“İcra başçılarının o vəzifəyə necə təyin olunmasını heç kim araşdırmır”

“Məsələ belədir ki, bu adamların həbs olunmağı lazımdı, amma bunu cəmiyyətin sevinclə qarşılamasını başa düşə bilmirəm. Çünki kimsə həbs olunanda bu bir Azərbaycan ailəsini bədbəxtliyidir, axı o həbs olunan insanın da ailəsi, anası, bacısı var”

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli deyib. Yazıçı bütün bu həbslərin kökünün araşdırılmasının vacibliyini vurğulayıb:

“Hadisələri izləyirəm və sözsüz ki, bir Azərbaycan vətəndaşı kimi bu hadisələrin daxilində məndə bir reaksiya yaranır. Məsələ belədir ki, bu adamların həbs olunmağı lazımdı, amma bunu cəmiyyətin sevinclə qarşılamasını başa düşə bilmirəm. Çünki kimsə həbs olunanda bu bir Azərbaycan ailəsini bədbəxtliyidir, axı o həbs olunan insanın da ailəsi, anası, bacısı var. Bu övladlar Azərbaycan mühitində yetişəcək və bunlar indidən “zəhərlərinirsə”, beyinlərində travma yaranırsa, onlar cəmiyyət üçün necə bir xeyirli insan ola bilərlər?! Mən bir yazıçı kimi məcburam ki, məsələyə bu tərəfdən də yanaşım. Bu haqda dəfələrlə demişəm kim ki, vəzifədədir onun barəsində mətbuatda güldən ağır söz yazan olmur, əksinə təriflər yazırlar, yaltaqlanırlar. Onlar vəzifədən çıxan kimi onu tərifləyən adamlar hücuma keçirlər. Bu isə sağlam cəmiyyətdə mümkün deyil, sağlam cəmiyyətin qanunları insana münasibət əsasında qurulmalıdır, insana, əxlaqa, mənəviyyata yönəldilməlidir. Cinayət hadisəsi də ətraflı təhlil olunmalı və cəmiyyətə məlumat verilməlidir ki, onu tanısınlar. Bunu isə heç kəs axtarmaq fikrində deyil. O “irini” tapıb cəmiyyətin canından çıxarmayınca bu hadisələr davam edəcək və biz hər gün səhər oyananda görəcəyik ki, kimsə həbs olunub.

İcra başçılarının o vəzifəyə necə təyin olunmasını heç kim araşdırmır. Ümumiyyətlə, ölkənin ən böyük siyasəti kadr siyasətidir. Sovet dövründə kadr siyasəti elə qurulmuşdu ki, bir adamın yerinə ən azı 10 nəfər namizəd var idi. Hər hansı bir hadisə baş verəndə, həmin adam vəzifədən uzaqlaşdırılanda onun yerinə real namizəd olurdu. Həmin adam da vəzifə başında olduğu müddətdə insanların taleyi ilə məşğul olurdu. Azərbaycan xalqı deyilən dəyər abstarkt bir söhbət deyil, Azərbaycan xalqı bütövlükdə ölkənin ailələrindən ibarətdir. Bu ailələrin taleyini isə hökmən düşünmək lazımdır. Cəmiyyətdə çox şübhəli məqamlar yaranır. Mən heç kəsin tutulmağının tərəfdarı deyiləm. Demirəm Əbülfəs Qarayevi tutsunlar, onunla heç bir münasibətim yoxdur, heç xahiş də etməmişəm. Amma söhbət ondadır ki, bir idarə balıq başdan iylənən kimi başından iylənirsə, burda şübhəli məqamlar yaranır, xalqın əxlaqı pozulur. İnsanlar fikirləşir ki, necə olur böyük qalıb qıraqda yapşıblar balacaların yaxasından. Ailənin başçısı ailəsinə cabdeh olduğu kimi, idarənin də başçısı rəhbəri olduğu idarəyə görə cavabdehlik daşımalıdır. Ümumiyyətlə, bunlar çox mürəkkəb məsələlərdir, araşdırmaq lazımdır. Millətə qaranlıq məqamlar açıqlanmalıdır, çünki insanlar şübhə və qorxu içində yaşadıqca, ciddi yaradıcı əməklə məşğul ola bilmir. Bütün bunları nəzərə alınmalıdır. Bunları fikirləşəndə çox daxili sarsıntılar keçirirəm. Millətin gələcəyi belə şeylərdən çox asılıdır”.

Facebook Comments