İlkin Rüstəmzadə həbs təhlükəsinin olduğunu bildirib

İctimai fəal, Nida Vətəndaş Hərəkatının təmsilçisi İlkin Rüstəmzadə həbs təhlükəsinin olduğunu bildirib. Belə ki, aprelin 7-də Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsinin əməkdaşları onun qeydiyyatda olduğu mənzilə gələrək doğmalarından onun yerini soruşublar.

“Evdən cavab veriblər ki, İlkin köçüb. Polislər bunun qanunsuz olduğnu deyərək məni karantin qaydalarının pozduğumu bildiriblər. Halbuki, mən yeni evə aprelin 2-də köçmüşəm”, – İ.Rüstəmzadə Turan-a bildirib.

İ.Rüstəmzadə deyib ki, polisin onu axtardığının səbəbi bir neçə gün əvvəl tərtib etdiyi petisiyada ola bilər. “Mən koronavirus və onunla bağlı tətbiq edilmiş karantin rejiminə görə petisiya yaymışam. Petisiyada karantin dövründə dövlətin vətəndaşlara 300 manat sosial müavinət verməsi, kommunal və bank ödəmələrinin dayandırılması nəzərdə tuturdu”, – o bildirib.

Öz növbəsində Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Turan-a bildirib ki, məsələ ilə bağlı məlumatı yoxdur.

DİN mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.

Nida təmsilçisinin təqib olunması etiraza səbəb olub. Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı hakimiyyətin bu davranışını pisləyib.

“İlkin Rüstəmzadəyə və ailəsinə qarşı təzyiqləri qətiyyətlə pisləyirəm, durdurulması üçün çağırış edirəm. Bu və buna bənzər hərəkətlər hər zaman dövlət üçün də elə hakimiyyət üçün faydasız olub. İndi isə tamamilə lazımsız və faydasız davranışdır” – deyə, Səxavət Soltanlı özünün feysbuk səhifəsində yazıb.

Xatırladaq ki, İlkin Rüstəmzadə keçmiş siyasi məhbusdur. Kütləvi iğtişaşların təşkili ilə bağlı saxta ittihamlarla 6 il həbsxanada olub.

Facebook Comments