“Lazarev klubu”ndan erməni həyasızlığı: “Zatulin süddən çıxmış ağ qaşıqdır…”

Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin 11 oktyabrda Xankəndinə gəlib ”Artsaxın dostları” toplantısında iştirakı, ordakı çıxışı və Azərbaycan XİN-in Rusiyaya bu barədə nota verməsi cəmiyyətə məlum olan məsələdir.

“Lazarev klubu” adlı erməni-rus yığıncağı Azərbaycan mediasının və XİN-in notasını süngü ilə qarşılayıb və bir-birinin ardınca müxtəlif ranqlı erməni siyasiləri dostları Zatulinin müdafiəsinə qalxıb.

Zatulin özü də hücum xarakterli müdafiəyə başlayıb. Zatulini müdafiə edən ermənilər Azərbaycan tərəfini Rusiya-Ermənistan münasibətlərini pozmaqda ittiham edib soruşurlar ki, yığıncaqda ABŞ-dan, Avropadan olan şəxslərin adı çəkilmir, amma Zatulinin adı hallanır və bizi Ermənistan –Rusiya münasibətlərini qəsdən “zəhərləməkdə” ittiham edirlər. Faktiki olaraq “Armenian report”, “Lraqir.am”, “Aravot” və başqa rusdilli erməni saytları hər gün Rusiyanı, Putini imperiya siyasəti yeritməkdə, erməniləri vassal saymaqda ittiham edib söyürlər. Rusiyanın dostu “Lazarev klubu” əcəba nədən özlərinin Rusiyaya ünvanlanmış təhqir və söyüşlərini dilə gətirmir, Zatulinin Azərbaycanda tənqid olunmasına guya dözə bilməyib serial məqalələr ithaf edirlər? Bir az da irəli gedib, guya Zatulinin fiziki məhvini sosial şəbəkədə paylaşan azərbaycanlını hədəf göstərirlər.
Zatulin isə Xankəndində etdiyi çıxışı dərc edərək özünə bəraət qazandırmağa çalışır ki, guya o tərəfləri sülhə çağırıb və onun çıxışında Azərbaycana qarşı heç bir irad bildirilməyib. Zatulinə və onun müdafiəçiləri olan “Lazarevçilərə” Zatulinin səhvlərini bir-bir izah etməkdə fayda var.

Birincisi, Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan gələn istənilən xarici vətəndaş Azərbaycanın qanunlarını pozan kimi tanınır və Zatulin də bu qanunu pozduğu üçün ittiham olunur.

İkincisi, çıxışına “hörmətli Artsax prezidenti” deyə başlayanda da separatçı bir rejimi və onun qondarma başçısını tanıdığını bildirmiş, bununla da ilk növbədə Azərbaycan qanunlarını pozmuş, sonra da Azərbaycanın ərazi bütövlüyünü tanıyan Rusiya Federasiyasının rəsmi mövqeyinin əleyhinə çıxmışdır. Nəzərə almaq lazımdır ki, Zatulin də RF parlamentinin üzvü və MDB işləri üzrə komitənin sədr müavini kimi rəsmi statusu var və Azərbaycan da MDB-nin üzvüdür.

Bundan sonra Zatulin tarixin təhrifinə başlayır. “Artsax respublikasının tanınması” məsələsinə keçir və bildirir ki, “bu işdən narahat olmayın, Adəm əkib, Həvva ip əyirəndə zadəgan kim idi” deyir və misal kimi də göstərir ki, guya elə Adəmin, Həvvanın zamanında Qanzasar, Vəng, Amaras monastırlarını tikən ermənilərin ağlına da gəlməyib ki, burda yaşadıqları üçün bunu sübut etməyə ehtiyacları olsun. Zatulin burda da yanlışlığa yol verir. Adları çəkilən ilk iki məbədin alban məbədləri olduğunu dünya elmi çoxdan təsdiq edib. Bir də, elə həmin günlərdə Şuşada İranın maliyyəsi və mütəxəssislərinin köməyi ilə təmir olunan Gövhər ağa məscidini fars-erməni mədəniyyətinin nümunəsi kimi təqdim edən ermənidən Zatulin kimisi ayrı nəyi öyrənib doğru danışa bilərdi ki?

Zatulin çıxışında Abxaziya və Cənubi Osetiyanı tanıdıqlarını deyəndən sonra ardınca “Rusiya dövlət olaraq Qarabağ konfliktinin ədalətsiz həllinə imkan verməyəcək. Rus xalqı ilk növbədə vicdan və ədaləti qiymətləndirir. Onlar isə sizin tərəfinizdədir” – deyəndə Dağlıq Qarabağı da tanıyacaqlarına açıq mesaj vermirmi? “Ədalətli həll” deyəndə Zatulin Qarabağın işğalına hüquqi status verilməsini nəzərdə tutmurmu?

Zatulinin çıxışında düz dedikləri də var: “Rusiyanın Azərbaycandan fərqli olaraq Ermənistana münasibəti daha dərindir”. Zatulin bunu deməsə də hamımıza aydın olan məsələdir. Dağlıq Qarabağ və ətraf rayonların işğalı və bu günədək azad olunmaması bu “dərinliyin” təzahürüdür.

Qarabağ konfliktinin həlli Zatulin və “ Lazarev klubu”nun yaxa cırmalarından keçmir. Qarabağın azad olması bizim yaxamızın vətən yolunda sipər olmasından keçir. O vaxt uzaqda deyil!

Sozcu.az

Facebook Comments