Bir kənddən ikinci dünya müharibəsinə baxış

Sərxan Carçı

22 iyun 1941-ci ildə Almaniya Sovet İttifaqına qarşı müharibəyə başlayıb. 1941-1945-ci illərdə ölkəmizin 600 mindən çox oğlan və qızları cəbhəyə yollanıb. Bəşəriyyətin ən ağır dövrü olan II dünya müharibəsində həlak olan 57 milyon adamdan 27 milyonu sovet vətəndaşı olmuşdur ki, onlardan da 300 mindən çoxu azərbaycanlı idi.
Sovet dövrünü görmüş bütün insanlar kimi mənə də II dünya müharibəsi mövzuzu həmişə çox maraqlı gəlib. Və hələ məktəb illərindən bu barədə daha çox bilmək üçün daha çox oxumağa, kiçik araşdırmalara başlamışdım.

Ana babam Göyüşov Əlinin atası Göyüşov İbrahim Kazım oğlu 1941-ci ildə müharibəyə çağırılıb və bir daha geri dönməyib. İbrahim Göyüşov barədə o dövrdə ölüm xəbərinə deyilən “qara kağız” gəlməyib. İtkin düşməyi barədə xəbər gəlib. Həyat yoldaşı Səlimə və qohumları bu xəbərə ağlayıb, sızlasalar da, o dövrdə bu cür xəbər alan yüz minlərlə sovet vətəndaşı kimi bir qədər də təmkinlə qarşılayıblar. Zarafat deyil, hər nə qədər bu gün ona qarşı kəskin tənqidi mövqedə dayansaq da, “xalqlar atası” Stalinin də, cəllad Mircəfər Bağırovun da övladları müharibəyə gedirdilər, əsir düşürdülər, həlak olurdular və s. Və bunu düşünən 5 oğlunu, hətta 7-8 oğlunu müharibəyə göndərib  itirən ata-analar özlərinə bir qədər təsəlli tapa bilirdilər.
(Bu yazını yazan günlərdə belə bir məlumat eşitdim ki, Mircəfər Bağırovun müharibədə həlak olan oğlu Cahangirin Yasamal qəbiristanlığına dəfn olunan tabutu boş imiş)
Göyüşov İbrahimin itkin düşməsi barədə xəbər gələndə oğlu Əlinin, yəni babamın cəmi 3 yaşı olub. Atasından ona qalan yeganə nişanə müharibədən öncə çəkdirdiyi fotodur. Babam həmişə atasının müharibədə itkin düşdüyünü və hansısa çətinliklə həlak olduğunu düşünüb. Amma müharibədən uzun illər sonra, 1974-cü ildə almanlara əsir düşmüş bir kəndçimiz Türkiyədən Tiflis şəhərinə gələrək anası ilə görüşənə qədər…

Qocayev Cəfər Əsəd oğlu (Sünbül)

Arıq, hündür, sarışın, yaraşıqlı olduğuna görə hələ müharibədən əvvəl “Sünbül” ləqəbini daşıyan Əsəd Qocayev müharibədə almanlara əsir düşüb. Müharibə bitəndə əsirlər çox çətin duruma düşüb, həyatı təhlükə ilə üz-üzə qalıblar. Sovet İttifaqına qaytarılan əsirlər güllələnirmişlər deyə, əsirlər fərqli ölkələrə üz tutublar. Hətta müttəfiq qoşunların tərkibində Amerikaya qədər gedib çıxanlar olub.
Bəlli olduğu kimi M.Ə.Rəsulzadənin səyi ilə azərbaycanlı əsirlərin böyük bir qismi Misirə, oradan da Türkiyəyə keçə biliblər. Türkiyəyə keçə bilən əsirlərdən biri də Qazax rayon Çaylı kənd sakini Qocayev Cəfər Əsəd oğlu olub. Yazılanlardan oxuduğumuz gərəyincə (Musa Qocayev  “Gecələrin mahnısı”) əsirlər acından ölməsin deyə Türkiyənin imkanlı adamları onları alıb, evlərində işlədirlərmiş. Həmkəndçimiz, yaraşıqlı oğlan olan Cəfər Qocayevi də çox geniş imkanları olan bir şəxs, işləmək üçün evində işə götürür. Bu imkanlı şəxsin cəmi bir qız övladı varmış. İş elə gəririr ki, bu imkanlı şəxsin qızı evlərində işləyən əsirə vurulur. Atası nə qədər qarşısını almaq istəsə də, olmur və bunlar evlənirlər.
Sovetlərin sərt qanunları bir az loyallaşanda Cəfər Qocayev 1974-cü ildə qayınatasının imkanları hesabına və 1982-ci ildə  Azərbaycanda hüquq mühafizə orqanlarında yüksək vəzifədə çalışan qohumunun dəstəyi ilə Tiflisdə və Sumqayıtda olmaq şərti ilə anası ilə 2-3 dəfə görüşə bilib. O görüşlərdə kəndimizdən daha bir neçə nəfərin də onun yanında (Türkiyədə) olduğunu deyib. Bir neçə ad çəkib ki, biri də ana babamın atası Göyüşov İbrahim olub.
Sovet dövrünün qaydalarına, qadağalarına uyğun olaraq babam heç bir axtarışa başlamayıb. Zatən başlasa da nəticəsiz olcaqdı. Bu xəbərin üstündən bir neçə il keçəndən sonra isə babama yuxusunda deyiblər ki, sənin atan sağ idi bu gecə dünyasını dəyişdi.

Ona görə yuxarıda yazmışdım ki, bu mövzuda araşdırmanı çoxdan, lap çoxdan, hətta məktəbli vaxtlarımdan başlamışdım. Doğrudan da ilkin axtarışlarıma elə çoxdan “Sünbül” ləqəbli kəndçimiz Cəfər Qocayevin axtarışından başlamışdım. Onun kənddəki bütün qohumları ilə əlaqə saxladım. “Yadigar” ləqəbli Qədir adlı qohumunun dediklərinə görə ölkəmiz müstəqillik qazanandan sonra Türkiyədə bir neçə dəfə Cəfər Qocayevlə görüşə biliblər. İstanbulda, “Baxçalı Evlər” məhəlləsindəki evində qohumlarını dəfələrlə qonaq edib. Amma təəssüf ki, cəmi bir qız övladı olan Cəfər Qocayev doxsanıncı illərdə dünyasını dəyişəndən sonra qızı oradakı evlərini satıb və Azərbaycandakı qohumları ilə əlaqə kəsilib.
Türkiyəyə səfərimdə “Baxçalı Evlər” məhəlləsinə getsəm də, səfərim şənbə-bazar gününə düşdüyündən heç bir rəsmi qurumla əlaqə saxlayıb, bir ip ucu tapa bilmədim. Təbii ki, bu araşdırmama hələ davam edəcəm.

Amma elə ana babamın özünün məsləhəti ilə ilk araşdırmama repressiya qurbanı olmuş ata babamın axtarışından başladım. Belə ki, babam dedi ki, ata babanın arxivi daha əl çatan yerdə Milli Təhlükəsizlik Nazirliyinin arxivindədir. Gerisi artıq əksəriyyətə məlumdur ki, uzun yazışmalardan sonra nəhayətdə MTN-də rəhbərlik dəyişəndən sonra Nazirliyin arxivində işləməyə icazə aldım və bütövlükdə kəndimizin repressiya qurbanlarından bəhs edən “Bir kəndin repressiyası” adlı kitab ərsəyə gətirdim. Bu günlərdə əldə etdiyim bir ktab isə stimul oldu ki, faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində ana babam barədə, ümumilikdə kəndimizin ikinci dünya müharibəsi iştirakçıları barədə araşdırmalara başlayım.

Kitablar

Kitabsevər dostlarımdan biri bir kitab verdi ki, götür bunu, kitabxananda İrəvanda çap olunmuş kitab da olsun. 1963-cü ildə İrəvanda ərsəyə gəlmiş kitabın mövzusu əfsanəvi partizan (və legioner) Mehdi Hüseynzadənin döyüş yolu, müəllifləri isə məşhur partizan Cavad Həkimli və Vəli Seyidovdur. Kitabı öncə qardaşım Orxan Carçı oxuyası oldu və nəzərimi çox çəkən bu cümlələri mənə göstərdi:
“Otlisa vuruşmasında Qasım Qurbanov da (Azərbaycan SSR-in Qazax rayonu, Çaylı kəndi) qəhrəmancasına həlak oldu”.
Bu cümlələr stumul oldu ki, bir qədər arxa plana keçmiş mövzuya yenidən qayıdım. Yenidən müharibə mövzusunda əlimə keçən bütün kitabları oxumağa başladım. İsmayıl Şıxlının gündəlik müharibə xatirələrindən ibarət olan “Cəbhə yolları” əsərində də kəndimizdən bir nəfərin dəliqanlılığı yer alıb:
“Bir komandirimiz var. Ucaboylu, enlikürək, nəhəng bədənli, heyvərə bir şeydir. Hamımız ona “Nixay” deyirik. Bir şey olan kimi üstümüzə qışqırır. Bu gün də səngərləri gəzə-gəzə, qışqıra-qışqıra gəlib bizim manqaya çıxdı. Çaylı Əhmədin üstünə düşdü. Əhmədin kefi yox idi. Evdən məktub almışdı. Anası rəhmətə getmişdi. “Nixayı” başa salmaq istədik ki, onda işin olmasın. Sözümüzə məhəl qoymadı. Birdən ana söyüşü söydü. Əhməd rusca pis bilirdi. Əvvəl bir şey anlamadı. Sonra beli götürüb necə ilişdirdisə o boyda “Nixay” torpağa sərildi. Onu Əhmədin əlində güclə aldıq. Bir də o gündən sonra “Nixayın” ağzından ana söyüşü eşitmədik”.

Bir qədər təvazödən uzaq səslənsə də doğma Çaylı kəndi bütün qəhrəmalıq tariximizdə fərqləndiyi kimi ikinci cahan hərbində də öndə olan kəndlərdən olduq. Adları təkcə bir cümlə ilə kitabda keçməyib, barələrində ayrıca kitablar yazılıb. Yazıçı Sabir Məmmədovun qələmə aldığı “18 ay düşmən arxasında” sənədli romanı və sovet generalı Sunayevin “On bir min kilometr düşmən arxasında” sənədli kirabı həmkəndçimiz Axundov Məmməd Vəliyullah oğlunun qəhrəmanlıqlarından bəhs edir. Axundov Məmməd 1940-cı ildə hərbi xidmətə çağırılıb və müharibənin ən ağır yerlərində iştirak edib. Ukraynada “Şors” (Qara banda) partizan dəstəsinin komandiri, eyni zamanda Polşanın və Çexoslovakiyanın xalq qəhrəmanı olub.
Məmməd Axundovun qardaşı oğlu Ehtibar Axundovun dediklərinə görə əslində əmisinə Sovet İttifaqı Qəhrəmanı adı verirlərmiş. Amma imtina edib. İmtinanın səbəbi isə qəhrəmanlıq adı veriləndə ondan rüşvət istənilməsi olub. Və bu səbəbdən Məmməd Axundov uğurunda canından keçdiyi sovet hökumətini hər zaman saxtakar hökumət adlandırırmış.

Sovet saxtakarlıqları

Bu haqsızlıq nə sovet ölkələrində, nə də kəndimizdə yeganə hadisə deyil. Kəndimizin repressiya qurbanlarından bəhs edən kitabı hazırlayarkən repressiya qurbanının oğlu Mürsəl əmigilə getmişdim. O isə atası Allahverəndən daha çox ikinci dünya müharibəsində həlak olmuş böyük qardaşı Əlidən danışaraq bunları demişdi:
“Sərxan, nə yaxşı ki, gəldin. Mən bilirdim ki, əvvəl-axır bunları yazan olacaq. Mənim qardaşım Əliyə əslində Sovet İttifaqı Qəhrəmanı adı düşürdü. İvan İllaryanoviç Kamugin adlı tədqiqatçı mənim qardaşımın bütün döyüş yolunu araşdırıb yazmışdı. Hətta gözləmədiyimiz halda kəndimizə məktub da gəlmişdi ki, Əlinin tərcümeyi-halını yazın ona Sovet İttifaqı Qəhrəmanı adı verilsin. Nə lazım idi yazıb göndərdik. Amma bu ad qardaşıma verilmədi. Sadəcə medal ilə təltif olundu və məktəbin həyətində adına abidə ucaldıldı ”.


Araşdırdıqda bəlli olur ki, atasının qəhrəmanlıq ənənəsini oğlu Əli Allahverdiyev Sovet əsgəri olaraq davam etdirib. Gənc əsgər şücaətlə döyüşərək hərbi xidmətin öhdəsindən layiqincə gəlir. O qədər qəhrəmanlıqla savaşır ki, belə işlərə bir qədər qısqanclıqla yanaşan sovet komandanlığı azərbaycanlı Əliyə Sovet İttifaqı Qəhrəmanı adı verməyə məcbur olur. Amma Stalin repressiyası burada da özünü göstərir. Sovet İttifaqı Qəhrəmanı adı veriləndə bəlli olur ki, Əli repressiya qurbanının (o dövrün sözü ilə desək “vətən xaininin”) oğludur və bu ad ona verilmir, əvəzində “I dərəcəli Vətən müharibəsi ordeni” ilə təltif edilir.
Müharibə iştirakçısı olmuş babasının axtarışı ilə məşğul olan həmkəndçim Vüsal Qaraxanov Əli Allahverdiyev barədə də maraqlanıb və Rusiya arxiv saytlarından bunları tapıb:
“Allahverdiyev Ukraynada böyük qəhərəmanlıqlar göstərmişdir. 1944-cü ilin 6 yanvar tarixində düşmən ordusu  8 tank yeridərək batalyonu sıxışdırıb. Bundan sonra dəhşətli yanğına baxmayaraq Əli Allahverdyev yanğını kontrol altına alıb və telefonla kordina edib və dəqiq məlumatlar verib. Düşmənin 7 tankının məhv olmasında əməyi əvəzsizdir. Bununla o bütün kəndin batalyonun əlinə keçməsinə nail olub.
Daha bir qəhrəmanlığı Allahverdiyev 9 martda göstərib. Kəndin üzərinə tanklar hərəkət edirdi. 10 düşmən tankı əks hücuma keçib, iki tank yandırılıb. Tankların atəş etməsinə baxmayaraq Allahverdiyev “Gəlin dostlar, qələbə bizimlədir” deyərək, tanklara qranat ataraq və bir tankı atəşə verərək düşmənə qalib gəlib. Bunun nəticəsində ölümcül yaralanıb. 9 mart 1944-cü ildə həlak olub (öldürülüb yazılıb). Sovet Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.”
Amma bəlli olduğu kimi repressiya qurbanının oğlu olduğu üçün bu ad ona verilməyib.

Qeyd edək ki, bu məlumatları Rusiya arxiv saytlarından əldə edən Vüsal Qaraxanov öz babası barədə bu məlumatları əldə edib:

“Müharibənin başladığı ilk gündən Azərbaycan xalqının qəhrəman oğlu yoldaş Qaraxanov cəbhə bölgəsinə gedir. Öz hərbi vəzifəsində aerodromun casuslardan və düşmənlərdən layiqincə qorunmasında əvəzsiz xidməti olub. 9 oktyabr 1944-cü ildə vətəni qoruma vəzifəsində ikən, iki nəfər naməlum şəxsin gəldiyini görüb və bunu məruzə edib. Hərbiçilərlə bərabər naməlum iki şəxsdən birinin yaxalanmasında hərbiçilərə kömək edib. O şəxsin cəsus olduğu və partlayış etməsi üçün gəldiyi aşkar olunub. Şəxsin üzərində bomba və digər partlayıcı maddələr aşkar olunaraq, təhvil verilib.
13 oktyabr gecəsi başqa bir naməlum şəxsin kəndə gəlişi və burada başqa bir bomba partlayışı həyata keçirəcəyini öyrənən Qaraxanov hərbiçilərlə bərabər bunun qarşısını alıb və bombaları təhvil verib.
Qəhrəmanlıqlar göstərdiyinə görə SSSR Ali Rəyasət Heyəti adından Qızıl ulduz ordeninə layiq görülüb”.

      Müharibə iştirakçısı olub, müharibədən sonra Stalin repressiyasına məruz qalan Çaylı sakinlərindən biri də Carçıyev Əli Hacıkərim oğludur. Əli Carçıyev müharibədə bir neçə dəfə almanlara əsir düşüb. Əsirlikdən qaçmağa cəhd edib və nəhayətdə Fransaya yaxın düşərgədə qaçmağa nail olub. Əsirlikdən qaçandan sonra Fransa müqavimət hərəkatına qoşulub. Fransa müqavimət hərəkatının görkəmli nümayəndələrindən biri Xarqo ləqəbli həmyerlimiz Əhmədiyyə Cəbrayılovla çiyin-çiyinə almanlara qarşı vuruşub.
Müharibədən sonra Əhmədiyyə Cəbrayılov vətən xaini olaraq qəbul edildiyi kimi, Əli Carçıyev də Sibirə sürgün olunub. Çox sonralar vətənə qayıda bilib. 1960-cı illərdə Fransa prezidenti Şarl de Qolun SSR-yə səfərindən sonra Əhmədiyyə Cəbrayılov da, Əli Carçıyev də bəraət alıb.

Müharibədə haqsızlıqla üzləşənlərdən biri də, 1942-ci ildə könüllü olaraq cəbhəyə gedib, müharibənin sonuna qədər ağır döyüş yolu keçən Murtuz Carçıyev olub. Murtuz Carçıyev Azərbaycanlılardan ibarət 416-cı taqanrok diviziyasında rota komandiri təyin edilib. Dəfələrlə uğurlu kəşfiyyat əməliyyatları həyata keçirib, 20-dən artıq alman zabit və əsgərinin əsir götürülməsində müstəsna rolu olub. Rusiyanın arxiv saytlarında Murtuz Carçıyev barədə bir çox məlumatlar var ki, birində yazılıb:

“Baş leytenant yoldaş Carçıyev hərbiçilərlə bərabər Marjanovka kəndində çox dəyərli kəşfiyyatlar ediblər. Bunun nəticəsində düşmən tərəflə bağlı çox qiymətli məlumatlar əldə ediblər. Kəşfiyyat zamanı hərbiçiləri idarə etməkdə böyük qəhrəmanlıq və cəsarət göstərib.
(Pamyat-naroda.ru)”
Yeri gəlmişkən, Rusiya arxiv saytlarından əldə etdiyimiz sənədlərin tərcümə edilməsində dəstəyini əsirgəməyən Murtuz Carçıyevin nəvəsi Aytac Carçıyevaya təşəkkür edirik.
            Müharibə illərində “Sovet İttifaqı Qəhrəmanı” adını haqq etsə də qərəz nəticəsində bu ad ona verilmir, fərqli orden və medallarla təltif edilir. “Qırmızı Bayraq”, “Qırmızı Ulduz”, “Qafqazın müdafiəsi”, “Faşizm üzərində qələbə” və s, 1948-ci ildə isə “Sosialis Əməyi Qəhrəmanı” adı ilə təltif edilir.

İlham Hacalının “Çaylı və Kommuna kəndlərinin tarixi yolu” kitabından oxuyuruq:

“Onun şücaətinə görə, cəbhənin komandanı K.M.Jukov tapşırıb ki, onu sənədlərini hazırlayıb, Sovet İttifaqı Qəhrəmanlığına təqdim etsinlər. Sənədlər hazırlanıb, hamı imzalayıb, lakin diviziyanın komissarı Məcidov imza edərkən bir nəfər ziyankarlıq edib deyib ki, Murtuz cavandır, hələ tezdir , bu adı ona sonrakı qəhrəmanlığında təqdim edərik. Həmin şəxs diviziyanın siyasi komissarlığnda təlimçi işləyirmiş. Onun sözü ilə “Sovet İttifaqı Qəhrəmanı”na yox “Qırmızı Bayraq” ordeninə təqdim ediblər.
Bir dəfə Murtuz Carçıyev Mərkəzi komitənin pilləkənlərini qalxanda, o vaxtlar diviziya komissarı, sonra MK-da inzibati şöbə müdiri işləyən Məcidovla rastlaşır. Məcidov onu təbrik edib üzr istəyir ki, sən hələ 1943-cü ildə qəhrəman olmalı idin. Murtuz Carçıyev onun etirafını qəbul edir və Məcidovu bağışlayır”.

Polşada azərbaycanlı məzarları

İkinci dünya müharibəsində itkin düşmüş babamın axtarışında olduğunu bilən tanışlardan bir gün xəbər gəldi ki, sənin babanın məzarı Polşadadır. Müharibə zamanı alman əsir düşərgəsi olan, indi Polşaya aid olan şəhərlərdə əsir məzarları, o cümlədən azərbaycanlı məzarları var, sənin babanın da məzarı oradadır. Araşdırmalarımın istiqaməti Polşaya yönəldi. Bir qədər nəzəri axtarışdan sonra Azərbaycanın Polşadakı səfiri Həsən Həsənova bu barədə ətraflı məktub yazdım. Mənə deyilən düşərgədə necəsə axtarış etmələrini xahiş etdim. Çox keçmədi ki, hörmətli səfirdən cavab məktubu aldım. Mən dediyimdən başqa, əlavə beş düşərgə yerləşmiş ərazidə, o cümlədən Polşada yerləşən qardaşlıq qəbiristanlığında axtarış edəndən sonra bəlli olub ki, həmin yerlərdə azərbaycanlı məzarları olsa da, babamın məzarı orada deyil. Beləliklə Türkiyə versiyası özünü daha da doğrultdu.
Polşadan göndərilən məktub isə nəinki mənim, bütün kəndimizin marağına səbəb oldu. Belə ki, axtarış sistemindən çıxarılıb göndərilmiş babamın adı keçən siyahıda Carçılı qızı olan nənələrimin (nənələrim bacıdır) əmisi Hüseyn Carçıyevin, o cümlədən başqa bir neçə kəndçimizin adı keçirdi. Göndərilən siyahının sonundakı sətirdə isə bir link vardı. İnternetlə linkə daxil olanda müharibədə itkin düşmüş 110 nəfər kəndçimizin adını oxuya bildim. Gələcəkdə oxuduğunuz bu yazının genişləndirilmiş (dəstək olsa hətta kitablaşdırılmış) formasında kəndçilərimizin həmin siyahısını yazacam.

Bir şeyi xüsusi ilə qeyd edim ki, ikinci dünya müharibəsi iştirakçısı olmuş kəndçilərimizin adını məndən əvvəl də əbədiləşdirənlər olub. Kəndimizin 1 saylı orta məktəbinin hərbi müəllimi Hidayət Mehbalıyev müharibədə iştirak edənlərin hamısı barədə ətraflı məlumat və fotolarını toplayaraq məktəbdə ayrıca tikilidə kiçik, amma çox maraqlı muzey yaratmışdı. Faktlarla zəngin olan kiçik muzeydə hətta müharibədən göndərilmiş məktublar və foto da var idi. İllərlə qalıb məhv olmaq təhlükəsində olan həmin məktubları məktəbin indiki hərbi müəllimi Cəmil Civişov mənə, mən də bərpa üçün İstiqlal Muzeyinə hədiyyə etdim. Gələcəkdə bu yazını genişləndirilmiş (dəstək olsa hətta kitablaşdırılmış) formasında həmin məktublar və fotolar yer alacaq. Qeyd edim ki, fotosunu gördüyünüz abidə məzunu olduğum Çaylı kənd 1 saylı orta məktəbin həyətindədir.

Çaylı kəndinin birinci Qarabağ savaşında ən çox (30-dan artıq) şəhid  vermiş kənd kimi tarixə düşməsində Hidayət müəllimin bu cür vətənpərvərlik təbliğatının müstəsta rolu var. Bu yerdə bir şeyi də xüsusi ilə qeyd edim ki, Çaylı kəndinin tarixi qəhrəmanlıq səlnaməsi ilə zəngindir. Belə ki, hələ ötən əsrin əvvəllərində qardaş türk ordusu Azərbaycan İstiqlalını xilasa gələndə Azərbaycandan Qafqaz İslam Ordusuna qoşulan minlərlə insanın iyirmisi təkcə Çaylı kəndindən idi. Deyim ki, bu özü ayrıca bir mövzudur və gələcəkdə ətraflı yazacağıq. 1930-cu illərin Stalin repressiyasında isə Çaylı kəndi 30-dan artıq qurban verib ki, bildiyiniz kimi bu barədə ayrıca kitab yazmışıq.

Sovet ordusundakı, ümumən sovet dövlətindəki bu cür, hətta daha pis haqsızlıqları sadəcə bir kəndin bucağından baxaraq daha çox yazmaq olar. Gələcəkdə bu yazını genişləndirilmiş formasında (Allah nəsib etsə kitablaşdırılmış formasında) faktlara əsasən daha geniş formada yazacağıq. Amma çox acı bir faktı bir daha qeyd etmədən keçmək qeyri mümkündür. Təəssüf ki, (bəlkə də gözlənilən idi ki) barəsində yazdığımız həmin “Qızıl Ordu” son nəfəsində silahını Azərbaycan xalqına qarşı çevirdi. 1920-ci il aprelin 27-də paytaxt Bakıda silahsız xalqa qarşı necə qırğın törətmişdilərsə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə də əliyalın xalqın üzərinə tank yeritdilər. Yenə uşaq, qadın, qoca demədən qarşılarına keçən hər kəsi güllədən keçirdilər. Necə deyərlər, qıra-qıra gəlmişdilər, qıra-qıra da getdilər.

Allah millətimizi, dövlətimizi, istiqlalımızı qorusun!

Facebook Comments