Zatulin: Azərbaycan Qarabağı tanımalı, Laçın-Kəlbəcəri də verməlidir

Sozcu.az xəbər verir ki, AzadlıqRadiosunun Erməni xidməti yazır ki, noyabrın 18-də Rusiya birinci telekanalının populyar “Pozner” müsahibə proqramında aparıcı Vladimir Pozner və Rusiya Dövlət Dumasının MDB, Avrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Qarabağ münaqişəsini” də müzakirə ediblər.

Pozner həmsöhbətinə xatırladıb ki, bu yaxınlarda Dağlıq Qarabağa səfərinə görə Zatulini Azərbaycanda kəskin tənqid ediblər.

Bunun ardınca Pozner Zatulindən onun bu münaqişənin çözümü yollarına dair fikrini soruşub.

Rusiya millət vəkili deyib ki, onun Dağlıq Qarabağ münaqişəsinə münasibəti “çoxdan formalaşıb”. Zatulin bu münaqişənin çözülə biləcəyinə dərindən əmin olduğunu deyib:

“Bu həllin əsasında kompromis var. Dağlıq Qarabağ Respublikası heç kim tərəfindən tanınmayıb, amma o mövcuddur və yaşayır. Və sizə deyim ki, o heç vaxt və heç bir vəchlə, lap qoy formal olaraq Azərbaycanın tərkibinə qayıtmağa razılaşmayacaq”.

7 rayondan yalnız 5-i

Zatulinin sözlərinə görə, “hətta Sovet İttifaqı dağılanda da Azərbaycan Respublikasının Azərbaycan SSR-in keçmiş sərhədləri daxilində tanınmasında “ifrata varılmışdı”.

“Çünki həmin vaxt, 1991-ci ildə üç il idi ki, münaqişə gedirdi və Azərbaycan Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə tam şəkildə nəzarət etmirdi”.

Rusiya Dumasının vəzifəlisi deyib:

“Buna görə də kompromis nə ola bilər? Dağlıq Qarabağın öz müqəddaratını təyinetmə hüququnu və onun Azərbaycandan müstəqil olmaq istəyini tanımaq lazımdır”.

Zatulin məsələnin texniki tərəfini də izah edib. Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağın müstəqillyini tanımalı, əvəzində isə Azərbaycana Dağlıq Qarabağın ətrafındakı 7 rayondan, Kəlbəcər və Laçın rayonları istisna olunmaqla, 5-ni qaytarılmalıdır.

Bundan başqa Konstantin Zatulin həmin verilişdə Azərbaycanın 2016-cı ildə baş vermiş hücumunu pisləyib və Bakının “davakar bəyanatlarını” tənqid edib.

Facebook Comments