“Bu gün bir Azərbaycan qadını ərini və iki uşağını atıb ərəbə qoşulub qaçırsa, demək…”

Bu gün cəmiyyətdə baş verən hadisələrdən daha tez-tez təkrar olunanı qadınların evdən qaçmasıdır. Tarix boyu öz ərinə, ailəsinə sədaqəti ilə tanınan Azərbaycan qadını bəs niyə bu gün ailəsini kiməsə qurban verir? Daha dəhşətlisi isə odur ki, televiziya verilişlərindən birinə çıxan Vaqif adlı şəxs həyat yoldaşının iki uşağını ataraq bir ərəblə qaçdığını bildirib.

Bəs görən qadınlarımız niyə evdən qaçır?

Moderator.az suala cavab tapmaq üçün ekspertlərə müraciət edib.

Tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov bunu kasıbçılıqla əlaqələndirib:

“Bunun başlıca səbəbi kasıbçılıqdır. Qadınlarımız indi varlı yaşamaq istəyir. Televizorda hansısa geyim və ya qızıl-zinət əşyaları görən kimi istəyir ki, onda da olsun. Bu gün qəbul etdiyimiz qidalar da insanların xarakterini dəyişib. İndi qədimdəki kimi abır-ismət qalmayıb. Bu gün bir Azərbaycan qadını ərini və iki uşağını atıb ərəbə qoşulub qaçırsa, demək var-dövlətə görə gedib. Bunun başqa bir cavabı yoxdur. Bu istiqamətdə dövlət tərəfindən maarifləndirmə işlərinin aparılması vacibdir. Qadınların evdən qaçmasını televiziya verilişlərində müzakirə etməklə nəyəsə nail olmaq olmaz”.

Sosioloq Əhməd Qəşəmoğlu isə bunu ailədaxili münaqişələrlə əlaqələndirdi:

“Qadınlarımızın evdə qaçması bizim adət-ənənələrimizə tamamilə ziddir və bizim insanların psixologiyası da belə deyil. Bu gün cəmiyyətdə gedən gərginlik, aldıqları informasiyalar, teleseriallar, sosial şəbəkələr və qadın hüquqlarıyla bağlı iş aparmaq istəyən təşkilatların fəaliyyəti buna təsir edir. Həmin təşkilatlar iddia edir ki, guya Azərbaycanda qadın hüquqları qorunmur, zorakılıq olur və s. Beynəlxalq təşkilatlar isə bu sahəyə böyük qrant ayırırlar. Azərbaycanda ən böyük problem ailələrdə baş verən hadisələrdir. Biz çalışmalıyıq ki, Azərbaycan ailəsini xilas edək. Lakin bu zaman bir dağıdıcı model ortaya düşür, xaricdən qrant verən təşkilatlar bunu bilərək, bizimkilər isə bilmədən və sadəcə qrantın maliyyəsinə aldanaraq geniş layihələr həyata keçirirlər. İndiki zamanda ailələrdə gərginliyin sıx olduğu bir vaxtda ailələri xilas etmək əvəzinə, bu təşkilatlar iddia edir ki, Azərbaycan qadınları azad olmalıdır, onlar hüquqlarını bilmirlər və s. Belə olanda da xaricdə elə bir fikir formalaşır ki, guya Azərbaycan kişiləri vəhşiləşib.

Əslinə qalsa, belə şeylər gərginliyi daha da artırır. Ona görə də bu gün yüz evlənəndən iyirmi səkkizi boşanır. Bu gün Azərbaycan ailəsinin səksən faizindən çoxunda problem var və belə olan vaxtda ailələri xilas etmək əvəzinə, qadınları sanki fəallaşdırırlar. Gərginlik artanda qadının gücü dilinə çatır və ərinə təhqiramiz sözlər deyir, kişi isə fiziki güc göstərir və ona görə də münaqişə baş verir. Dəfələrlə demişəm ki, bir bıçaq qadına dəyəndən əvvəl bəlkə iki yüz dəfədən çox qadın kişiyə psixoloji zərbə vurur. Bu sahəni özbaşına buraxıblar. Biz nə qədər ki, ailədə ahəng münasibətlərin yaranmasıyla bağlı iş aparmamışıq belə hadisələr çox olacaq. Evdə münaqişə olanda qadın sosial şəbəkələrə girir orda başqa biriylə tanış olur, ərindən eşitmədiyi xoş sözləri başqasından eşidir və sonra da ona qoşulub gedir. Xalqın yeni nəsli belə ailələrdə böyüyür və biz bunları da nəzərə almalıyıq. Gərgin ailədə böyüyən uşaq necə oxuyub təhsil ala bilər? Ona görə də biz böyük faciəni həll etməliyik”.

Sozcu.az

Facebook Comments