“Düşmən bir daha Dağlıq Qarabağ ətrafında nəinki SES, heç dəllək budkası da tikməz”

İlham İsmayıl

“Bizim diversiya-kəşfiyyat dəstəmiz oranı bir dəfə partlatsa, düşmən bir daha Dağlıq Qarabağ ətrafında nəinki SES, heç dəllək budkası da tikməz”

Qarabağda “prezident” seçildi. Ermənilər pandemiyanın şıdırğı vaxtında, dünyanın taclı virusu qovduğu zaman milli mənafelərini hər şeydən üstün tutub rejimin prezidentini, parlamentini seçdi. Amma, hələ virusa qədər daxili siyasi münasibətlərin gərginliyinə əlavə olunan pandemiya stresi erməniləri milli maraqlarından geri çəkindirmədi. Ortada milli maraqlar dayandığı üçün virus bəhanə olmadı. Səhiyyə məsələləri, insanların yoluxma təhlükəsi düşməni əsas məqsədindən yayındırmadı.

Açıq deyək, tanınmayan rejim üçün Xankəndində yerli idarəetmənin tez formalaşması həyati vacib məsələ idi, əks halda daxili qarşıdurma böyük parçalanmaya səbəb ola bilərdi. Bu fakt onu göstərir ki, millətin, dövlətin mənafeyi, nəyin bahasına olursa olsun, hər şeydən üstün tutulanda, ölmək bahasına olsa da, bu mənafe naminə zəruri addımlar atılmalıdır. Bu siyasəti qəbul edən tərəf həmişə güclü olacaq. İctimai-siyasi şüur səviyyəsinin yüksək olduğu toplumlar üçün bu, aksiomadır. Bir də ki, biz virusun yayıldığı zamanda düşmənin seçki keçirməsini ona irad tuta bilmərik, bu bizim üçün müzakirə mövzusu deyil, qınaq hədəfi deyil. Düşmənin öz mənafeyinə uyğun hərəkət etməsi təbii qarşılanmalıdır. Biz özümüzdən danışmalı, düşürüldüyümüz dalandan çıxmağın yollarını axtarmalıyıq.

Azərbaycan bu seçkilərin də keçirilməsinə indiyədək baş tutmuş seçkilər kimi mane olmaq ruhunda və iradəsində deyildi, amma düşmənə xüsusi gərginlik yaşada bilərdi, etmədi. Niyə? Biz niyəsini sonadək bilmirik. Qarabağ siyasəti faktiki olaraq bizim tərəfdə gizli aparılır. Xalq Qarabağın niyə azad edilmədiyinin səbəblərini bilmir. Yaxın zamanlarda müdafiə nazirinin dediyi “beynəlxalq şəraitin imkan verməməsi” bəyanatını kütlə bir cür, siyasət adamları tamam başqa cür yozurlar. Əsasən Rusiya faktoru qabardılır və hələ vaxtın yetişmədiyini deyənlər var. İndi də virus bəhanəsi. Bu qənaətlərdə həqiqət payı olsa da, yenə də xalqın bu siyasətin incə məqamları haqqında bilgisi yoxdur. Bildiyimiz odur ki, bu incə məqamlar nədisə.., bizim əleyhimizədir və atəşkəsdən bəri davam edir.

Bu günlərdə Xarici işlər naziri Məmmədyarovun Rusiya Federasiyasındakı kolleqası Sergey Lavrovla telefon danışıqları olub və verilən məlumata görə virus problemi ilə yanaşı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi də aparılıb. Aydındır ki, danışığın detalları açılası deyil, amma bu telefon danışığından sonra Rusiya politoloqları təhlillərində Azərbaycanın xarici siyasətində dəyişiklik olacağı barədə proqnozlar verirlər. Ümumi fikir belədir ki, “Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda yeni yanaşmalar axtarmaq və Ermənistanla münasibətlər qurmaq üçün daha fəal və daha “yaradıcı” şəkildə yeni siyasətə başlaması mümkündür. Çünki Azərbaycanın inertial ssenariyə uyğun hərəkət etmək şansı onsuz da itirilir”. Deməli, əleyhdarlarımız çox istəyirlər ki, Azərbaycan Ermənistanla dostlaşsın və Qarabağda da vəziyyət olduğu kimi qalsın, yəni işğal da davam etsin. Buna bir səbəb kimi şərhçilər neftin qiymətinin aşağı düşməsi ilə iqtisadiyyatımızın defolt həddinə çatacağını söyləyirlər. Neftin qiymətlərinin düşməsinin iqtisadi gərginlik və belə davam edərsə böhran həddə gəlib çıxacağı təxmin olunan məsələdir. Amma, iqtisadiyyat böhrandadırsa o demək deyil ki, Qarabağı erməniyə peşkəş etməliyik. Bu düşmənlərimizin arzusu olsa da, bir fikri də yaddan çıxarmayaq ki, “yanan yerdən tüstü çıxar”. Ona görə rəsmən bir daha bəyan edilməlidir ki, Qarabağın işğalına son verilənədək düşmənlə heç bir yaxın münasibətlər qurulmayacaq.

Çiçəyi burnunda “prezident” Arutunyan ilk bəyanatında Kəlbəcərdə tikintisi yarımçıq qalmış su elektrik stansiyasının mütləq başa çatdırılması haqqında danışdı. Sərsəng su elektrik stansiyasının verdiyi elektrik enerjisi Dağlıq Qarabağın enerji tələbatının 70 faizindən çoxunu təmin edir və düşmən perspektivdə enerji istehsalını artırıb başqa ölkələrə satmaq planlarından da danışır. Arutunyan Kəlbəcərdə tikiləcək SES-in böyük əhəmiyyət daşıyacağını da vurğuladı. Deməli, düşmən biz sarıdan o qədər arxayındır ki, artıq Dağlıq Qarabağ ərazisindən kənar torpaqlarımızda sadəcə uşaq bağçası, məktəb, kafe açmaqla kifayətlənmir, böyük layihələri də həyata keçirməkdə israrlıdır. Düşmən konkret iş görür, biz də arayış, bəyanat oxuyuruq. Konkret işin aydın da cavabı olmalıdır. Azərbaycan hələ aprel döyüşlərində Sərsəng su anbarını tutmalıydı. İndi Kəlbəcərdə SES-in tikintisinin qanunsuzluğu barədə də yalnız bəyanat verəcəyiksə hesab edin ki, tezliklə tikinti Rusiya, İran mühəndislərinin birbaşa iştirakı ilə başa çatacaq. Amma, bizim diversiya-kəşfiyyat dəstəmiz oranı bir dəfə partlatsa, düşmən bir daha Dağlıq Qarabağ ətrafında nəinki SES, heç dəllək budkası da tikməz.
Təzə “prezident” virusun yaratdığı problemlərdən faydalanmaq istəyir. Arutunyan virusun Dağlıq Qarabağa təsir etməyəcəyini vurğulayır və dünya turizmində yaranan problemin fonunda dünya ermənilərini bu yay “virussuz Qarabağa” gəlib istirahət etməyə çağırır.
Biz nə etməliyik? Ən azı XİN və MN Qarabağa gələnlərin qara siyahıya salınacağ barədə xəbərdarlıq yox, təhlükəsizliyinə zəmanət verilmədiyi barədə bəyanatlar verməli və hələ yay gələnə qədər hərbiçilərimiz bir neçə dəfə bunu praktik şəkildə sübut etməlidirlər. Arutunyana çoxlu təbriklər ünvanlanır. Düşmənin yeni “prezident”inə ən “yaxşı təbriki” isə biz göndərə bilərik- Azərbaycan əsgərinin əli ilə: (moderator.az)

“VUR, KEÇ SƏNGƏRİ
AZƏRBAYCAN ƏSGƏRİ”

Facebook Comments