasiya sistemləri və ehtiyatları, habelə mülki aviasiya, dəmir yolları və dəniz nəqliyyatı sahələrində fəaliyyət göstərən qurumların, eləcə də ödənişlər aparılması, mülki məsuliyyətin və daşınan yüklərin sığortalanması üzrə ödəniş xidməti təchizatçılarının (kredit təşkilatlarının) və sığorta təşkilatlarının informasiya sistemləri və ehtiyatları arasında Azərbaycan Respublikasının normativ hüquqi aktları (məlumatların tərkibinin və məlumat mübadiləsinin hüquqi əsaslarını tənzimləyən) ilə müəyyən edilmiş hədlərdə məlumat mübadiləsi Elektron Hökumət İnformasiya Sistemi üzərindən aparılır. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. doqquz ay müddətində: 3.1.1. Sistemin əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.1.2. beynəlxalq təcrübə nəzərə alınmaqla, idxal-ixrac, tranzit, nəqliyyat və logistika sahələrində fəaliyyətin rəqəmsallaşdırılmasının təmin olunması məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təklifləri əsasında Sistemin fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlər görsün; 3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi: 4.1. Sistemin aparılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlər görsün; 4.2. Sistemin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün; 4.3. Sistem vasitəsilə aparılan əməliyyatlara dair aylıq hesabatı onunla inteqrasiya olunan informasiya sistemlərinin və ehtiyatlarının mülkiyyətçilərinə (sahiblərinə və ya operatorlarına) təqdim etsin. 5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

Sabah qar yağacaq, yollar buz bağlayacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, sabah şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta, gündüz 2-6 dərəcə şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.