“Dövlətin bütün yükü öz üzərinə götürməsi doğru deyil” – Natiq Cəfərli

Prezidentin təşəbbüsü, təqdimatı, imzası ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş yeni qanun layihələri parlamentə təqdim olunacaq. Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
Bəs yeni qanun layihələri nə ilə bağlıdır və hansı dəyişikliklər gözlənilir?

Mövzu ilə bağlı “Yeni Sabah” açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, güman ki, təqdim olunan qanun layihələri təqaüd sahəsini əhatə edəcək. Onun sözlərinə görə, bu sahədə yenidən ciddi baxışa ehtiyac var:

“Azərbaycanda təqaüdlər çox aşağıdır və məbləğin aşağı olması ölkədə olan 1 milyon 300 min pensiyaçı üçün ciddi problemlər yaradır. Sonra sosial ödənişlərin məbləği və qruplarla bağlı yeni dəyişikliklərə ehtiyac yaranacaq. Ola bilər ki, sosial təminata ehtiyacı olan insanların təyin olunması və ya onların üzə çıxarılması üçün yeni qaydaların tətbiqi və ödənişlərin həcmi ilə də bağlı yeni yanaşma meydana çıxsın”.

Ekspert vurğulayıb ki, Azərbaycanda sosial sahədə ciddi dəyişikliklərə ehtiyac var:

“Bu, qaçılmazdır və olacaq da. Amma dövlətin bu sahədə tamamilə bütün yükü öz üzərinə götürməsi də doğru deyil. Dünya təcrübəsində biznesin sosial məsələlərdə iştirakı ciddi müzakirə obyektidir. Bununla bağlı müəyyən addımlar atılır. Bu da çox yaxşı effekt verir.

Sosial müdafiə sahəsində dövlətlə yanaşı biznes də öz məsuliyyətini hiss etməlidir. Dövlət də bunun üçün yaxşı təşviq proqramları həyata keçirə bilər. Yəni sosial sahədə dövlətin ata biləcəyi addımların bir qismini bisnes sahəsi öz üzərinə götürdükcə onlara ciddi vergi güzəştləri tətbiq oluna bilər. Beləliklə, həm biznesin sosial məsuliyyəti artsın, həm də dövlətin üzərindən birbaşa yük azalsın. Vergi ödəmələrinə güzəştlər tətbiq etməklə biznes də sosial məsələlərdə dövlətlə birgə çalışa bilər. Bunun üçün müəyyən şərait yaradılmalı, qanun və qaydalara yenidən baxılmasına ehtiyac var”.

Qeyd edək ki, sabah Milli Məclisin növbədənkənar plenar iclasına yeni qanun layihələrinin daxil olması gözlənilir.

Sozcu.az

Facebook Comments