Təşkilatlar müharibə tələbi ilə müraciət etdi

Qarabağ Azadlıq Təşkilatı, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi, Məcburi Köçkünlərin Sosial Hüquqlarının Müdafiəsi İctimai Birliyi, Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliyi torpaqlarımızın işğal altında qalması, şəhidlərimizin sayının artması və digər məsələlərlə narahatçılıqlarını bildirərək, müharibənin başlanması tələbi ilə prezident İlham Əliyevə müraciət ediblər.

Müraciətdə göstərilir:

“Torpaqlarımızın 30 ilə yaxındır ki, işğal altında qalmasına artıq dözmək mümkün deyil. Həddindən artıq çox vaxt keçib, hələ də heç bir nəticə yoxdur. Beynəlxalq təşkilatların ədalətsiz mövqeyi nəticəsində danışıqlar heç bir nəticə verməyib. İşğalçı Ermənistan zəbt etdiyi ərazilərimizdə ağalıq edir, torpaqlarımızdan çıxmayacağı ilə bağlı həyasız bəyənatlar verir, qeyr-qanuni məskunlaşma həyata keçirir. Reallıq ondan ibarətdir ki, beynəlxalq təşkilatlar münaqişənin ədalətli həlli üçün təsirli addım atmaq, tədbir görmək istəmir, işğalçı Ermənistan isə ilhaqçı iddialarından geri çəkilmir.

Bütün bunlarla yanaşı cəbhə bölgəsində itgilərimizin sayı artır, şəhidlər veririk. Son günlərdə daha iki əsgərimizin şəhid olması cəmiyyətin hiddət və qəzəbini bir az da artırdı. Biz də, cəmiyyət də bu vəziyyətə son qoyulmasını tələb edirik, Sizdən təcili və təsirli tədbirlər gözləyirik. Azərbaycan cəmiyyəti torpaqlarımızın azadlığı naminə savaşa hazırdır, hər yerdə düşmənə qarşı intiqam, qisas, nifrət hissi hökm sürür. Siz artıq seçim etməlisiniz, hər kəsin gözü Sizdədir, Sizin qərarınızı, müharibə əmrini gözləyirik. Hər kəs sual, təlaş, həyəcan içərisindədir: Nə üçün müharibə əmri verilmir? Nədən, kimdən çəkinirik? Xalqın iradəsi, fədakarlığı qarşısında heç bir qüvvə, nə işğalçı Ermənistan, nə də onun arxasındakı qüvvələr dayana bilər. Biz ölməyə və öldürməyə hazırıq. Bütün xalq bu əhval-ruhiyyədədir. Biz Sizin arxanızdayıq, müharibə ilə bağlı istənilən qərarınızı dəstəkləməyə hazırıq. Biz təşkilat olaraq, Qarabağ həsrəti ilə yanan sadə vətəndaş olaraq, düşmənə nifrət, intiqam, qisas hissi ilə yaşayan, döyüşə, ölməyə, öldürməyə hazır olan, torpaqlarımızın işğalına dözə bilməyən, ürəyi parça-parça olan, bu rəzil durumda yaşamaq istəməyən Vətən övladları olaraq Sizdən tələb edirik, düşmənə qarşı müharibə əmrini verin!

Hər kəs bilməlidir: Qarabağsız Azərbaycan olmayacaq! Ya Qarabağ, ya ölüm!

Facebook Comments