ADR Hərəkatı dövlət başçısından izahat tələb edir

Azərbaycan Respublikası prezidentinin 23 fevral 2016-cı ildə İran İslam Respublikasına rəsmi səfəri zamanı “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” saziş imzalanıb.

Azərbaycan hakimiyyəti bu sazişlə həm də Araz çayı üzərindən İran və Azərbaycanın işğal olunmuş, hazırda ermənilərin nəzarətində olan ərazini birləşdirən körpünün tikilməsinə icazə verməklə Dağlıq Qarabağ və işğal altında olan ətraf rayonlarda Ermənistanı və digər dövlətləri təmsil edən şirkətlərin qeyri-qanuni biznes fəaliyyətini legitimləşdirib. Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı hesab edir ki, Azərbaycan hakimiyyəti bu sazişlə həmın ərazilərə nəzarət edən erməni qüvvələrinin sanksiya altında olan İranla işbirliyindən yaranan nəticələrə görə məsuliyyəti də öz üzərinə götürüb və bununla hazırkı şəraitdə idarə edə bilmədiyi risklərə görə yaranan qlobal təhlükəsizlik qaydalarını da pozub. Odur ki, ADR Hərəkatı hakimiyyətin bu əməlini birmənalı şəkildə pisləyir, dövlət başçısından izahat tələb edir.

Eyni zamanda Azərbaycan xalqını, eləcə də həmin ərazini məcbur olaraq tərk etmiş tarixi sakinləri yaşayış evlərinin, torpaq sahələrinin, mülklərinin, doğmalarının məzarlarının su altında qalmasına etirazlarını bildirməyə və ADR Hərəkatının çağırışına qoşulmağa çağırırıq.

Facebook Comments