“Koronavirus problemi Qarabağı ikinci plana keçirə bilməz”

Pənah Hüseyn: “Virusun ciddi yayıldığı dövrdə hətta cəmiyyətdən hərbi əməliyyatlara başlamaq çağırışları oldu”

“Koronavirus Qarabağ məsələsini Azərbaycanda ictimai şüurdan çıxara bilməz”. Bu barədə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn pandemiyanın vətənpərvərliyə, Qarabağ məsələsinin ictimai şüurda yerinə necə təsir etdiyi barədə Musavat.com-un sualına cavabında bildirib.

P.Hüseyn qeyd edib ki, insanların sağlamlığına yaranmış təhlükə və bu təhlükənin cəmiyyətin diqqətini xeyli dərəcədə özünə yönəltməsi başqa, Qarabağ probleminə münasibət başqa məsələdir. Koronavirus Qarabağ məsələsini ictimai şüurdan çıxara bilməz.

Nə pandemiya, nə iqtisadi problemlər, nə neftin ucuzlaşması Qarabağ məsələsini bizim cəmiyyətin bir nömrəli məsələsi statusundan kənara qoya bilməz: “Koronavirus təhlükəsinin qarşısını almaqdan irəli gələn müəyyən məhdudiyyətlər tətbiq olundu. Həm ictimai rəydə şübhəsiz ki, bu, yer tutdu və həm də karantin tədbirləri ictimai kommunikasiyanı, bu və ya digər məsələ ətrafında hərəkətləri də məhdudlaşdırdı. Bununla əlaqədar Qarabağ məsələsini ictimai gündəmdə saxlayan bir sıra ictimai institutların fəaliyyəti də məhdudlaşdırıldı. Məsələn, Qarabağ Komitəsinin, digər Qarabağ məsələsi ilə məşğul olan qurumların fəaliyyəti istər-istəməz məhdudlaşdı. Amma Qarabağ məsələsinin həlli ətrafında baş verən hadisələrə, bəyanatlara reaksiyalar, işğal zonasında keçirilən qondarma seçkilərə reaksiyalar göstərdi ki, Qarabağ Azərbaycan cəmiyyətinin bir nömrəli məsələsi olaraq qalır. Heç bir başqa problem bu problemi, Qarabağı xalqın yadından çıxarmır”.

AXP sədri daha bir maraqlı məqama da toxundu: “Hətta xeyli rəylər, təkliflər səsləndi ki, pandemiyanın dünyada, regionda yaratdığı situasiyadan Qarabağ məsələsinin həlli üçün bəhrələnmək lazımdır. Bu da çox maraqlı nüansdır ki, cəmiyyət ən həssas dövrdə belə Qarabağ məsələsinin həllinin vacibliyini düşünür, bunu istəyir. Koronavirusun ciddi yayıldığı dövrdə hətta cəmiyyətdən hərbi əməliyyatlara başlamaq çağırışları da oldu. Məhz bunun nəticəsi olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağ probleminin həll variantları barədə məlum açıqlamanı verdi”.

Sozcu.az

Facebook Comments