Emil Rasimoğlu AYB rəhbərliyinə səsləndi: “Bunu təbiət də, dövr də, gedişiatda sizdən tələb edir”

“Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının bir sıra üzvləri AYB-nin tabeçiliyində olan bir neçə mətbu orqanın redaksiya heyətinə üzv qəbul ediliblər. Bir az da dəqiq desək “Ədəbiyyat qəzeti”nin, “Ulduz” jurnalının və “Dünya ədəbiyyatı” dərgisinin”.

Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu deyib. Prezident təqaüdçüsü bildirib ki, bu addım o zaman təqdirəlayiq bir addım olardı ki, Anar Rzayev qurultay çağırıb istefa verərdi: “Növbəti qurultayda yeni rəhbər heyəti formalaşardı və formalaşan rəhbər heyəti istər AYB-nin özündə, istərsə də mətbu orqanlarının strukturlarında mərhələli şəkildə köklü kadr islahatları aparardı və bu addım da həmin prosesin bir hissəsi olardı. Yoxsa indiki halda AYB-nin bu addımı “düşmən məni bazarda görsün” məsəlinin məntiqinə söykənir. Yəni ki, ölkədə gənclər siyasəti yürüdülür və biz də prosesə qoşulub gəncliyə yol veririk, yol açırıq.

Amma yox! Bir strukturda 81 yaşlı Anar Rzayev, 84 yaşlı Fikrət Qoca, 60 yaşlı Çingiz Abdullayev, gənclər təmsilçisi 55 yaşlı Rəşad Məcid, 76 yaşlı İntiqam Qasımzadə, 65 yaşlı Adil Cəmil, 76 yaşlı Vaqif Əlixanlı və digərləri qala- qala gəncliyə nəyinki yol açmaq, heç onun təsəvvürünü belə yaratmaqdan danışmaq olmaz!

Hörmətli, AYB rəhbərliyi!

Tabeçiliyinizdə olan mətbu orqanların müxtəlif şəkillərdə formalaşdırdığınız formal redaksiya heyətinin belə demək mümkünsə bir küncünə 3-5 gəncin adını yazmaqla kimin gözündən pərdə asırsınız?

Yoxsa dövlətinmi?! Hakimiyyətinmi?! Bəlkə gəncliyin?!
Şahmat oyununa nəzərən desək bu və ya bu tip “gediş”lər hamısı əbəsdi!

Unutmayın(!!!) Artıq Yazıçılar Birliyində gənclərin yolu Anarda, Fikrət Qocada, Rəşad Məciddə və AYB strukturunda təmsil olunan digər əksər şəxslərdə dayanıb. Sadəcə o yoldan çəkilməyi bacarın. Təbii ki, istefanızla! Özünüzü aldatmayın, artıq zamanın hökmü sizədir. Bəli, getmək vaxtını deyirəm! Daha bunu təbiət də, dövr də, gedişiatda sizdən tələb edir”.

Facebook Comments