XİN-dən Cammu və Kəşmirlə bağlı – Açıqlama

Azərbaycan Cammu və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini və regionda sülh, təhlükəsizlik və rifahın təmin olunmasına yönəlmiş səyləri dəstəkləyir.

Sozcu.az xəbər verir ki, bunu 5 fevral – Pakistanda Kəşmir Həmrəylik Günü ilə əlaqədar Azərbaycanın Cammu və Kəşmir məsələsinə münasibət bildirən Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

Leyla Abdullayeva bildirib: “Azərbaycan BMT-nin məsuliyyətli üzvü kimi təşkilata üzv olarkən üzərinə götürdüyü öhdəliklərini rəhbər tutaraq münaqişələrin həlli, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyir və bu mövqedən çıxış edir. Bu, Azərbaycanın qəti və prinsipial mövqeyidir. Biz necə ki, beynəlxalq ictimaiyyətlə birlikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin tərəfdarıyıq, bu xüsusda, Cammu və Kəşmir məsələsinin də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini, regionda sülh, təhlükəsizlik və rifahın təmin olunmasına yönəlmiş səyləri dəstəkləyirik.

Qeyd etmək istərdik ki, 2020-ci il yanvarın 21-də Davosda Pakistanın Baş Naziri İmran Xan ilə keçirilmiş görüşdə Prezident İlham Əliyev Kəşmir məsələsində ölkəmizin Pakistana daim dəstək verdiyini qeyd edib”.

Facebook Comments