Akif Qurbanov: Azərbaycanda seçki “ənənəsi” növbəti dəfə təkrarlandı

Bəşir Süleymanlı: “Dekabrın 23-ü əvvəlki bələdiyyə seçkilərindən fərqlənmədi”

Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində təşkilatçılıq, seçici aktivliyi, “karusel” əməliyyatı yenidən təkrarlandı.

Bunu Meydan TV-ə Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov deyib. O hesab edir ki, dekabrın 23-də Azərbaycanda seçki “ənənəsi” növbəti dəfə təkrar edilib.

“Dəyişən yeni nəslin prosesə qatılmasında özünü büruzə verdi. Onların müqabilində seçkidə pozitiv və fərqli notlar gördük. Həmçinin saxtakarlığa qarşı mübarizə apardıqlarının, “karusel”də iştirak edənlərin ifşa olunduğunun şahidi olduq. Azsaylı namizədlər olsa da, onlar öz gücləri və sosial medianın imkanlarından istifadə edərək nələrsə etdilər”.

“Hüquq və İnkişaf” İctimai Birliyi Hafiz Həsənov da eyni fikri bölüşüb.

Hafiz Həsənov deyib ki, eyni qanunsuzluqlar dünən də təkrarlandı.

“Əhalinin seçkilərə etimadının çox aşağı olduğunu göstərdi və tədricən seçki institutu sıradan çıxır”.

Onun fikrincə, təkrar olunan pozuntular eyni xarakterliydi, seçici siyahıları ilə bağlı problemlər də qalır.

“İcra hakimiyyətləri polis vasitəsilə seçkilərə müdaxilə edirdi. Hiss olunurdu ki, seçkilər yerli icra orqanlarının nəzarəti altında keçirilir. Həmçinin, müşahidəçilər real olaraq hüquqlarını əvvəlki illərdə olduğu kimi həyata keçirə bilmirdilər, onlara təzyiqlər vardı”.

Onun sözlərinə görə, nəticələrin müəyyənləşməsində ayrı-ayrı namizədlərin üstün götürülməsi açıq şəkildə göründü:

“Ən azı fəal olan bir sıra gənclərin “seçilməməsi”nin şahidi olduq”.

H.Həsənov Azərbaycanda dərin və ciddi seçki islahatlarına ehtiyac olduğunu düşünür:

“İslahatlar seçki mühitini əhatə etməlidir. Əlverişli hüququ baza yaranmalıdır. Son proseslər göstərdi ki, ən pis halda seçki administrasiyası, komissiyalar dəyişməyəcəyi halda seçkilərin ədalətliliyi və demokratikliyi barədə danışmaq əsassızdır”.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı 23 dekabr seçkilərinin əvvəlki bələdiyyə seçkilərindən ciddi fərqlənmədiyini hesab edir.

Bəşir Süleymanlı bildirib ki, dünən də əvvəllər olduğu kimi saxtakarlıq halları oldu, qutulara bülletenlərin doldurulması, seçicilərin məntəqələrə gətirilməsi, məntəqələrdə qeydiyyatda olmayanlara şəraitin yaradılması baş verdi.

“23 dekabrda bir fərqli qanun pozuntusu oldu ki, məktəblərdə müəllimlər vasitəsilə valideynlər prosesə cəlb edildi və bu kütləvi şəkil aldı. Əslində, insanların qanun pozuntularına kütləvi cəlb olunması cinayət hadisəsidir. Anlamaq olmur ki, vətəndaşlar niyə belə qanun pozuntusuna gedir. Bundan əlavə seçici siyahılarında ciddi problemlər vardı”.

O, seçkilərin nəticələri ilə bağlı da kifayət qədər problemlər yaşandığını dedi:

“Müşahidəçilərin və sosial şəbəkələrdə yayılan məlumatlarda seçicilərin sayı kifayət qədər şişirdilib. Bəzi müstəqil namizədlərdə protokol olsa da, MSK onların qalib gəldiyini tanımayıb. Konkret olaraq, Mehman Hüseynovu göstərmək olar. O, yəqin ki, şikayət edəcək”.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri ictimai fəallığın zəif olmasını bələdiyyələrin statusu ilə əlaqələndirib:

“Həm də bələdiyyələrin fəaliyyətsizliyi insanlarda bu quruma olan inamı azaldır. Xüsusilə insanlarda seçki institutuna inamsızlıq var. Adamlar yekun nəticələrin onların səsləri ilə formalaşmadığına görə prosesə inamsız yanaşırlar. Yalnız bir neçə gəncin prosesdə iştirakı bir qədər canlanma yaratdı, bunu uğurlu hal saymaq olar. Çünki gənclərin prosesə qatılması qanunsuzluğu qeydə etməyə və ya qarşısını almağa yardım edir”.

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

MSK ölkə üzrə 5049 seçki məntəqəsində seçkilərin keçirildiyi haqda məlumat yayıb. MSK bildirib ki, seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib. MSK seçici fəallığının 32.72 faiz olduğunu qeyd edib:

Səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfəri səs verib.

Sozcu.az

Facebook Comments