“Minimum pensiyanın artması pensiyaya çıxanların sayını azalda bilər”

“Minimum pensiya məbləği 200 manata çatdırılandan sonra pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı da artıb. Hazırda güzəştli qruplar istisna olunmaqla, pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 28 800 manat minimum pensiya kapitalı olmalıdır”.

İqtisadçı Vüqar Bayramov belə deyir. Əlavə edir ki, əgər, vətəndaş 25 il işləməyib, 28 800 manat kapital yığa bilməyibsə, o zaman pensiya hüququ əldə edə bilmir.

İqtisadçı, minimum pensiya kapitalı minimum pensiya məbləğinə uyğun müəyyənləşir:

“Yəni minimum pensiya kapitalı bərabərdir minimum pensiya məbləğinə (X 144 ( 12 il X 12 ay)). İndiki halda minimum pensiya məbləği 200 manat olduğundan 200 manat X 144=28800 manat minimum kapital tələb olunur. Gələcəkdə minimum pensiya artacağı halda, minimum pensiya kapitalı da artacaq”.

İqtisadçı deyir ki, əgər minimum pensiya 300 manat olarsa, o zaman minimum pensiya kapitalı 43200 manata qalxacaq. Bu da o deməkdir ki, minimum pensiya 300 manata çatan zaman 25 il iş stajı olmazsa, yalnız 43200 manat və daha çox pensiya kapitalı toplaya bilənlər pensiyaya çıxa biləcəklər:

“Minimum pensiya kapitalının artması müsbət haldır. Amma bu məbləğ artdıqca, gələcəkdə pensiyaya çıxmaq hüququ qazananların sayı azala bilər. Aydındır ki, nə 28800 manatı, nə də gələcəkdə 43200 manatı toplamaq heç də asan olmayacaq. Azərbaycanda pensiya islahatı gələcəkdə büdcədən vəsait ayırmadan sadəcə yığımlar hesabına pensiya verilməsini nəzərdə tutur. Uzun müddət gizli iqtisadiyyatın və eləcə də qeyri-rəsmi məşğulluq səviyyəsinin yüksək olduğunu nəzərə alsaq, büdcənin töhfəsini aradan qaldırmaq doğru deyil. Bu baxımdan bu mexanizminin dəyişdirilməsinə ehtiyac var”.

Vüqar Bayramov təklif edir ki, dövlət pensiya kapitalının 40 faizinin maliyyələşdirilməsini üzərinə götürsün. Yəni, vətəndaş 17280 manat pensiya kapitalına malikdirsə, o zaman dövlət büdcəsindən onun hesabına 11600 manat ödənilsin və həmin şəxs pensiya hüququ əldə etsin. Əks halda, yaxın gələcəkdə pensiya çıxmaqda çətinliklərin olması qaçılmazdır.

“Əhalinin gəlirləri yenə də inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir. Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir”, – Prezident İlham Əliyevin sözləridir.

Oktyabrın 1-dən Azərbaycanda pensiyaların minimum məbləği artıb (https://www.meydan.tv/az/article/artan-minimum-pensiya-2013-cu-ildekinden-asagidir/?ref=homepage-news). 25 faizlik artımla minimum pensiya 160 manatdan 200 manata qalxıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, artım 660 min pensiyaçını əhatə edib. Buna görə 216 milyon manat, oktyabr-dekabr ayları üçünsə 62 milyon manat xərclənəcək.

Sozcu.az

Facebook Comments