“YAP və “müstəqil” namizədlər arasında əməlli-başlı qırğın gedir…”

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi Natiq Cəfərli 9 fevral seçkiləri ilə bağlı maraqlı statistika paylaşıb.

Sozcu.az Natiq Cəfərlinin yazdıqlarını təqdim edir: “Dekabr ayında seçkilərə skeptik yanaşan insanların alqısını cəmi 1 ay aktiv təbliğat dönəmi zamanı dəyişə bildik, mən rəqəm adamıyam, gəlin hesablayaq – Naxçıvan xaric hər 118 dairədə azı 1 aktiv namizəd var, bəzilərində isə hətta 2, 3 aktiv çalışan müxalif, müstəqil namizədlər var, yəni, təqribən 200-ə yaxın belə insan seçkidə iştirak edir. Hər biri azı 500 imza yığıb – bu 100 min imza deməkdir. Bir imza almaq üçün ortalama 5 nəfərlə görüşürsən – deməli tək imza kampaniyasında 500 min vətəndaşla təmas qurulub.

200 nəfər aktiv namizəd, ortalama, 10000 min buklet, flayer paylayıb-paylayacaq (bizim komandamız dairədə 12 min buklet və 5000 flayer artıq paylayıb, 10 min də hələ paylayacaq) – deməli 2 mln. (ən azı) çap materialları vətəndaşlara çatıb-çatacaq.

200 nəfər aktiv namizədin hər biri azı 1500-2000 nəfərlə şəxsən görüşüb – deməli namizədlər şəxsən 300-400 min seçicinin əlini sıxıb, həmin namizədlər qrup halında da görüşlər keçirib, konandalar isə azı 5000 seçici ilə görüşüblər (qapılara qoyulan çap materiallarını saymıram) – bu da 1 mln. nəfər edir.

Hətta YAP və “müstəqil” (hökumətin əsas siyahısı) namizədlər belə seçicinin ayağına gedir – seçki havasını biz (seçkilərə gedənlər) yaratdıq deyə onlara xalq açıq şəkildə öz sözünü deyir, görüşlərdən qovur.

200 aktiv namizədin hər biri ortalama 30-40 könüllü-müşahidəçi cəlb ediblər, bu da 6000-8000 gənc aktivisit deməkdir, bu isə əladır”.

Natiq Cəfərli seçki prosesində baş verən qəribəliklərə də toxunub və seçkini boykot edənlərin prosesə zərbə vurduqlarına eyham edib: “İki qardaş düşünün, ikisi də ağıllı, savadlı insanlardır, həmkarlarımdır, biri rayonların birində namizəddir, çalışlr, yaxşı kampaniya aparır, insanlarla görüşür – digər qardaş xaricdə olduğu, son zamanlar populizmin bir addımlığında olduğu üçün təşkilatı ilə birgə seçkiləri boykot etmək qərarı verib – qəribə və təzadlı mənzəridir.

Boykot qərarı verən Milli Şura üzvləri seçkiləri trollamaqla məşğuldurlar, halbuki ilk hissədə yazdığım rəqəmlər onu göstərir ki, vətəndaşlar aktivlələşir və məlumatlanır – bu isə əslində MŞ-ya da sərf etməlidir, aktiv vətəndaş potensial etirazçıdır, amma qəribə şəkildə Şuraçılar buna mane olurlar.

Məlum siyahı haqqında: Əgər hörmətli Cəmil müəllim xəyali siyahısını elan edərkən desəydi ki, ay camaat, bu hökumət belə bir siyahı hazırlayıb, siz isə aktiv olun, seçkilərə gedin, bu yolla hakimiyyətin siyahısını yalan çıxardın – adama hörmətim artardı. Amma Şuraçılar bu xəyali siyahını yenə seçici-vətəndaş aktivliyini azaltmaq üçün təbliğata çevirmək istədilər – təzadlı və qəribə mənzərədir.

Bəzi dairələrdə YAP və “müstəqil” namizədlər arasında əməlli-başlı qırğın gedir, hakimiyyətyönlü olsalar da mübarizə amansız aparılır – bu da yeni fenomendir”.

Facebook Comments