Güney azərbaycanlı tanınmış idmançı Kərim İsmayılzadə müvəqqəti azadlığa buraxılıb

Güney azərbaycanlı tanınmış idmançı Kərim İsmailzadə (Kərim Boksçu) Təbrizin Mərkəzi Zindanından müvəqqəti azadlığa buraxılıb.

Təbriz sakini olan azərbaycanlı fəalın yaxınlarının dediyinə görə, o bir neçə gün saxlandıqdan sonra fevralın 29-da mülki vəsiqə qarşılığında azad edilib.

Deyilənlərə görə, tanınmış idmançı Qərbi Azərbaycanın kürddilli valisi Məhəmməd Mehdi Şəhriyarinin şikayəti əsasında Ettelaat İdarəsi tərəfindən saxlanılıb. Onun ictimaiyyəti təşvişə salmaq ittihamı üzrə saxlandığı bildirilir.

Məlumata görə, Urmiyanın İran parlamentindəki millət vəkili Nadir Qazipur idmançı ilə bağlı cümə günü Məhəmməd Mehdi Şəhriyari ilə danışıb. Vali Kərim İsmayılzadəni tanımadığını və ondan şikayət etmədiyini iddia edib.

Hələlik azərbaycanlı fəalın hansı səbəbdən saxlandığı barədə dəqiq məlumat yoxdur.

Tanınmış idmançı bundan əvvəl Azərbaycan əhalisini zəlzələ bölgəsinə yardım etmək, Qərbi Azərbaycanda seçkilərdə aktiv olmaq, eləcə də ana dilini müdafiə etmək məqsədi ilə səhifələrində türkcə kitablar paylaşmaq və azərbaycanlı yazıçalara dəstək verməyə çağırmışdır.

Qeyd etmək lazımdır ki, son dövrlər güney azərbaycanlı fəallara qarşı təzyiqlər artmaqdadır. İran rejiminin təhlükəsizlik qüvvələri güneyli fəalları müxtəlif saxta ittihamlarla həbs edərək, keçirilən sifarişli məhkəmə prosesləri vasitəsilə uzun müddətli həbs cəzalarına məhkum edirlər.

Sozcu.az

Facebook Comments