“Arif Qasımov bizə qalmaq üçün qaraj təklif etdi, elə bil, “Samosvalt”, ya da “07”yik” – Ramin Hacılı

“1995-ci ildə məcburi köçkün kimi çadır şəhərciyində, sonra Ramanada, daha sonra isə Nizami rayonu ərazisində məskunlaşmışdıq. 1996-cı ildən vaqonda qalmışıq, 2000-ci ildə orada taxtadan ev tikdik, çünki mən və qardaşım ali təhsil alırdı, ona görə də vaqonda qala bilməzdik. 2016-cı ilin sonuna qədər orada yaşadıq. Ərazidən çoxmərtəbəli yaşayış binası tikilirdi, daş töküldü, evin dam örtüyü dağıldı. Aidiyyatı qurumlara müraciət etsək də, cavab ala bilmədik. Məcbur olub, mənzil kirayələdik. Biz kirayə çıxan kimi oranı yandırdılar. Evin bir hissəsi yararsız hala düşdü. Məndə olan məlumata görə, ərazini “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı alıb”.

Sozcu.az-ın xəbərinə görə, bunu siyasi fəal Ramin Hacılı bildirib.

R.Hacılı qeyd edib ki, ərazidə obyekt tikməyi planlaşdırırlar: “Müqavimət göstərdiyimə görə tikinti işləri apara bilmədilər. 4 ay əvvəl evin qalan hissəsini də yandırdılar. Bildirdim ki, buranın ikinci dəfə yandırılması qəsddir. Daxili İşlər Nazirliyinə müraciət etdim, bildirdilər ki, bu məsələyə Fövqəladə Hallar Nazirliyi cavab verə bilər. Fövqəladə Hallar Nazirliyindən də bildirdilər ki, orada qaz, elektrik xətti olmayıb, ona görə də bizə aid məsələ deyil, Daxili İşlər Nazirliyinə müraciət edin. Daxili İşlər Nazirliyi araşdırmalara başladığını bəyan etdi, sonra isə buna xitam verdi. Müxtəlif strukturlara müraciət etsəm də, məhəl qoyan olmadı. Bir neçə gün öncə, növbəti yanğını törədiblər… Məsələ ictimailəşdikdən sonra Nizam Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov məni və anamı qəbul etdi. İcra başçısı mənə dedi ki, Sizə qaraj verəcəyik, qalarsınız. Elə bil, “Samosvalt”, ya da “07”yik. Dedi ki, imkanımız yoxdur… Sonra da dedi ki, “Qaçqınkom”la da danışacağıq, mənzil versinlər. Bildirdim ki, 2019-cu ilin avqustunda həmin qurumda olmuşam, Aparat rəhbəri Eldar Zeynalov qəbul edib. Zeynalov bildirdi ki, noyabrda yeni mənzillər veriləcək, o zaman adımı siyahıya salacaq. Təssüflər olsun ki, mənzil verilmədi. Biz aldadılırıqsa, sizə daha niyə inanmalıyam. İki gün vaxt istədi, ona görə ki, ərazini təmizlətdirirdi. Yəni burada belə bir adam yaşamayıb. Mənə qarşı çox ciddi təzyiqlər var, bu, hər zaman olub. Kimlərsə məni qıcıqlandırır ki, İlham Əliyevə, dövlətə qarşı bəyanatlar səsləndirim. Mənə əməkdaşlıq təklif edən qurumlar var ki, imtina etmişəm. Onların da təzyiqi ola bilər. Bir sözlə, ölkəyə nifrətimi yaratmağa çalışırlar. Bir müddət əvvəl bildirdim ki, növbədənkənar parlament seçkilərinə qatılacam, Araz Əlizadəni peşiman edəcəyəm, parlamentə getməsinə imkan verməyəcəyəm. Bu, özbaşına açıqlama kimi qəbul olundu və hakimiyyətin müəyyən dairələrini narahat etdi. Onlar məni məşğul etməyə çalışdılar. Bilsinlər ki, məni belə məsələlərlə təxribata çəkə bilməzlər. Bu ölkəyə bağlılığım hər zamanki kimi qalacaq. Bu ölkənin hakimiyyətini sevməmişəm, sevmirəm, bu gedişatla sevməyəcəm də. Ona görə ki bu iqtidar vətəndaşlarını sevmir, hörmət etmir. Dəstəklədiyim hökumət o olar ki, vətəndaşına qarşı biganə olmasın. Kimlərsə düşünürlərsə ki, məni ələ almağa nail olacaqlar, yanılırlar. Bilsinlər ki, təzyiqlə nəyəsə nail ola bilməyəcəklər. Mübarizəmi davam etdirəcəyəm”.

Facebook Comments