“Budur bax Ermənistana işləmək və onun işğalçılıq niyyətlərinə dəstək vermək…”

“2010-cu ilin yayında mən o ərazidən keçmişəm və geniş miqyaslı bu tikinti işlərinin getdiyinin şahidi olmuşam”

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi İranın Araz çayı üzərində tikdiyi su anbarları və körpülər haqqında açıqlama verib.

İstər Azərbaycan XİN-nin, istərsə də İran səfirliyinin açıqlamaları cəmiyyətdə birmənalı qarşılanmayıb.

İranın və rəsmi Bakının açıqlamalarının səmimiyyətinə Türkiyədə necə, inanırlarmı?

Moderator.az bu sual ilə tanınmış siyasi şərhçi, Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlıya müraciət edib:

“Öncə onu deyim ki, son günlər mətbuatın gündəmində olan, bir çox siyasətçilərin şərh etdikləri “Xudafərin” və Qız qalası” su qovşaqları ilə bağlı Azərbaycanla İran arsında müqavilədən öncə burada işlər Azərbaycanın razılığı olmadan da başlanılıb. 2010-cu ilin yayında mən o ərazidən keçmişəm və geniş miqyaslı bu tikinti işlərinin getdiyinin şahidi olmuşam. O vaxt burada körpülər yox idi və Azərbaycanın nəzarət eləmədiyi bu ərazidə İran öz maraqlarına uyğun hərəkət etmiş və Ermənistan və Dağlıq Qarabağ üçün “həyat damarı” rolu oynayan bu körpüləri tikmişdir. Bizim xəbərimiz belə olmamışdır. Xəbərimiz olsa nə olacaqdı ki? İndi Kəlbəcərdə, Laçında, Zəngilanda… məskunlaşma gedir, evlər, obyektlər tikilir, yollar salınır, nə edirik ki? “Xudafərin” və “Qız qalası” su qovşaqları stansiyalarının tikintisi ilə bağlı Azərbaycan – İran müqaviləsində bu işlərin davam etdirilməsindən söhbət gedir. Demək burada İran Azərbaycan ərazilərinin işğalını nəzərə almadan burada işğal ərazilərinə yol salmaışdır. Bizim yetkililərin izahatları əslində inandırıcı olmadı. Belə çıxır ki, İran öz maraqları naminə hətta bizimkiləri aldatmaq yolu tutmuşdur. Budur bax Ermənistana işləmək. Ermənistana və onun işğalçılıq niyyətlərinə dəstək vermək. Bu məsələnin açıq qaldığı bir zamanda, əslində çox böyük qalmaqallara səbəb olacağını gözlədiyimiz halda, Şeyxüslam Hacı Allahşükür Paşazadə ABŞ prezidenti Donald Trampa bir məktub yazır və ondan İrana edilən sanksiyaları aradan götürməsini istəyir. Humanist addımdır. İran da həmin “humanistliyi” göstərib Dağlıq Qarabağa TIR-lar göndərir. Bəlkə ermənilərə bu körpülərlə daha çox yardım etməsi üçün edilir bu? Bunun izahatı yoxdur. Əgər hal belə isə Türkiyənin bir münassibət bildirməsinə və yaxud bu məsələlərə müdaxiləsinə gərək varmı? Azərbaycan İranla müqavilə bağlayıb, Araz çayı üzərində işlər başlayıb və sonra davam etdirilir. Amma torpaqlar işğal altındadır, onu azad edəndən sonra bu məsələlərə kiminsə münasibəti bizim üçün maraqlı olardı, indi yox.”

Sozcu.az

Facebook Comments