Deputatlığa namizəd olan Qarabağ qazisinə təzyiq edilir – Foto

Fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri kampaniyası ölkə boyu əsasən normal, sağlam rəqabət şəraitində keçsə də bəzi seçki dairələrindən məmurların özbaşınalığı, seçki prosesinə yersiz müdaxiləsi haqda siqnallar gəlir.

Sozcu.az-ın xəbərinə görə, 84 saylı Füzuli seçki dairəsində məmurlar namizədlərdən birini-keçmiş döyüşçünü, Qarabağ uğrunda bir ayağını itirmiş veteran, ömrünü vətənə və dövlətə, dövlətçiliyə, prezidentə sədaqətlə xidmət etməyə həsr etmiş Mübariz Sadıqlıya əngəllər yaratmağa çalışır.

Mübariz Sadıqlı 1972-ci ildə anadan olub, əslən Füzuli rayonunun Arış kəndindəndir. 1991-ci ildə Qarabağda erməni separatizminin getdikcə qızışdığı, Dağlıq Qarabağdan azərbaycanlıların etnik təmizlənməsinin başlandığı, kəndlərimizin yandırıldığı, mülki əhalinin qətlə yetirildiyi haqda xəbərləri eşidərək Rusiyanın Krasnoyarsk Dövlət Universitetində hüquq təhsilini yarımçıq qoyub. Öz doğma kəndinə qayıdaraq yerli özünümüdafiə dəstəsinə qoşulub, düşmənə qarşı döyüşməyə başlayıb. Döyüşlərdə 2 dəfə ağır yaralansa da yaraları sağalan kimi yenidən səngərə dönüb. 1993-cü ilin avqustunda növbəti dəfə ağır yaralanaraq sol ayağını itirib, sağ ayağını isə həkimlər xilas edə biliblər.

Ordu sıralarından Qarabağ əlili kimi tərxis olunan Mübariz Sadıqlı 1994-cü ildə Bakı Dövlət Universitetinə daxil olub və 1998-ci ildə universitetdə təhsilini başa vurub. Həmin il prezident Heydər Əliyevin tapşırığı ilə onu Bakının Nəsimi rayonunda Dövlət Notariat Xidmətinə məsləhətçi işinə təyin edirlər. Mübariz Sadıqlı bu işində bir neçə il vicdanla çalışır. 2005-ci ildə isə prezident İlham Əliyevin Qarabağ əlillərinə qayğısı, diqqəti çərçivəsində o, Füzuli rayon Dövlət Notariusu təyin olunub və on il həmin vəzifədə çalışıb, səngərdə olduğu kimi bu postda da dövlətə sədaqətlə xidmət edib.

Lakin Füzuli rayonunun o zamankı icra hakimiyyətininin başçısının təqibləri ilə üzləşən M.Sadıqlı vəzifəsindən istefa verir və İmişli regional Ədliyyə İdarəsinə təyinat alır. Və orada bir il çalışandan sonra öz ərizəs ilə təqaüdə çıxıb. Hazırda 84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəddir. Seçki kampaniyası boyu Füzuli sakinləri, seçicilər keçmiş döyüşçüyə və dövlət qulluqçusuna böyük rəğbətlərini ifadə ediblər. Keçirdiyi görüşlərdə seçicilər ona səs səs verməyə hazır olduqlarını bildiriblər.

Mübariz Sadıqov deyir ki, o bütün ömrünü dövlətə, dövlətçiliyə, Prezidentə sədaqətlə xidmət etməyə həsr edib. Bir ayağını, sağlamlığını itirsə də bu gün də Füzuli uğrunda döyüşlərə qatılmağa, vətən, torpaq yolunda canından keçməyə hazırdır. Məhz dövlətə və dövlətçiliyə xidmət arzusu ilə alışıb yandığı üçün bu Qarabağ veteranı seçkilərdə öz namizədliyini irəli sürüb.

Lakin bəzi yerli məmurlar ona qarşı inzibati resursları işə salıblar, kampaniyanın başa çatmasına az qalmış ona qarşı təzyiqlər edilir, əngəllər törədilir. M.Sadıqov inanır ki, yerli məmurların Prezident İlham Əliyevin indiki islahatlar kursuna tamamilə zidd olan bu hərəkətlərinin qarşısı alınacaq, Füzuli seçicilərinin öz iradələrini sərbəst ifadə etməsinə heç kim əngəl ola bilməyəcək.(Pravda.az)

 

Facebook Comments