Saatlıda qatar “VAZ”la toqquşdu – Ölən və yaralanan var

“Azərbaycan Dəmir Yolları” QSC mətbuat katibliyi şöbəsi Saatlı-Becar mənzilində baş verən yol-nəqliyyat hadisəsilə bağlı rəsmi açıqlama yayıb.

Qurumun mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, bu gün saat 09:40 radələrində Saatlı-Becar mənzilində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib:

“Şirvandan İmişliyə gedən elektrovoz Saatlı-Becar mənzilinin 99-cu kilometrində hərəkətdə olarkən, 54 BJ 612 nömrə nişanlı “Jiquli” markalı avtomobil qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib. Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan avtomobil elektrovozla toqquşub.

Nəticədə avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Ağır xəsarət alan sərnişin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb”.

Qeyd olunub ki, hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub:

“Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır. “Azərbaycan Dəmir Yolları” QSC bu hadisədən təssüfləndiyini bildirir, ölənlərin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.

Facebook Comments